Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Türklər öz əcdadları ilə maraqlanmağa başlayıb -ARAŞDIRMA

Türklər öz əcdadları ilə maraqlanmağa başlayıb -ARAŞDIRMA

Türkiyədə ilk dəfə olaraq vətəndaşlar nəsil şəcərələrinə çıxış əldə ediblər.

İnternet vasitəsilə göstərilən qeydiyyat xidməti ailənin nəsil şəcərəsinə onlayn rejimdə baxmağa imkan verir. Bu xidmət o dərəcədə populyarlıq qazanıb ki, sifarişlərin çoxluğu sistemin işini əngəlləyib.

Açıldığı elə birinci gündə 3 milyon sifariş aldıqdan bir qədər sonra elektron dövlət (e-State) vebsaytının işi pozulub.

Sayt işə düşəndən sonra isə məlum olub ki, 10 milyondan artıq insan 1840-cı illərə gedib çıxan nəsil şəcərəsinə baxmaq xahişi göndərib.

Genealogiya – əcdadların axtarılması və nəsil şəcərəsinin yaradılması Avropada xeyli vaxtdır ki, populyar məşğuliyyətdir.

ABŞ-da genealogiya, bağbanlıqdan sonra ikinci ən populyar asudə vaxt keçirilməsi növü sayılır.

Türkiyə barədə isə bunu demək olmaz.

Əvvəllər Türkiyədə ailə şəcərəsi və tarixi ilə maraqlananların, bu işə xeyli vaxt sərf etməyə hazır olanların sayı cüzi olub.

Əsrlər boyu əhalinin doğum və ölüm tarixi, nikah, iş və emiqrasiyaya dair etibarlı qeydiyyatın tutulmasını təmin edən ölkələrdə insanlar əcdadları barədə xeyli məlumat əldə edə bilir.

Əksər şərq ölkələrində olduğu kimi türklər də əcdadları haqqında məlumatları nəsildən nəslə yazılı yox, şifahi ötürüblər.

Osmanlı İmperiyasında əhalinin siyahıya alınması ilk dəfə 1834-cü ildə, Sultan Mahmud II dövründə keçirilib və siyahıyaalma yalnız kişilərə şamil olunub.

1905-ci ildə, Sultan Abdulhamid II dövründə keçirilən siyahıyaalma isə daha əhatəli və etibarlı olub.

Həmin siyahıyaalmanın nəticələri müasir Türkiyə dövləti üçün bu gün də məlumat bazası təmin etməkdədir.

1934-cü ilə qədər Türkiyə vətəndaşlarının hətta soyadı da olmayıb.

Yeni respublikanın təsis edilməsi çərçivəsində aparılan islahatlar zamanı bəzi insanlar soyad kimi ailələrinin ənənəvi olaraq tanındığı adı və ya məşğul olduqları peşənin adını seçirdilər. Çox vaxt qeydiyyat aparan rəsmilər insanlardan ağlagələn ilk adı seçməyi xahiş edirdilər.

1920-ci illərin əlifba islahatı savadlılığı gücləndirsə də, ərəb əlifbasından latın əlifbasına keçid camaat üçün dədə-babadan qalmış yazıların oxunmasını mümkünsüz etdi. İnsanlar əcdadlarının başdaşı yazılarını oxumaqda belə çətinlik çəkdi.

Milli təhlükəsizliyə zərər vurmamaq səbəbilə son illərədək dövlət arxivlərinin və qeydiyyat kitablarının əksər hissəsi geniş ictimaiyyət üçün qapalı olub.

Bu səbəbdən Türkiyədə son zamanlaradək nəsil şəcərəsinə marağın aşağı olması başa düşüləndiir.

Bəs görəsən, indi bu məsələyə marağın birdən-birə kəskin artmasının səbəbi nədir?

Bəsi şərhçilər millətçiliyin güclənməsinə görə bunu qaçılmaz sayır.

Digərləri hesab edir ki, nəsil şəcərəsinin müəyyən olunması bəzilərini fərəhləndirmək əvəzinə, məyus edə bilər.

Yaxın Şərq, Avropa və Asiyanı bir-birinə birləşdirən Türkiyə əhalisi zaman-zaman bir yerdən digərinə köçüb.

Müharibə dövrlərində eləcə də, insanlar bir dindən o birinə keçməyə məcbur edilib.

Aşırı millətçi olan biri köklərinin fərqli etnik qrupa gedib çıxdığını aşkar edərsə, nə olacaq?

Bir şey aydındır ki, nəsil şəcərəsinə maraq boş yerdən, bir gecənin içərisində yaranmayıb.

Əcdadlarının Avropa ölkələri ilə bağlı olduğunu aşkar edənlərin əksər hissəsi, xəbərlərə görə, ikinci vətəndaşlıq almağa səy göstərməyə başlayıb.

Bu zaman Avropa İttifaqının üzvül olan Yunanıstan, Bolqarıstan və Rumıniya vətəndaşlığının əldə edilməsinə xüsusi maraq göstərilir.

Təzəcə müəyyən edilmiş əcdadlardan və onların ailələrindən qalmış sərvətə yiyə çıxmaq imkanı da saysız-hesabsız şəcərə sorğularının verilməsinin səbəblərindən biridir.

Nəsil şəcərəsinə görünməmiş indiki maraq kəskin sürətdə artmış sorğulara görə daha bir dövlət saytının işini əngəlləyib. Xeyli sayda insan Müdafiə Nazirliyinin vebsaytına girərək əcdadlarının adının müharibələrdə həlak olan şəhidlər siyahısında olub-olmadığını yoxlamağa çalışıb.

Sosial media şəcərə axtarışı nəticələrini dərc edənlərin postları ilə doludur, həmin postlarda bəzən, açıqlanması nəzərdə tutulmayan məlumat da gözə dəyir – misal üçün, ev ünvanı və ya anaların qız adı.

Nəticədə, ehtimal etmək olar ki, qarşıdan maliyyə fırıldaqçılığının və internetdə təhqirlərin sayının artması təhlükəsi gəlir.(BBC)

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …