Ana səhifə / Araşdırma / VERGİLƏR NAZİRİNDƏN YENİ HƏMLƏLƏR… – Köhnə “praktika” bərpa edilir?

VERGİLƏR NAZİRİNDƏN YENİ HƏMLƏLƏR… – Köhnə “praktika” bərpa edilir?

Vergi ombudsmanı sahibkarların ümidlərini doğruldacaqmı?

Azərbaycanda vergi ombudsmanı institutunun yaradılmasını sözsüz ki, ölkədə sahibkarların problemlərinin həllinə doğru atılmış müsbət addım kimi qiymətləndirmək olar. Bu qurumun xoş niyyətlə yaradıldığına və vergi orqanları ilə sahibkarlar arasında yaranan mübahisələrin ədalətli həllinin təmin olunmasına xidmət edəcəyinə inam çoxdur. Ancaq vergi ombudsmanının bu vəzifənin öhdəsindən nə dərəcədə gələ biləcəyi və bunun üçün lazımi şərtlərin təmin olunub-olunmadığı məsələsi sual olaraq qalır.

Məhkəmə müstəvisinə çıxmadan…

Xatırladaq ki, bu günlərdə vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı institutu yaradılıb və nazirin müşaviri Elçin Məmmədov Vergi Ombudsmanı təyin edilib. Rəsmi açıqlamada deyilir ki, ombudsman institutu vergi ödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə köməklik göstərəcək.

elchin-elcin-mammadov-memmedov-696x454


E.Məmmədov özü isə qeyd edib ki, Vergilər Nazirliyinin əsas məqsədi vergi ödəyicilərinin baxılmamış, ədalətli araşdırmaya cəlb edilməmiş hər hansı müraciətinin qalmamasıdır. Bir sözlə, ombudsmanın işi vergi ödəyicilərinin hüquqlarını qorumaq olacaq.

Əlbəttə ki, ilkin açıqlamalar kifayət qədər ümidvericidir. Doğrudan da sahibkarların, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin vergi problemləri olduqca çoxdur. Əslində, bu problemlər nazirliyin rəhbərliyində baş verən dəyişiklikdən və yoxlamalara fasilə verilməsindən sonra xeyli azalmışdı.

Lakin Vergi Məcəlləsinə edilən son dəyişikliklər, nəticədə vergi qanunvericiliyinin və hesabatların bəzən hörümçək torunu xatırlatması sahibkarların işini xeyli çətinləşdirməyə başlayıb. Əvvəllər də qeyd etdiyimiz kimi, yeni qanunvericilikdə anlaşılmazlıqların və dəyişikliklərin çox olması vergi ödəyicilərinə xidmət mərkəzlərinin daim gərgin iş rejimində çalışmasına səbəb olub. Sahibkarlar bu xidmət mərkəzlərində uzun-uzadı növbələrdə durmağa məcbur olur və bu mənzərə təkcə rüblük hesabatlar dövründə deyil, digər günlərdə də müşahidə olunmaqdadır.

Sadədən mürəkkəbə…

Dövlət Sosial Müdafiə hesabatlarının və ödənişlərinin də Vergilər Nazirliyinin nəzarətinə verilməsi, həmçinin hesabatların təqdim olunması, ödənişlərin edilməsi qaydalarının mürəkkəbləşdirilməsi sahibkarların işini xeyli çətinləşdirib. Eyni zamanda, sadələşdirilmiş vergi ödəyiciləri çevrəsinin daralması, eləcə də gəlir vergisi və ƏDV ödəyiciləri sayının artırılması yönündə tətbiq edilən yenilikləri heç cür sahibkarların vergi yükünün azaldılması, yaxud işinin asanlaşması istiqamətində atılmış addım hesab etmək olmur.

Xüsusilə də digər vergi ödəyicilərinə xidmət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin məcburən gəlir vergisi ödəyicilərinə çevrilməsi sahibkarların maraqları ilə böyük ziddiyyət təşkil edir.

vergiler

Doğrudur, Vergilər Nazirliyi Azərbaycanın hazırkı biznes mühitinə aid reallıqları əks etdirməyən müxtəlif misallarla gəlir vergisi ödəyicisi olmağın üstünlüyünü sübut etməyə çalışır. Ancaq reallıqda bu keçid əksər sahibkarlara qətiyyən sərf etmir.

Əgər doğrudan da bu dəyişiklik vergi ödəyicilərinin yükünün azaldılmasına xidmət edirsə, o zaman qoy nazirlik bu prosesi könüllü elan etsin. Yəni ki, sadələşdirilmiş vergi ödəyicisi yalnız öz istəyilə gəlir vergisi ödəyicisinə çevrilsin. Görək nazirlik, yaxud yeni təyin olunan ombudsman bu təklifi dəstəkləyərmi? Böyük ehtimalla yox!

“Vergi kuratorları” yenə fəallaşıblar…

Son günlər xüsusilə paytaxt ərazisində vergi orqanı əməkdaşlarına ticarət və ictimai iaşə obyektlərində olduqca tez-tez rast gəlinir. Sahibkarların “vergi kuratorları” kimi tanıdıqları bu əməkdaşlar əsasən obyektlərin icarə haqları, işçilərin sayı, mal qalığı və s. kimi məsələlərlə maraqlanırlar.

Təbii ki, burada qeyri-qanuni bir şey yoxdur. Lakin Azərbaycanda sahibkarların gözü o qədər qorxub ki, insanlar bu sorğu-sualın ardınca yoxlama qərarlarının açılmasından ehtiyat edirlər. Çünki vergi orqanının ərazi üzrə hazırkı kuratorlarının davranışları və sorğu-sualları Fazil Məmmədovun “qoçularının” praktikasına bənzəməyə başlayıb.

3evergi1521011270

Fərq yalnız ondadır ki, F.Məmmədovun dövründə sahibkardan təkcə ümumi məlumatlar alınmırdı, həm də obyektlərin fotoşəkli, bəzən isə videosu çəkilirdiBundan az müddət sonra isə yoxlama qərarı açılırdı və sahibkarın qara günləri başlayırdı. İndi də mikro və kiçik sahibkarlar eyni aqibəti yaşamaqdan qorxurlar. Çünki əslində, sahibkar öz vergi hesabatında bütün məlumatlarını sistemə daxil edir və tez-tez əyani olaraq sahibkarlıq subyektlərinin bu cür nəzarətdə saxlanılması təbii ki, narahatçılığa səbəb olur.

Onu da qeyd edək ki, Vergilər Nazirliyinin özünün də etiraf etdiyi kimi, yoxlamaların və sahibkarlara total nəzarətin azaldılmasından sonra vergi daxilolmalarında artım müşahidə olunub və nazirlik planı mütəmadi olaraq, artıqlaması ilə yerinə yetirir. Deməli, sahibkarın rahatlığına doğru atılan hər bir addım əslində dövlətin və büdcənin xeyrinədir.

Xatırladaq ki, hələ 2002-ci ildə Azərbaycanda ombudsman institutu yaradılıb və Elmira Süleymanova respublikanın İnsan hüquqları üzrə müvəkkili – ombudsman təyin edilib. Bəs artıq 17 ildir ki, bu vəzifəni daşıyan E.Süleymanovanın və onun rəhbərlik etdiyi qurumun fəaliyyətindən cəmiyyət razıdırmı? Təəssüf ki, bu suala müsbət cavab vermək çətindir və bu qurum Azərbaycanda ən çox tənqid olunanlardandır. Əlbəttə ki, Elçin Məmmədovun rəhbərlik edəcəyi qurumun da eyni aqibəti yaşamasını heç kim istəməz.

Xatırladaq ki, E.Məmmədov nazirliyin vergi ödəyicilərinə xidmət departamentinə rəhbərlik edib və nazirin müşaviri olub. Vergi ombudsmanının kənardan gətirilən deyil, nazirlik təmsilçisi, nazirin yaxın ətrafına aid şəxslərdən birinin təyin edilməsi isə təbii ki, bir qədər əndişə doğura bilər. Digər tərəfdən, bu vergi qanunvericiliyi və Azərbaycanın biznes reallığı ilə vergi ombudsmanı vəzifəsini uğurla yerinə yetirmək heç də asan olmayacaq. Lakin ümid edək ki, E.Məmmədov bu işin öhdəsindən gələcək və onun rəhbərlik edəcəyi qurum Elmira Süleymanovanın təşkilatının aqibətini yaşamayacaq…

İqtisadiyyat Şöbəsi

Həmçinin oxuyun

Telefonlar uşaqlarda göz xəstəlikləri yaradır

Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraksiya patologiyası (yaxından görmə, uzaqdan …