Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Uşağını satmaqda suçlanan ana əfv edilib həbsdən çıxdı

Uşağını satmaqda suçlanan ana əfv edilib həbsdən çıxdı

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlardan biri də 2011-ci ildən məhkumluq həyatı yaşayan Zöhrə Oruc qızı İsgəndərovadır.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsinin qapısında 26 yaşlı qadını anası Həqiqət İsgəndərova ilə yanaşı “Report”un əməkdaşları da qarşılayıb.

Cəzaçəkmə müəssisəsinin qarşısında qızını bağrına basan ana göz yaşlarına boğulub… Uzun müddət bir-birinə sarılan qadınların sevinc göz yaşları orada olan hər kəsi kövrəldib.

Z.İsgəndərova Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında adının yer almasına görə çox sevindiyini bildirib. Keçmiş məhkum hər kəsə azadlıq arzulayıb: “Dövlət başçısına minnətdaram. Həbsxanada olan yoldaşlarıma da azadlıq arzulayıram. Hazırda arxaya baxmağa qorxuram. Bu mənim üçün imtahan idi. Həbsdə iradəmin güclü olduğunu öyrəndim. Gələcəkdə addımımı necə atmaq lazım olduğunu başa düşdüm. Həbsdə olan müddət ən böyük arzum övladımı görmək idi, inşallah, gedib onu görəcəm”.

Övlad demişkən, gəldik əhvalatın ən maraqlı yerinə. Əslində, oxucunu da düşündürə bilərdi ki, niyə övladı anasını qarşılamaq üçün cəzaçəkmə müəssisəsinin qarşısına gəlməyib? Bəlkə, onu evdə saxlayıblar ki, anası gedib evlərində rahat görüşsün, qucaqlasın? Yox, bunların heç biri deyil. Məsələ burasındadır ki, Z.İsgəndərovanın 6 yaşlı oğlu Elcan 1 saylı Uşaq Evindədir. Elcan uşaq evinə heç də maddi imkansızlıqdan qoyulmayıb.

Gəlin, müəmmalı durumun aydınlaşması üçün Daxili işlər Nazirliyinin (DİN) 3 fevral 2011-ci ildə yaydığı rəsmi məlumata baxaq: “DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Şəmkir rayonunun Könüllü kənd sakini Zöhrə İsgəndərova 3 yaşlı oğlunu 10 000 manata satarkən tutulub”.

Beləliklə, Z.İsgəndərova 1 saylı Uşaq Evinə çatdı. Görüş təxminən yarım saat çəkdi. Sonuncu dəfə oğlunu bir ay əvvəl görmüş Z.İsgəndərova yenə də ondan ayrılmaq məcburiyyətində qalır.

“Həbsxanada görüş anı ilə hazırkı görüş anının fərqi çoxdur. Bunu dillə deməyə çətinlik çəkirəm. Oğlum məni görəndə birtəhər oldu. Görüş zamanı ona dedim ki, “bax sənə gələcəyimi demişdim”, – deyir Z.İsgəndərova.

Yeri gəlmişkən, dövlət övladını ondan alsa da, analıq hüququ qalıb. O isə məhkəmə ilə övladını uşaq evindən də alacağını deyir: “Bundan sonra yalnız oğlumu və həyatımı fikirləşəcəm”.

Xatırladaq ki, 2011-ci il fevral ayının 5-də Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Şəmkir rayonu Könüllü kənd sakini Zöhrə İsgəndərova tanışı Murad Quliyevlə birlikdə azyaşlı oğlu Elcanı 10 min manata satarkən yaxalanıblar. Həmin şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində ələ keçib. O, 144-1.2.3-cü (insan alveri, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) və 144-1.2.5-ci (insan alveri, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub. Həmin il dekabr ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Z.İsgəndərova 4 il, M.Quliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmədə hökm Z.İsgəndərovaya aid hissədə dəyişdirilib. O, 8 il azadlıqdan mərumetməyə artırılıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın