Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / Üzeyir Hacıbəylinin 27 Aprel İşğalı ilə bağlı uzaqgörənliyi… – ARAŞDIRMA

Üzeyir Hacıbəylinin 27 Aprel İşğalı ilə bağlı uzaqgörənliyi… – ARAŞDIRMA

Azərbaycanın böyük mütəfəkkiri Üzeyir Hacıbəyli Azərbaycan Cümhuriyyətinin süqutu ərəfəsində yazdığı felyeton və məqalələrdə 27 Aprel işğalının millətimiz üçün ciddi fəlakətə çevriləcəyini  uzaqgörənliklə  qeyd edirdi.Onun yazılarında bolşeviklər tənqid edilir və onların Türkiyəyə kömək üçün getmək təkliflərinin əsassız olduğu işıqlandırılırdı.     

 Ü.Hacıbəyli hələ 1919-cu ilin 18 iyununda “Azərbaycan” qəzetindəki “Qara təhlükə” məqaləsində yazırdı:”İstiqlalımızın bir ilinin bayramını yenicə keçirmişdik ki, üfüqümüzdən qəflətən nümayan olan bir qara əl haman istiqlalımızı qırmaq və bizi murdar pəncəsi altında əzmək xəyalilə şimalımızdan uzanmağa başladı…

Azərbaycan türk və islamları rus qırmızı sollarının ayaqları altında inləyən vətəni ondan xilas  etmədilər ki, sonra onu rusun qara sağlarının əli altında əsirversinlər!.. Biz bu qədərtökülən qanlar, qurban edilən canlar, viran olunan xanimanlar bahasilə istirdad edilmiş olan hüququmuzu əlimizdən almaq istəyənlər, o əl sahiblərinin türklük və islamlığa məxsus qeyrət və namuslarından, əzm və səbatlarından bixəbər olmalıdırlar ki, bu cürə xam xəyallara düşürlər”.       

Ü.Hacıbəylinin “Azərbaycan” qəzetindəki son yazısı “Zurna” adlanırdı. Yazı 1920-ci ilin aprelin 25-də qəzetin 82-ci sayında “Çı” imzası ilə çap olundu.       Ü.Hacıbəyli böyük uzaqgörənliklə iki gündən sonra Azərbaycanı işğal edəcək bolşeviklər haqqında yazırdı: “Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfavüt yoxdur, xeyir! Təfavüt vardır və o özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə “usvoloç”(itoğlu-red) deyib, atamıza söyərdilər, mujik və raboçi(fəhlə-red) hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər”.      Bundan əvvəl isə Ü.Hacıbəyli yenə “Zurna” başlıqlı yazısında qeyd edirdi:”İstərsən lap cəhrəyə də,darağa da, hənaya da, həvəngə də, kirkitə də xammal adı qoy,amma xalı və gəbəyə xammal deyə bilməzsən,  ondan ötrü ki,rus rusluğunda qalır,və rus qəlbindəki türklük düşmənçiliyi də əbədidir.Binaənileyhə rus generallarından və ya rus mujikindən aləmi-islama kömək olar deyənlərə xam siyasətçi demək olar. Amma xalı və gəbəyə xammal demək olmaz”.   

1920-ci ilin aprelin 27-də Rusiyayanın XI işğalçı ordusu Azərbaycan sərhədlərini keçib ölkə ərazisini işğal etdi.        Sovet işğalının ilk illərində Ü.Hacıbəylinin həyatı sakit keçmədi. Bəzi məlumatlarda onun da bolşeviklər tərəfindən güllələnmə ehtimalı qeyd olunmaqdadır. Üzeyir bəyin xilasına kömək edən əsas şəxsin onun həyat yoldaşı Məleykə xanımın qardaşı İ.Terequlov olduğu söylənilməkdədir (İ.Terequlov o dövrdə Fövqəladə Komissiyada çalışırdı).       1920-ci ildə Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra o, mənən qəbul etmədiyi, məcbur olub 28 il yaşadığı sovet dövründə ümumilikdə 90-na qədər (Azərbaycan və rus dillərində) məqalə çap etdirdi. Azərbaycanın işğalına qədər isə onun (1904-cü ildən 1920-ci ilə qədər) 16 il ərzində 600-ə yaxın məqaləsi çap olunmuşdur. 

 Ü.Hacıbəylinin Sovet dövründə 1 kitabı rus dilində çap edildi: “Azərbaycan xalq musiqisinin əsasları”.         Ü.Hacıbəyli sovet dövründə bütün fəaliyyətini Azərbaycan musiqisinin inkişafına həsr etdi. 1920-ci ilə qədər çoxlu sayda musiqi əsərləri bəstələyən Ü.Hacıbəyli yalnız 1937-ci ildə bir opera əsəri − “Koroğlu”nu yazdı. 

Ü.Hacıbəyliyə qarşı sovet rejiminin mənfi münasibəti 1920-ci illərin sonlarında daha sərt oldu. Ona bu münasibətin yaranmasında qardaşı C.Hacıbəylinin Avropada sovet dövləti əleyhinə çalışmalarının da böyük təsiri vardı.C.Hacıbəyli “Prometey” təşkilatının və digər beynəlxalq cəmiyyətlərin tədbirlərində sovet rejiminə qarşı sərt  mücadilə aparırdı.      Ü.Hacıbəyli isə ciddi cəhd göstərməsinə baxmayaraq qardaşının Azərbaycana qayıtmasına nail ola bilmədi.       Bu mənada onun C.Hacıbəyliyə yazdığı məktublarda təsirli məqamlar çoxdur. Ü.Hacıbəyli bu məktublarında ailə, məişət və dolanışıq problemləri ilə yanaşı, qardaşından nigaranlığını, onun ailəsindən, uşaqlarından ötrü darıxdığını ağrılı bir formada açıqlayırdı.Ü.Hacıbəyli peşəcə müəllimə olan Məleykə xanım Terequlova ilə ailə həyatı qurmuşdu. Lakin onların 40 illik birgə həyatında övladları olmadı.     Ü.Hacıbəyli 1948-ci ilin noyabrın 23-də dünyasını dəyişdi.     

Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu M.Ə.Rəsulzadə Ü.Hacıbəyli haqqında yazırdı: “Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənası ilə otoritəsini (nüfuzunu − red.) hər kəsə tanıtmış bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir neçə rəsmi, siyasi vəzifə və ünvanlarla onu “mənimsəmişdir”.   

Fəqət beyhudə, dəmir pərdənin arxasında özünə süni marşlar yazdırılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və Azəri türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri (qaynaqları − red.) arasında qalacaq ayrılmaz bir dəyərdir”.

Nəsiman Yaqublu

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …