Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Uşaq bağçalarına nəzarətin ciddiləşməsinin pərdəarxası

Uşaq bağçalarına nəzarətin ciddiləşməsinin pərdəarxası

Kamran Əsədov: “Bağçalar Təhsil Nazirliyinə qaytarılmalıdır”

Ötən həftə Bakı şəhərinin Məktəbəqədər təhsil müəssisələrində ərzaq təminatına nəzarətin artırılması və bununla bağlı görülən işlərə dair Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı yayılıb. Məlumatda bildirilir ki, sözügedən müəssisələrin ərzaq təminatı hər zaman gündəlik nəzarətdə saxlanılır və ərzaqla bağlı daxıl olan hər bir müraciət ciddi şəkildə araşdırılır.

Elə ötən həftə bağçalara verilən ərzağın keyfiyyəti ilə bağlı daxil olmuş məlumat da dərhal Bakı Şəhər İcra Hakimiyyətində təşkil olunmuş komissiya tərəfindən yerində araşdırılıb, keyfiyyəti şübhə doğuran ərzaqlarin geri qaytarılaraq yeniləri ilə əvəz olunması təmin edilib. İdarədən bildiriblər ki, bağçalara köhnə, keyfiyyətsiz ərzaq verilməsindən söhbət belə gedə bilməz, yalnız keyfiyyəti şübhə doğuran ərzaqlar dərhal dəyişdirilib.

Məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə bağçalara verilən ərzaqların keyfiyyətinin ciddi nəzarətdə saxlanilması, hər hansı problem yaranarsa dərhal məlumat verilməsi tapşırılıb. Ümumiyyətlə isə 2018-ci il ərzində şəhərin məktəbəqədər təhsil və uşaq evlərində ərzaq təminatı ilə bağlı hər hansı problemlər yaşanmadığı vurğulanır, məsələnin süni surətdə şişirdilməməsi tövsiyə olunur.

“Yeni Müsavat” isə xatırladır ki, bu, son aylarda Bakıdakı məktəbəqədər təhsil müəssisələri ilə bağlı xüsusi proseslər gedir. Hökumət uşaq bağçalarının ərzaq xərcini birdən birə 6 dəfəyə yaxın artırır. Bu rəqəm 2018-ci ildə 17 milyon manat olduğu halda növbəti ildə 99.3 milyon manata çatdırılacaq.

Sözügedən məsələni gündəmə gətirən iqtisadçı Rövşən Ağayev sosial şəbəkədəki statusunda yazmışdı ki, bu il bağçaların ərzağı ötən illə müqayisədə xeyli azaldılıbmış: “Necə olur ki, 2017-ci ildə bağçaların ərzağına 41.6 mln. manat xərclənir, 2018-ci ildə həmin xərclər 2.5 dəfə kəsilərək 17 mln. manata endirilir, sonra birdən-birə 6 dəfə artırılır? Əgər gerçəkdən də çocuqlar bağçalarda pis-yaxşı ərzaq alırlarsa, onların ərzağının pulu birdən-birə 2.5 dəfə azaldılanda necə qidalanıblar?»

İqtisadçının qənaətincə, uşaq bağçalarının ərzaq təchizatını təşkil edən icra orqanları hesabatlı olmayan, qapalıdır və buna görə də onların xərcləmə səlahiyyəti mümkün qədər məhdud olsa, yaxşıdır.

R.Ağayev daha sonra yazır: “Hesablama Palatası bağçaların ərzaq xərclərinin 6 dəfə artmasını NK-nın lDövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativlərinin» təsdiqlənməsi barədə 12 yanvar 2018-ci il 12 nömrəli qərarı ilə izah edir. Həmin sənəd ərzaq təminatı üçün yeni qaydalar müəyyən edir və bu qaydaya görə, hər uşaq il ərzində 210 gün qida almalıdır. Uşaqların qida normativləri isə NK-nın 19 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə təsdiqlənib. Həmin qərarda 1-6 yaş intervalında hər bir yaş qrupu üzrə uşaqların hansı qidadan nə qədər istehlak etməli olduğu müəyyən edilir».

Günel Səfərova: “Bu günə qədər uşaqlar bağçalarda ac saxlanılırdı?”

“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova da “Yeni Müsavat”a açıqlamasında məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatı ilə bağlı özünü göstərən problemlərə diqqət çəkib. O deyib ki, bu günə qədər 1994-cü ilin 9 martında Nazirlər Kabinetinin təhsil ocaqlarında qida rasionunun müəyyənləşdirilməsi ilə bağlı qərarı olub. Həmin qərara 2012-ci ildə dəyişiklik edilib: “Orada da müəyyən olundu ki, yaşa görə kalori qərarlaşdırılsın. Uşaqların qidalanması yaş kateqoriyasına görə fərqlənir. Uşaq evi, körpələr evi – bunlar tamam fərqli yaş qruplarına aid uşaqları özündə birləşdirir.  Hər bir uşağın yaş kateqoriyasına görə qida rasionu var. Əvvəllər fikirləşirdik ki, uşaq süd və süd məhsullarını çox içməlidir. İndi isə düşünürük ki, dəmir tərkibli qidalara üstünlük verilməlidir”.

Müsahibimiz büdcədən bu il üçün ayırmanın həddən artıq böyük olduğunu bildirdi. Onun sözlərinə görə, uşaq bağçalarının açılmasının həvəsləndirilməsi üçün iş adamlarının vergi ödənişlərinə güzəştlərin tətbiq olunması və yoxlanışlardan azad edilməsi kimi güzəştli addımlar tətbiq olunmuşdu: “Amma bu o demək deyil ki, bağçalar müvafiq yoxlamalardan keçməməlidir.  Özəl bağçalarda gündəlik menyu ilə qarşılaşırsız. Hər yaş kateqoriyası üzrə uşaqların menyusu divardan asılır və valideyn bu barədə məlumatlanır. Bu menyu müəyyənləşdirilməsi özəl bağçaların pediatrı tərəfindən aparılmalıdır. Pediatr qanunun ona verdiyi tələbdən kənara çıxmayaraq, müvafiq dəyişiklik edə bilər.

Günel Səfərova ile ilgili görsel sonucu

Qidanın saxlanılması ilə bağlı məqama da toxunum. Bəzi normativlərdə 3-7 gün ərzində daha təravətli qida ilə təmin olunması nəzərdə tutulub. O ərzaqların üzərində istehsal müddəti və son saxlama tarixi qeyd olunur. Bağçalarda xüsusi formada jurnal olur. Ərzaqlar daxil olanda bunun qeydiyyatı aparılır. Onun bitmə vaxtı nəzarətdə saxlanmalıdır. Son istifadə tarixi keçəndə ya məhv olmalı, ya da istifadəsi qadağan olunmalıdır”.

G.Səfərova dedi ki, bu gün bağçaların ərzaq təminatına ayrılan vəsaitin 6 dəfə artırılması ortaya ciddi suallar çıxarır:“Bu günə kimi uşaqlar bağçalarda ac saxlanılırdı? Ya da uşaq bağçalarının mövcud uşaqların sayına uyğun gəlmədiyini bilirik. Bu əsaslandırıla bilər ki, uşaq bağçalarının sayı artırılıb, biz bu sayı görmürük. Dövlət bağçalarının sayının artımında elə bir sıçrayış görmürük.  Nəzarət mexanizmini gücləndirsin və qida rasionunun uşaqların qida rasionunun yaş qrupuna görə veriləsini təmin edilsin. Uşaq üçün qida rasionu az və ya çox veriləndə xəstəliyə səbəb ola bilir. Əvvəl 120 qram çörək, 37 qram kaşa verirdilər. Buna baxmaq lazımdır ki, kaşanın çəkisini artırmaq nəyə çıxara bilər? Kor-koranə hansısa qidanın miqdarını artırmaq o demək deyil ki, problem köklü surətdə həll edilir. Uşaqlar zəhərlənir bağçalarda. Orada söhbət qidanın saxlanılması şəraitindən gedir. Nazirlər Kabinetinin qərarında bağçalarda çarpayıdan tutmuş, oyun üçün yerə qədər hər kvadrat metr ərazi nəzərə alınır. Amma təcrübədə görünür ki, bağçalarda 20 uşaq yerinə 40 uşaq var. Bu da onunla bağlıdır ki, kifayət qədər bağça yoxdur, özəl bağçalar isə çox bahadır”.

Kamran Əsədov ile ilgili görsel sonucu

Təhsil eksperti Kamran Əsədov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son dövrlərdə uşaq bağçalarında qidadan zəhərlənmə halları çoxalıb. Onun sözlərinə görə, buna əsas səbəb məktəbəqədər təhsil müəssisələrində təhsil alanlara verilən qidaların köhnə olmasıdır: “Bir neçə il ərzində bağçaların icra hakimiyyətlərinin nəzdində olmasından narazılıq çoxalmağa başladı. Son vaxtlarda da yüksək dövlət qulluqçularının bağçaların icra hakimiyyətlərindən alınmasını təklif etməsi bu strukturu narahat etməyə başladı və onlar, sadəcə, görüntü yaratmaq üçün fəaliyyətə başlayıblar. İlk növbədə qeyd edim ki, Azərbaycanda dövlət bağçalarında bir uşağın bir günlük qidalanmasına 5 manat 70 qəpik vəsait ayrılır. Normativə görə, bir körpəyə gün ərzində 120 qram çörək, 37 qram yarma və bu minvalla digər ərzaq komponentləri verilə bilər. Sözsüz ki, bu, uşaqların normal qidalanması üçün yetərli ola bilməz. Düşünürəm ki, meyvə, şirə, çörək, ət, tərəvəz, süd və s. məhsullar üzrə normalar artırılmalıdır. Bundan başqa, menyuda əti əvəz edən məhsullar, məsələn, lobya, mərci və s. də olmalıdır. Eyni zamanda menyu yeknəsəq olmamalı, elə ardıcıllıq qurulmalıdır ki, uşaqlar lazımi kalorini ala bilsinlər”.

K.Əsədov dedi ki, real vəziyyət isə uşaq bağçalarında qidalanmanın tamamilə aşağı səviyyədə olduğunu göstərir:“Hazırda ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var. Danılmaz faktdır ki, bağçalar körpələrin təlim-tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünyanın aparıcı dövlətləri ilə müqayisədə çox aşağıdır. Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəssüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75%-lik uşaqda bağçalara cəlb olunsun. Dünya təcrübəsindən qeyd edim ki, Amerikanı götürsək, bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. 2011-ci ildə prezidentin sərəncamı ilə bağçalar Təhsil Nazirliyindən alınıb icra hakimiyyəti orqanlarına verildi. Bundan sonra bağçaların fəaliyyəti diqqətdən kənarda qaldı. Ancaq bizdə bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir. Elə-belə pərakəndə şəkildə olmamalıdır. İş adamları özəlləşdirmək istədikləri bağçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi də fəaliyyət göstərmir”.

K.Əsədovun dediyinə görə, normativlər – uşaq bağçasının quruluşu, işləmə metodu, idarəedilməsi baxımından hələ dünya standartlarına cavab vermir. Bizim məktəbəqədər təhsil müəssisələrinin quruluşu ilə bağlı normativlər sovet dönəmində hazırlanan normativlər əsasında hazırlanıb. Bu gün də o normativlər tətbiq olunur: “Bu günün reallıqları da o normativlərlə uyğunlaşmır. Məsələn, məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır. Doğrudur, özəl bağçaları da istər qidalanma, istər tədris dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burda çalışan işçi – tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlanılması mümkün deyil. Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsini yoxlaya bilir. Təəssüf ki, heç bir qurum bağçalarla bağlı yoxlama aparmır. Hesab edirəm ki, Bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır. Necə ki, Peşə Təhsili Agentliyi yaradıldı və bütün peşə təhsili vahid sistemə tabe edildi, bu, bağçalara da şamil edilməlidir. Bu, həm də tədris vahidliyinin qorunması üçün labüddür. Hazırda icra hakimiyyətlərinin bağçalara yemək paylaması və verməsi məsələsi qaranlıqdır. Burada ictimai nəzarət yoxdur. Statistika idarəsinin məlumatlarında da ən çox qidadan zəhərlənmə hallarının məhz dövlət bağçalarında baş verməsi qeyd olunur”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …