Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Araşdırma / “Washington Post” Metsamor AES-i həyatla ölüm arasındakı şəhər kimi şərh etdi…

“Washington Post” Metsamor AES-i həyatla ölüm arasındakı şəhər kimi şərh etdi…

“#stopmetsamor beynəlxalq kampaniyası çərçivəsində biz Morelli ilə yazışmalar aparmışdıq”

Sənan Nəcəfov: “Morellinin məqaləsində bu dediklərimiz təsdiqini tapıb”

“Washington Post” region üçün ciddi təhlükə mənbəyi olan Ermənistandakı Metsamor AES-dən geniş yazı hazırlayıb. Məqalədə müəllif Stefano Morelli AES-in yerləşdiyi Metsamoru “həyatla ölümün arasında yaşayan şəhər” kimi təqdim edir.

O, yazır ki, seysmoloji cəhətdən təhlükəli ərazidə tikilən AES-də üstəlik nüvə reaktoru da müdafiə örtüyü olmadan fəaliyyət göstərir ki, məhz bu iki təhlükəli cəhət də region üçün böyük nüvə hədəsi deməkdir. Məqalədə xatırladılır ki, 1989-cu ildə Spitak zəlzələsindən sonra stansiya bağlansa da, sonradan bu “ölüm kabusu” yenidən işə salınmaqla regionu təhdid etməyə başlayıb. O qeyd edir ki, 2011-ci ildə “National Geographic” Metsamoru “dünyanın ən təhlükəli atom elektrik stansiyası adlandırıb.

Müəllif yazısında bildirir ki, daşıdığı bütün risqlərə baxmayaraq, AES hələ də işləyir, əhali isə Sovet dövründə stansiyanın işçiləri üçün tikilmiş köhnə evlərdə təhlükənin bir addımlığında yaşamağa davam edir. Amerikan nəşri qeyd edir ki, Morelli bu ilin yanvar ayında bölgəyə səfər edərək bu şəhərin acınacaqlı vəziyyətini fotoaparatın obyektivinə köçürüb. Müəllifi ən çox heyrətləndirən isə enerji çatışmazlığı üzündən şəhərin küçələrinin belə işıqlandırılmaması olub.

Tanınmış KİV-də dərc edilən məqaləyə azərbaycanlı ekspertlərin münasibəti necədir?

“Stop Metsamor” layihəsinin koordinatoru Sənan Nəcəfov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2 il öncə onlar  #stopmetsamor beynəlxalq kampaniyasına başlayıblar: “Metsamor AES-in region, hətta yaxın Türkiyə, İran, Yaxın Şərq və hətta Avropa məkanı üçün ciddi təhdid mənbəyi olması barədə məlumatları bütün istiqamətlərdə yaydıq. Ermənistanın özündə atom bombası üzərində narahatlıqla, həyəcanla yaşayan insanların çoxluğunu da məhz həmin kampaniya çərçivəsində müəyyən etdik. Sosial şəbəkələrdə, email yazışmalarında bu kampaniyaya dəstək verən erməni fəallar açıq etiraf edirdilər ki, yarıməsrlik ömrü olan “zapalı çəkilmiş qumbara” ilə yaşamaqdan beziblər. O “qumbaranın” hər an açılma ehtimalı insanları rahat yaşamağa qoymur. Bir sözlə, köhnəlmiş stansiya böyük təhdid mənbəyidir.

Tanınmış bloger-fotoqraf Stefano Morellinin Metsamor AES-lə bağlı həyəcan dolu yazısı növbəti xəbərdarlıq siqnalıdır. Yeri gəlmişkən #stopmetsamor beynəlxalq kampaniyası çərçivəsində biz Morelli ilə yazışmalar aparmışdıq və onun ekoloji problemlərə xüsusi diqqət ayırdığı haqda məlumatlı idik. Məşhur “Washington Post”da “Həyatla ölümün arasında yaşayan şəhər” başlığı ilə verilən məqalədə bildirlir ki, daşıdığı bütün risqlərə baxmayaraq, AES hələ də işləyir, əhali isə Sovet dövründə stansiyanın işçiləri üçün tikilmiş köhnə evlərdə təhlükənin bir addımlığında yaşamağa davam edir. Halbuki, əlimizdə olan dəqiq məlumatlara görə, 10 min sakini olan şəhərin 1000 nəfəri həmin təhlükə mənbəyində çalışır. Cəmi 1000 nəfər.

#stopmetsamor kampaniyası başladığı zamandan biz bu haqda çağırışlar edirdik:

– Seysmoloji cəhətdən təhlükəli ərazidə tikilən AES heç vəchlə müasir tələblərə cavab vermir.

– Nüvə reaktoru da müdafiə örtüyü olmadan fəaliyyət göstərir ki, məhz bu iki təhlükəli cəhət də region üçün böyük nüvə hədəsi deməkdir.

– 1989-cu ildə Spitak zəlzələsindən sonra stansiyanın təklükəlilik dərəcəsi 1-ə 1000 artmışdı. İlk 10 ildə bağlansa da, sonradan bu “ölüm kabusu” yenidən işə salınmaqla vəziyyət kritik həddə qədər ağırlaşıb.

– Təsadüfi deyil ki, beynəlxalq qurumlar, ekoloji təşkilatlar da bu məsələdə narahatdırlar. Hətta 2011-ci ildə “National Geographic” Metsamoru “dünyanın ən təhlükəli atom elektrik stansiyası adlandırıb.

– Stansiya haqda ən dolğun açıqlamanı “Nairit” zavodunun keçmiş direktoru Qaqik Nersisyan vermişdi. O, Çernobılı xatırladır və qeyd edirdi ki, bizim dərdimiz Çernobıldan da qorxuludur.

Morellinin məqaləsində bu dediklərimiz təsdiqini tapıb. 2017-ci ilin yanvarında Metsamorda olan müəllifin obyektivinə tuş gələn diqqətçəkici fakt enerji çatışmazlığı üzündən şəhərin küçələrinin belə işıqlandırılmaması olub. Ağacların qırılması, şəhər sakinlərinin acınacaqlı durumu, qışı yola vermək üçün əl atdıqları bütün variantlar çıxılmazlığa işarədir.

Məsələyə digər tərəfdən yanaşsaq, ATƏT və BMT-nin və digər beynəlxalq qurumların AES-in fəaliyyətinin dayandılması ilə bağlı çağırışları və qərarları olmasına baxmayaraq, Ermənistan bunların heç birinə müsbət cavab verməyib. Üstəgəl, bölgə üçün təhlükəli olan stansiya  Rusiyanın diqtəsi ilə fəaliyyətini davam etdirib. Baxmayaraq ki, təkcə öz əhalisini deyil, eləcə də yaxın qonşularını, regionu və daha böyük arealı ciddi təhlükə altında saxlayır. İstənilən halda, təhlükə artmaqdadır. İndiyə qədər öz xalqının taleyi ilə bu qədər vecsiz davranan siyasətçilərə  tarixdə rast gəlinməyib. Ermənistan rəhbərliyi antirekorda imza atmaqda davam edir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …