Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Türkiyədə Azərbaycan sevdası və ya özümüzü necə tanıtmışıq? – Araşdırma

Türkiyədə Azərbaycan sevdası və ya özümüzü necə tanıtmışıq? – Araşdırma

Biz öz mədəniyyətimizi, ədəbiyyatımızı, imkanlarımızı nəinki dünyaya, heç Türkiyəyə tanıda bilmirik

Bu yaxınlarda Türkiyədə qatıldığımız bir seminarda, heyətimiz bakalavr, magistr, doktorant və müəllimlərdən ibarət idi. Özümüzü təqdim edərək müzakirə edilən mövzuya münasibət bildirirdik. Müzakirələr bitdikdən sonra türkiyəli bir tələbə yaxınlaşaraq azərbaycanlı olduğum üçün mənimlə tanış olmaq, söhbət etmək istədiyini bildirdi.

Ayaqüstü söhbətləşdik. Tələbə Azərbaycan haqqında gözəl fikirlər söyləyərək, qardaş ölkənin danışıq dilini öyrənmək istədiyini dedi və məndən yardım istədi. Təbii ki, çox şad oldum, sonra ondan dilimizi öyrənməyə nədən belə bir ehtiyac duyduğunu soruşdum.

Nə dedi, bilirsiz?

– Hocam, evimizdə və universitetdə böyüklərimiz hər zaman Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrindən, siyasət və mədəniyyət sahəsininin çox yaxın olduğundan bəhs edirlər. Başlıcası, bir müəllimim demişdi ki, Azərbaycanda insanlar Türkiyə türkcəsini çox yaxşı başa düşür, rahat danışırlar. Mən universitetimizdə oxuyan azərbaycanlı gənclərin Türkiyə türkcəsində peşəkarcasına danışmasına da şahid olub, onlarla qürur duyuram. Bu səbəbdən özümü siz gənclərə borclu hesab edirəm. Biz – mən və qrup yoldaşlarım da çox istəyirik ki, sizinlə öz danışıq dilinizdə danışa biləcək qədər Azərbaycan dilini öyrənək, kitablarınızı orijinaldan oxuya bilək. Amma bunun üçün Ankarada müraciət edə biləcəyimiz bir kurs və s. yoxdur. Lütfən, bu mövzuda bizə kömək edin.

Necə duyğulandım, Allah şahiddir!… Tələbəylə razılaşdıq, universitetdə bəlli saatlarda görüşüb tələbələrimizə danışıq dilini öyrətməyə çalışacağıq. Ümid edirəm, zamanla bu, ənənəyə çevriləcək, dilimizi daha çox öyrənmək istəyən gənclər olacaq, dəstək olarsa, irəliləyən zamanlarda Azərbaycan dilini tədris etmək üçün kurslar da açarıq və s.

Demək istəyirəm ki, Türkiyə gəncləri Azərbaycanı çox sevirlər, tarixi, mədəniyyətiylə maraqlanırlar. Buna hər dəfə onlarla söhbətimiz zamanı şahid oluram.

Amma, ancaq və lakin…  Azərbaycan bu mənada öz təbliğatıyla yetəri qədər məşğul olmur. İstər dil, kültür, ədəbiyyat sahəsində, istərsə də coğrafi baxımdan nələrə sahib olduğunu nəinki dünya, heç burdan bura Türkiyəyə tanıda bilmir. Bunu əminliklə deyirəm!

Türkiyə gəncləri Azərbaycan ədəbiyyatını bilmir, bizim Xalq yazıçılarını belə, tanımırlar, yaradıcılıqları ilə tanış deyillər. Aktyorlarımız, aktrisalarımız, ümumiyyətlə, sənət adamlarımızdan xəbərləri yoxdur. Klassik, xalq mahnılarımızdan, bütövlükdə ciddi musiqilərimizdən xəbərdar deyillər. Yalnız “Youtube”da trend olan bir-iki naşı, musiqi adına sırınan o dingiltiləri bilirlər. Tarixi və müasir filmlərimizi izləməyiblər.

Bakını bir neçə yeni tikilisi ilə tanıyırlar. Çünki “Google”da “Bakı” yazanda qarşılarına məhz o binalar çıxır. Bölgələr haqda məlumatları yoxdur. Mətbəximizi, tarixi yerlərimizi bilmirlər. Amma inanın, bilmək istəyirlər. Çox böyük istəklə Azərbaycanı görmək, tanımaq istəyirlər.

Necə öyrənsinlər? Azərbaycana necə gəlsinlər? Tələbədirlər, maddi baxımdan büdcə uyğun olmur.  Bunun üçün ölkənin tanıtımına yönəlik layihələr həyata keçirməli, layihələrə tələbələr cəlb olunmalıdır. Necə ki, bunu Türkiyə edir.

Türkiyə özünü, tarixini, mədəniyyətini, təhsilini dünyaya tanıtmaq üçün hansı işləri görür, bu haqda cild-cild kitablar yazmaq olar. Türkiyənin yalnız təhsil sahəsində xarici vətəndaşlara yönəlik ayırdığı sərmayə haqda rəqəmləri görəndə şəxsən mən dəhşətə gəlmişdim.

Elə bunun nəticəsidir ki, bu gün bütün dünyadan olan vətəndaşlar Türkiyəyə təhsil almağa gəlirlər, ölkəni tanıyırlar. Digər tərəfdən də, şəhərləri turisttik məkanlara çevrilir. Əcnəbilər Türkiyədə rahat şəkildə yaşayır, dili, tarixi, mədəniyyəti təhsil sistemini öyrənirlər. Öz vətənlərinə dönəndə isə Türkiyə haqda, azı Türkiyə vətəndaşı qədər bilgili olurlar.

Son dövrlər Türkiyədə şahid olduqlarım onu deməyə əsas verir ki, dözümlülük, multikulturalizim, torelarntlıq və s. bunlar praktiki olaraq tətbiq olunduğunda daha möhtəşəm görünür. Əsl multikultural ölkə necə olmalıdır, dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə tətbiq olunduğunu görmək istəyən varsa, buyurub gəlsin, Türkiyəyə! Əcnəbi xalqların nümayəndələrinin, müxtəlif etnik qruplara, irqə, dinə aid olan insanların bu ölkədə yaşayışına, onlara dövlət və yerli əhali tərəfindən münasibətlərə baxsınlar. Türkiyə dövlətinin əcnəbi vətəndaşların bu ölkədə keyfiyyətli təhsil ala bilmələri üçün ayırdığı vəsaitlərlə tanış olsunlar və s.

İndi siz deyin, bir dövlətin idarə olunmasında bundan uğurlu siyasət necə olar?!

P.S. Foto dünyanın dörd bir yanından Türkiyəyə təhsil almağa gələn xarici vətəndaşların bir araya gələrək asudə vaxtlarını səmərəli keçirmək, eyni zamanda müxtəlif dillərdə danışıq klubları, fərqli ölkələrə məxsus mədəniyyət günlərinin, tələbələrin istəklərindən asılı olaraq müxtəlif tədbirlərin təşkil olunduğu, Türkiyə hökumətinin müvafiq qurumu (YTB) tərəfindən yaradılan məkandan bir kadrdır. Ayna.az

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …