Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Varlı qadınları boğub qarət edən keçmiş polis əməkdaşları məhkəmədə…

Varlı qadınları boğub qarət edən keçmiş polis əməkdaşları məhkəmədə…

Qəsdən adam öldürməkdə, quldurluqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və qaçaqmalçılıqda ittiham olunan Naxçıvan şəhər sakinləri Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Rəhim Səttarov barələrində çıxarılmış birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəıti veriblər.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimin Həsən Əhmədovun icraatına verilib. İlkin baxış iclası martın 29-a təyin edilib. İttihama görə, Şakir Orucov polis işçisi olan dostu Röyal Əhmədovla cinayət əlaqəsinə girərək mütəşəkkil dəstə yaradıblar. Onlar Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Nəsibə Axundovanın maddi imkanının yaxşı olduğunu öyrənib, onu öldürüb evini qarət etmək qərarına gəliblər. Bu məqsədlə 2012-ci il, oktyabrın 20-də N.Axundovaya məxsus mənzilə basqın ediblər, ev sahibəsinin boyun nahiyəsini sıxaraq qətlə yetiriblər.

Dəstə üzvləri mənzildə axtarış aparıblar, qadının çantasından 60 manat pul, qızıl-zinət əşyaları götürəndən sonra mətbəxdəki qazı açıq qoyaraq hadisə yerini tərk ediblər.

N.Axundovanın yaxınları onu mənzildə ölmüş vəziyyətdə aşkar ediblər. Bədənində heç bir xəsarət aşkar edilmədiyindən bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. Hadisədən uzun müddət sonra N.Axundovanın kəskin ürək çatışmazlığından ölməsi deyil, qətlə yetirildiyi məlum olub.

Şakir Orucov və Röyal Əhmədov növbəti cinayətə polis əməkdaşı işləyən Rəhim Səttarovu da cəlb ediblər. Bu dəfə onlar Naxçıvan şəhər sakini Tahirə Əhmədovanın mənzilini qarət etməyi qərara alıblar.

Qadının mənzildə tək, özünün isə imkanlı olduğunu bilən dəstə üzvləri 2014-cü il, mayın 5-də onun yaşadığı evə yollanıblar. Özlərini icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edərək mənzildəki istilik sistemini yoxlayacaqlarını bildiriblər.

T.Əhmədova qapını açarkən ona qəflətən hücum çəkiblər. Ev sahibəsinin boyun nahiyəsini sıxaraq onu qətlə yetiriblər.

İki nəfəri qətlə yetirən dəstə üzvləri artıq Naxçıvanda qalmayıblar. Onlar öz “fəaliyyətləri”ni davam etdirmək üçün paytaxta üz tutublar.

Dəstə üzvü Rəşad Tağıyevin qonşuluğunda yaşayan Kamilə İsgəndərovanın imkanlı olduğunu öyrəndikdən sonra qadını öldürüb pullarını və qızıllarını ələ keçirməyi planlaşdırıb. Bu niyyətlə onlar 4 avqust, 2014-cü ildə onun yaşadığı mənzilə gəliblər. Dəfələrlə mənzilin giriş qapısını döysələr də, ev sahibəsi evdə olmadığından öz cinayətkar niyyətlərinin reallaşdıra bilməyiblər.

Ertəsi gün R.Tağıyevin uzaq qohumu olan İlknur Qasımovanın mənzilini aparmağı planlaşdırıblar. Gecə saat 03 radələrində onun yaşadığı evin yaxınlığına gəliblər. Amma evdə işıqlar yandığından və mənzildə başqa şəxslər olduğundan geri qayıtmağa məcbur olublar.

2015-ci ilin fevralında isə Rəşad Tağıyev Raci İsgəndərovla qabaqcadan əlbir olub, İran İslam Respublikasından narkotik maddə gətirən zaman sərhəd-keçid məntəqəsində tutulublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Orucov ömürlük, R.Əhmədov 20 il, R.Tağıyev və R.Səttarov isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın