Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Ucardan olan ər-arvad böyrəklərini niyə, neçəyə və necə satdılar?

Ucardan olan ər-arvad böyrəklərini niyə, neçəyə və necə satdılar?

Bakı Ağır Cinayətlər Məhkəməsində son dövrlərin ən qalmaqallı məhkəmə işlərindən biri – “qara transplantologiya” ilə məşğul olmaqda ittiham olunan, böyrək çatışmazlığından əziyyət çəkənlərlə böyrəyini satmaq istəyənlər arasında vasitəçilik edən 62 yaşlı Ağdam rayon sakini Vahib Xudadatovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu cinayət işində bir müddət əvvəl adı orqan transplantasiyasında hallandırılan və həbs olunan, Tbilisidəki “Lanseti” klinikasının rəhbəri Fərman Ceyranlının, eləcə də müxtəlif klinikalar tərəfindən Azərbaycana dəvət edilən iranlı həkim Mohsen Tahirinin də adları keçir.

Virtualaz.org-un xəbərinə görə, prosesdə zərərçəkmiş Rauf Şirəliyev ifadə verib.

Məlum olub ki, Ucar rayon sakinləri olan Şirəliyevlər ailəsində imkansızlıq ucbatından həm ər, həm də arvad böyrəyini satıb. R.Şirəliyev məhkəmədə ifadə versə də, Sevinc Şirəliyeva hamilə olduğuna görə rayondan Bakıya gələ bilməyib.

Zərərçəkmiş məhkəməyə verdiyi ifadəsində böyrəyini pulsuzluqdan könüllü şəkildə satdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını deyib. R.Şirəliyevin ifadəsinə görə, maddi vəziyyəti ağır olub, çoxlu borcu yaranıb, ev kirayəsini ödəyə bilməyib. İş axtarmaq məqsədilə internetdə elanlara baxanda görüb ki, böyrək donoru axtaranlar var. O, elanın altında yerləşdirilən telefon nömrəsinə zəng vurub. Cavab verən şəxs yaxın qohumu üçün böyrək axtardığını deyib: “Bu barədə danışmaq üçün məni Bakıya çağırdılar. Ucardan Bakıya gəldim. Sahiblə (V.Xudadatovu nəzərdə tutur-red.) görüşəndə böyrəyimi 15 min manata satmaq istədiyimi dedim. Razılaşmadı. Dedi ki, camaat bu qiymətə ciyər, ürək alır, heç kim böyrəyə 8 min manatdan artıq pul verməz. Ona görə də razılaşdım”.

R.Şirəliyev bu söhbətdən sonra kilinikaların birində analiz verib, daha sonra isə böyrəyini verəcəyi şəxslə birgə İrana yollanıb. Böyrək köçürülmə əməliyyatı isə Düşənbədə baş tutub.

Zərərçəkmiş Sevinc Şirəliyeva da istintaq zamanı analoji ifadə verib. Deyib ki, Ucarda ev tikmək istəyiblər, amma imkansızlıqdan tikintini başa çatdıra bilməyiblər. Ona görə də ərinin çoxlu borcu yaranıb, daimi işi olmadığından isə borclarını qaytara bilməyib. Buna görə də həyat yoldaşı böyrəyini satıb. Həyat yoldaşı böyrəyini satandan sonra V.Xudadatovdan eşidiblər ki, bir ərəb var, donor axtarır, 12 min dollar verməyə razıdır: “Razılaşdıq. Əvvəlcə İranda Mohsen Tahirinin işlədiyi klinikada müayinədən keçdim, sonra həmin iranlı həkim tərəfindən Düşənbədə əməliyyat olundum. Əməliyyatdan sonra böyrək köçürülən şəxsin qohumları Raufa 12 min dolları verdilər”.

Prosesdə dindirilən zərərçəkmiş Cavidan Hüseynov böyrəyini öz istəyilə satdığını, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib. O, böyrəyini satmaq üçün “Qara bazar” adlanan internet saytında elan yerləşdirdiyini bildirib. Böyrəyinə görə 10 min 500 manat pul aldığını açıqlayıb.

Böyrək köçürülmə əməliyyatı Tacikistanda baş tutub. Lakin əməliyyatdan sonra Bakıya qayıdan C.Hüseynovun vəziyyəti pisləşib, əməliyyat kəsiyində çirk yaranıb. Xəstəxanaya gedəndə məlum olub ki, Düşənbədə əməliyyat zamanı iranlı həkim tənzifi unudub içəridə saxlayıb. C.Hüseynov Bakıda özəl kilinikalardan birində yenidən əməliyyat olunub, tənzif çıxarılıb. Həmin əməliyyata görə ödənilən 1500 manatı da V.Xudadatov verib.

Məhkəmə prosesi davam edir.

İttihama görə, Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkən və orqan köçürülməsinə ehtiyacı olan xəstələrlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib. Buna görə hər iki tərəfdən pul alıb. Böyrəyini satanlar sosial şəbəkələrdə, xüsusən də “Facebook”da ortaq tanışlar vasitəsilə tapılıb, xəstələrlə, onların ailə üzvləri ilə görüşdürülüb. Böyrəyini satmaq istəyənlər əvvəlcə paytaxtdakı müxtəlif xəstəxanalarda qan analizi veriblər, sonra hər iki tərəf İranın Tehran şəhərinə – “Xomeyni xəstəxanası”nda çalışan cərrah-transplantoloq Mohsen Tahirinin yanına aparılıb, orada təkrar müayinə olunublar. Müayinədən sonra böyrək köçürülməsi əməliyyatı üçün Gürcüstandakı “Lanseti” klinikasına gediblər. Əməliyyatı Tbilisidə Mohsen Tahiri həyata keçirib. “Lanseti” klinikasının rəhbəri Fərman Ceyranlının həbsindən sonra klinikanın fəaliyyəti dayandırılıb. Bundan sonra əməliyyatlar Tacikistan Respublikasında Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Əməliyyatları Mohsen Tahiri həyata keçirib. İranlı həkim mütəmadi olaraq özü də Bakıya gəlib, paytaxtdakı klinikalardan birində xəstələri müayinə edib.

Böyrək köçürülən xəstənin yaxınları donorla məbləği razılaşdırdıqdan sonra əməliyyat aparılan “Lanseti” klinikasının baş həkimi Fərman Ceyranlıya 8 min, iranlı həkimə isə 10 min dollar pul ödəyiblər. Xəstələrlə donorlar arasında vasitəçilik edən Vahib Xudadatova isə bu xidmətinə görə 500 manatdan 2 min manata qədər pul verilib. Bununla yanaşı, donorlarla böyrəyi alanlar arasında notarial qaydada müqavilə imzalanıb. Həmin müqavilədə göstərilib ki, guya bu adamlar yaxın qohumdurlar, biri digərinə böyrəyini verir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …