Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Vəzifəli şəxslərin adından istifadə edən qadının məhkəməsi – sevgilisi azadlığa buraxıldı

Vəzifəli şəxslərin adından istifadə edən qadının məhkəməsi – sevgilisi azadlığa buraxıldı

Sevgilisi ilə əlbir olub dələduzluq edən qadın aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib. Qadının cəzası qismən azaldılıb, sevgilisi isə məhkəmə zalından azadlığa buraxılıb.

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzlquda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən şəxslərin şikayəti araşdırılıb.

Şikayətə hakim Fərmayıl Zeynallının sədrliyi ilə baxılıb.

Qeyd edək ki, məhkumlar Saqiyeva Nigar Ağalar qızı və İbrahimov İslam İsmailoviç Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda olduqda) maddəsi ilə təqsirli bilinib Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

1967-ci il təvəllüdlü Nigar Saqiyeva və 1971-ci il təvəllüdlü, Rusiyas vətəndaşı İslam İbrahimov apellyasiya məhkəməsinə müraciət edərək barələrindəki hökmün ləğv edilərək onlara daha yüngül cəza təyin edilməsini xahiş ediblər.

Məhkum İ.İbrahimov apellyasiya şikayəti verərək həmin hökmlə ona ədalətli cəza təyin edilmədiyini bildirib. O, zərərçəkmiş şəxsin 70 min manatını ödəməsini nəzərə alaraq məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş edib.

N.Saqiyeva ona görə təqsirli bilinib ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı İ.İbrahimovla qabaqcadan əlbir olaraq dələduzluq edib.

Onlar Bakı şəhər sakini Fehruz Babayevin Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsində ofis və ticarət binasının tikintisi ilə bağlı eskiz layihəsinin Bakı Şəhər İcra Hakimiyyətində təsdiq etdirilməsinin lazım olduğunu öyrəniblər.

Bu fürsətdən istifadə edən N.Saqiyeva özünü ali hakimiyyət orqanlarının, vəzifəli şəxslərin yaxın qohumu kimi təqdim edərək eskiz layihəsini icra hakimiyyətində təsdiq etdirəcəyinə vəd verib. Bu işdə N.Saqiyevaya İ.İbrahimov da kömək edib.

Onlar bu məqsədlə əlbir olaraq Fehruz Babayevdən 43.850 manat pul alıblar. Vəd verdikləri işi görmədikdə isə aldıqları pulun cəmi 23 min manatını geri qaytarıblar.

Bundan başqa N.Saqiyeva Fehruz Babayevə qarşı başqa yalanlada dələduzluq edib. N.Saqiyeva F.Babayevdən “Azəri” MMC-yə rektifikasiya olunmuş etil spirtinin istehsalı, araq istehsalı və qablaşdırılması ilə bağlı Standartlaşdırma Metrologiya və Patent üzrə Dovlət Komitəsindən təsdiqedici sənəd alacağına söz verərək ondan 140 min manat alıb. Amma bu vədinə də əməl etməyib.
Bundan başqa N.Saqiyeva 2014-cu ilin avqust-sentyabr ayları ərzində Xaçmaz şəhər sakini Fatimə Fərzəliyevaya qarşı da dələduzluq edib.

Belə ki, qızıl alveri ilə məşğul olan F.Fərzəliyevadan ümumilikdə 16 min manat dəyərində qızıl-zinət əşyaları alıb və sataraq pulunu qaytaracağını vəd edən N.Saqıyeva növbəti qurbanını da aldadıb. N.Saqiyeva qızıl alverçisinə Xaçmaz rayon icra başçısı ilə yaxın olduğunu, münasibətlərinin yaxşı olduğunu deyərək onun etibarını qazanıb.

Dələduzluqla üzləşən şəxslərin çoxsaylı şikayətlərindən sonra N.Saqiyeva borclarını guya Nabrandakı 1 milyon dəyəri olan bağ evini sataraq qaytaracağını deyib.

Məhkum İ.İbrahimov apellyasiya şikayətində sevgilisi N.Saqiyevanın törətdiyi cinayət əməllərindən məlumatsız olduğunu deyib.
O, da sevgilisi tərəfindən dələduzluqla üzləşdiyini bildirib.

İ.İbrahimov deyib ki, əslində hazırki iş üzrə zərərcəkmiş şəxslərdən biridir və N.Saqiyevaya yanacaq almaq üçün 78 min avro verib.

Məhkəmədə çıxış edən N.Saqiyeva hökmlə ona cəza təyini zamanı yüngülləşdirici halların nəzərə alınmadığını və ona sərt cəza təyin edildiyini deyib. O, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, qadın olmasını nəzərə alaraq cəzasının azaldılmasını xahiş edib.

Dövlət ittihamçısı isə apellyasiya şikayətlərinin əsassız olduğunu deyərək təmin edilməməsini istəyib.

Şikayətə baxan məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi məhkum N.Saqiyevaya cəza təyin edərkən onun məsuliyyətini yüngülləşdirən halları hökmdə göstərsə də onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlukəlilik dərəcəsinə uyğun olmayan sərt cəza təyin edib.

Məhkəmə kollegiyası yekun qərarında məhkum İ.İbrahimovun zərərcəkmiş şəxsə 70 min manat ziyanı ödənilməsini, onun həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsi zamanı törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu bildirməsini, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini nəzərə alıb.

Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşarq hesab edib ki N.Saqiyevanın cəzası 8 il 11 aya endirilməlidir.

İ.İbrahimovun cəzası isə 9 ildən 7 il endirilib. Onun barəsində Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
İ.İbrahimov cəzası başa çatdığı üçün məhkəmə zalından azadlığa buraxılıb. (Musavat.com)

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın