Ana səhifə / Araşdırma / UKRAYNANIN ƏKS-HÜCUMU NƏDƏN ASILIDIR?

UKRAYNANIN ƏKS-HÜCUMU NƏDƏN ASILIDIR?

Artıq iki aya yaxındır ki, beynəlxalq siyasi icmalçılar və hərbi ekspertlər Ukrayna ordusunun gözlənilən əks-hücumundan yazır, onun həlledici olacağı barəsində müxtəlif fikirlər səsləndirirlər. Ukraynanın Rusiya üzərində silah və hərbi texnika üstünlüyü əldə etməsi birbaşa Qərbdən asılıdır və görünür ki, Ukrayna hələ istədiyi resursla tam təchiz edilmədiyi üçün strateji hücum əməliyyatına başlamır. Digər tərəfdən, lazımi texnika ilə təchiz olunandan sonra da Ukrayna ordusunun dərhal hücuma keçəcəyini söyləmək olmaz, çox güman ki, onlar ən əlverişli məqama qədər müxtəlif manevrlər edəcəklər. Ukrayna ordusunun bu strateji hücum əməliyyatı istər Rusiyadakı və istərsə də Ukraynadakı ictimai-siyasi proseslərə və eləcə də müharibənin yekun nəticəsinə həlledici təsir göstərəcək.

Ukraynanın “Strana.ua” internet portalı “Ukrayna Silahlı Qüvvələrinin hücumu nədən asılıdır?” başlıqlı məqaləsində sözügedən məsələyə toxnur.

Həmin məqalənin tərcüməsini təqdim edirik: ”Həftələrdir gözlənilən Ukrayna əks-hücumu hələ başlamasa da, bir çox mənbələr buna çox az zaman qaldığını iddia edir. Bəzi ekspertlər Ukraynanın budəfəki hücumunun həlledici olacağını bildirirlər. Bu yaxınlarda Zelenski Ukrayna ordusunun həyata keçirəcəyi hücum əməliyyatının təxirə salınması haqqında müəyyən açıqlamalar verib. O, bildirib ki, lazım olan bütün texnikanın hamısı gəlməyib və geniş miqyaslı əks-hücum əməliyyatının həyata keçirilməsi üçün hər şey hələ tam hazır deyil.

Rusiyada əksəriyyət bunu hərbi hiyləgərlik və Rusiya ordusunun sayıqlığının kütləşdirilməsi kimi dəyərləndirir. Əslində isə Ukrayna hücuma hazırlaşır və lap yaxın zamanlarda bunu başlayacaq. Ukrayna Silahlı Qüvvələrinin Baxmut cinahında irəliləməsini gözlənilən hücumun əlaməti hesab etmək olar. Bunun əksi də söylənilir. Belə hesab edilir ki, Ukrayna hələlik düşmənin hərbi resurslarını dəfələrlə üstələyəcək qüvvə toplaya bilməyib və ona görə də heç bir hücum əməliyyatı olmayacaq.

Bəs görəsən hücum əməliyyatı ilə əlaqədar nələr baş verir?

1. Ukrayna hücuma hazırlaşır. PUA-larla, raketlərlə və digər silahlarla Rusiya ordusunun arxa cəbhəsinə zərbələr vurluması bunun ilkin əlamətidir. Bu hücum hərbi effektlə (silah anbarlarının, komanda məntəqəsinin, yanacaq saxlama çənlərinin məhv edilməsi) yanaşı, həm də düşməndə məğlubiyyət əhvalı və təlaş yaratmaq kimi psixoloji-informativ əməliyyatdır. Bu planda Kremlə zərbə vurulması xüsusi yer tutur.

2. Geniş yayılmış fikrə görə, Ukrayna ordusunun əsas zərbəsi cəbhənin cənub istiqamətindən olacaq (Vasliyevka-Uqledar xətti). Buradakı başlıca məqsəd Krım ilə quru dəhliz arasındakı əlaqənin kəsilməsidir. Keçənilki təcrübəyə əsaslanaraq düşmən ordusunun diqqətini əsas zərbə istiqamətindən yayındırmaq üçün onun ehtiyat qüvvələri digər tərəfə cəlb olunur. Baxmut uğrunda gedən döyüşlər məhz buna xidmət edə bilər. Hazırda Baxmut istiqaməti Melitopol istiqaməti kimi böyük əhəmiyyət kəsb etmir.

Lakin böyük ictimai diqqətə görə, bu şəhər uğrunda döyüşlər və xüsusən də Priqojinin burada rusiyalıların məhv edilməsi təhlükəsi barəsində tez-tez haray-həşır qoparması Baxmutun informasiya və rəmzi baxımdan önəmini artırır. Ona görə də həqiqətən də Priqojinin çağırışları Rusiya komandanlığını bu istiqamətə yeni ehtiyat qüvvə gətirməyə məcbur edə bilər.

Bunlardan başqa, Ukrayna Silahlı Qüvvələri Rusyanın ehtiyat qüvvələrini digər istiqamətlərə çəkmək üçün bir neçə yerdən zərbələr vurmalıdır. Məhz bunlardan sonra əsas zərbə cənubdan endirilə bilər. İlk başdan yardımçı hücum istiqaməti kimi nəzərdə tutulan istiqamətin əsas zərbə istiqamətinə dönüşməsi də mümkündür. Bütün bu proses xeyli vaxt ala bilər.

Xatırladaq ki, Xerson vilayətində hücumun başlaması ilə Xersonun azad edilməsi arasında iki ay yarım vaxt keçmişdi. Belə bir hadisə Ukrayna ordusunun Xarkov vilayətində həyata keçirdiyi uğurlu hücum əməliyyatı zamanı da yaşanmışdı.

3. Bu cür sxem yalnız müəyyən şərtlərlə reallaşa bilər. Əgər Ukrayna Silhalı Qüvvələri bir neçə istiqamətdən güclü zərbə vurmaq üçün kifayət imkana malikdirsə və Rusiyanın hər bir istiqamətdən gələ biləcək zərbələrin qarşısını almaq üçün lazımı ehtiyat gücü yoxdursa, onda bu ssenarinin həyata keçməsi mümkündür. Bundan başqa, ağır döyüşlər və bir çox mövqelərin itirilməsi ilə müşayiət edilən psixoloji-informativ tədbirlər Rusiya ordusunun tam ruhdan düşməsi ilə nəticələnəcək.

4. Priqojin ilə Rusiya ordu komandanlığı arasında yaşanan münaqişənin kəskinləşməsi cəbhədə baş verən hadisələrə böyük təsir göstərəcək. ”Vaqner”in kuratoru tərəfindən Müdafiə Nazirliyinin ünvanına söylənilən tənqidlər və təhqirlər fonunda Kiyevdə belə təəssürat yarana bilər ki, Priqojin Rusiya ordusunun maksimal şəkildə əzilməsinə şəxsən maraqlıdır, çünki Priqojin Rusiya komandanlığının tam səriştəsizliyi və bacarıqsızlığı barəsindəki söylədiklərinin təsdiq olunmasını istərdi.

Rusiya Müdafiə Nazirliyi ilə açıq münaqişə spiralı “Vaqner”in Baxmutdan çıxarılmasına qədər gedə bilər. Bu, Ukrayna üçün ideal variant olardı. Belə ki, bu cəbhə xəttində böyük deşik əmələ gətirər və Rusiya Müdafiə Nazirliyi həmin boşluğu təcili surətdə ehtiyat qüvvə ilə doldurmaq məcburiyyətində qalar.

Yox, əgər bu baş verməzsə, aydındır ki, Priqojin ilə onun “Vaqner” qrupunun Rusiya ordu komandanlığına qarşı olması, yumşaq desək, Ukrayna ordusunun hücum ərəfəsində Rusiya hərbçilərinin döyüş ruhunu qətiyyən yüksəltmir. Əks-hücum zamanı Ukrayna ordusunun uğur qazanmasının başlıca şərtlərindən biri Rusiya ordusunun mənəvi-psixoloji durumunun aşağı salınmasıdır.

5. Krımla quru dəhlizinin kəsilməsi və döyüşlərin tədricən yarımadaya keçirilməsi ilə nəticələnəcək Ukraynanın uğurlu hücum əməliyyatı Rusiya üçün daxili siyasi təlatümlər yaratmaqla, bu ölkənin hərbi-siyasi rəhbərliyinə olan inamı dərindən sarsıdacaq. Belə olan təqdirdə, Moskvanın müharibəni davam etdirmək imkanları hədsiz dərəcədə zəifləyəcək. Ukraynada vəziyyətin bu cür olacağı üzərinə hesab aparılır.

Hətta bu ehtimal özünü doğrultmasa və Putin ölkədəki proseslərə nəzarəti saxlaya bilsə, onda Rusiya ordusu dağılmayacaq, ancaq Ukrayna ordusunun uğurlu hücumu bu ölkə cəmiyyətinin döyüşmək istəyini möhkəmləndirəcək. Eyni zamanda bu, Qərbin hərbi yardımı davam etdirməsini də gücləndirəcək.

6. Əgər Ukraynanın hücumu uğurlu olmazsa (hələ üstəlik, əgər Rusiya yeni ərazilər zəbt edərsə) onda hər şey tam əksinə dönəcək. Qərbdə (hələ dünyanın qalan hissəsini demirik) bütün Ukrayna ərazilərinin azad edilməməsi şərti ilə müharibənin dayandırılması və Rusiya ilə sülh müqaviləsi bağlanması əhvalı kəskin güclənəcək. Belə bir perspektiv barəsində həm Zelenskinin özü birbaşa danışır, həm də Qərb KİV-ləri yazırlar. Hadisələr bu ssenari üzrə cərəyan edərsə, onda Ukrayna cəmiyyətində hakimiyyətin apardığı siyasətdən məyusluq duyulacaq və bu, tezliklə müharibənin sona çatdırılmasına və “Koreya ssenarisə” çağırış edəcək “sülh partiyası”nın mövqeyini gücləndirər.

7. Beləliklə, yaxın aylardakı hərbi kampaniya Ukrayna və Rusiya üçün böyük əhəmiyyət daşımaqla yanaşı, müharibənin müqəddəratının da elə bu il həll edilməsinə gətirib çıxara bilər.

AzPolitika.info

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …