Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Türkiyə istintaqı Qaşıqçının cəsədini Yalovada axtarır

Türkiyə istintaqı Qaşıqçının cəsədini Yalovada axtarır

Xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistin qətlinin 7 dəqiqə davam etdiyini və qəsdli olduğunu bildirib, Səudiyyə Krallığı isə vəliəhdi siyasi reabilitasiya etməyə çalışır

Səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının ölüm işi ilə bağlı müəmmalar hələ də açılmamış qalır. Ötən gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qaşıqçının ölümü barədə danışıb. XİN rəhbəri deyib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti cinayətin açılması üçün Türkiyə hökumətinə lazımi dəstəyi vermir.

Qeyd edək ki, gələn ay Argentinada G20 sammiti keçiriləcək və Səudiyyə Ərəbistanı vəliəhdi, Qaşıqçı cinayətində ittiham olunan Məhəmməd bin Salmanın da sammitdə iştirak edəcəyi gözlənilir. Mətbuatda gedən iddialara görə, Ər-Riyada vəliəhdin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü təşkil etmək üçün Ankaraya müraciət edib. Çavuşoğlu bildirib ki, Türkiyə prezidentinin bin Salmanla görüşməməsi üçün səbəb yoxdur, lakin Ərdoğan görüş təklifinə “baxarıq” deyib.

Ä°lgili resim

Türkiyə xarici işlər naziri Qaşıqçının ölüm işi ilə bağlı deyib ki, o özü jurnalistin Ərəbistanın İstanbuldakı konsulluğunda öldürülməsi zamanı qeydə alınmış səs yazısını dinləyib. Ancaq o, səs yazısının mənbəyini qeyd etməyib. Sitat: “Xüsusi xidmətlər mənbələrini açıqlamırlar. Ancaq mən bu səs yazısını dinlədim. Qaşıqçı 7 dəqiqə ərzində öldürülür. Bu, bilərəkdən törədilmiş cinayətdir. Geri qayıtmağa razı sala bilmədikləri üçün öldürməyə qərar verməyiblər. Hadisə zamanı məhkəmə tibb ekspertinin (Səudiyyə Ərəbistanından gələn heyətdə yer alan məhkəmə tibb eksperti Saleh ət-Tubaici – K.R.) necə təlimat verdiyi eşidilir. Cəsədi parçalara ayırarkən musiqi dinləməliymiş. Bunu ləzzətlə etdiyi anlaşılır. O, insanları parçalamağı sevir. Bu iyrəncdir”.

kaşıkçı yalova'da ile ilgili görsel sonucu

Yeri gəlmişkən, ötən gün Türkiyə istintaq orqanları Yalova vilayətinin Termal rayonu Samanlı kəndində ehtimalən Səudiyyə Ərəbistanından olan şəxslərə məxsus iki villada axtarış aparıb. Axtarışın məqsədi Qaşıqçının cəsədi olub. Türkiyə mediasının yazdığına görə, istintaq orqanları Yalovadakı Səudiyyə Ərəbistanı vətəndaşı ilə Qaşıqçının cəsədi haqqında söhbət edib.

Polis və jandarma iki mərtəbəli villalarda axtarış aparıb. Axtarışa itlər və dronlar da cəlb olunub. Axtarış qrupu villaların həyətindəki quyuda da axtarış aparıb. İstanbul Prokurorluğunun yaydığı açıqlamada bildirilir ki, istintaqa Qaşıqçı cinayətində şübhəlilərdən birinin hadisədən bir gün əvvəl Yalovada yaşayan Səudiyyə Ərəbistanı vətəndaşı ilə əlaqə yaratdığı məlum olub. Ehtimal olunur ki, Yalovadakı şəxslə aparılan danışıqlar Qaşıqçının cəsədinin itirilməsi məqsədi daşıyıb. Ancaq hələlik jurnalistin cəsədi tapılmayıb.

Qeyd edək ki, noyabrın əvvəlində “Əl-Cəzirə” telekanalı Türkiyə hökumət rəsmilərinə istinadən bildirib ki, Qaşıqçının cəsədini parçalandıqdan sonra asit turşusunda əridiblər. İstintaqın ehtimalına görə, Qaşıqçının cəsədi doğrandıqdan sonra konsulluğun həyətində yerləşən quyuya atılıb. Məsələ ondadır ki, konsulluq binasında axtarış aparılsa da, konsulluq həyətdəki quyuda axtarışa icazə verməyib. Yalnız quyudan su nümunəsi götürülüb və nümunələrdə asit turşusu qalıqlarına rast gəlinib. Bu səbəbdən də istintaq Qaşıqçının cəsədinin quyuda əridildiyini düşünür.

kaşıkçı yalova'da ile ilgili görsel sonucu

Bu arada məlum olub ki, “Human Rights Watch” təşkilatı Argentina hökumətinə müraciət edərək Yəmən müharibəsi və Qaşıqçı cinayətində Məhəmməd bin Salmanın rolunun araşdırılmasını istəyib. Məlum olduğu kimi, vəliəhd-şahzadə Buenos-Ayresdə keçiriləcək G20 sammitində iştirak etmək üçün Argentinaya getməyə hazırlaşır. O da məlum olub ki, Argentina hökumət qurumları vəliəhdin sözügedən hadisələrdə iştirakı ilə bağlı iddiaları araşdırmağa başlayıb. Təşkilatdan bildirilib ki, araşdırmalar müsbət nəticə versə, bin Salman istintaqa cəlb oluna bilər. Ancaq Argentinaya beynəlxalq təminat altında gedən bin Salmanın həbs olunması o qədər də real ehtimal deyil.

kaşıkçı yalova'da ile ilgili görsel sonucu

Maraqlıdır ki, son günlərdə vəliəhdin siyasi reabilitasiyası üçün bəzi addımlar atılır. İki gün əvvəl Bəhreynə səfər edən Məhəmməd bin Salman Bəhreyndən sonra Misirə səfər edib. Bu səfərlərdə yüksək səviyyədə qarşılanan vəliəhdin növbəti səfərlərini Şimali Afrika ölkələrinə etməsi gözlənilir. Artıq Əlcəzair, Tunis kimi vəliəhdin səfər edəcəyi ehtimal olunan ölkələrdə media və QHT-lər vəliəhdə qarşı kampaniya başladıblar. Ancaq buna baxmayaraq, Səudiyyə Ərəbistanı ilə dost münasibətlərini qoruyub saxlayan ərəb hakimiyyətləri vəliəhdin reputasiyasını bərpa etmək cəhdlərinə dəstək verir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …