Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Araşdırma / “TuranBank” vətəndaşı ələ salır? – ŞİKAYƏT VAR

“TuranBank” vətəndaşı ələ salır? – ŞİKAYƏT VAR

Qəzetimizin 21.06.2016-cı il tarixli sayında “Turanbank”dan mükəmməl fırıldaq” sərlövhəli tənqidi məqalə dərc olunmuşdu. Həmin yazıda biz göstərmişdik ki, Bakı şəhər sakini, vətəndaş Məlikrzayev Ramin Ənvər oğlu bir neçə gün bundan əvvəl redaksiyamıza şikayət ərizəsi ilə müraciət edərək, “Turanbank” ASC-nin əməkdaşları tərəfindən həyata keçirilmiş maxinasiyanın qurbanı olduğunu bildirmişdir. Belə ki, Ramin Məlikrzayev təxminən üç ay bundan öncə bir vətəndaşdan “Turanbank” ASC-nin Binəqədi filialında kreditləşmə yolu ilə avtomobil almışdır. Maraqlıdır ki, Ramin Məlikrzayevin aldığı avtomobil nəinki yeni olmayıb, hətta avtomobil qəzalı vəziyyətdə, yəni “vurulmuş” olub. Özünü Raminə filialın müdiri kimi təqdim edən Emin Qəzənfərov adlı əməkdaş isə, ilkin ödənişi həyata keçirdikdən sonra, müştəriyə guya ki, “güzəştə” gedirmiş kimi, avtomobil təmirdə olan müddətdə aylıq ödənişləri təxirə salmağı da təklif edib. Ramin Məlikrzayev də bu alicənablıqdan təsirlənərək, bankdan nə müqavilə, nə də ödəniş cədvəli tələb etməyib. Daha doğrusu ödəniş cədvəli təqdim olunub, 30 aylıq və hər ay 437 (dörd yüz otuz yeddi) ABŞ dolları olmaqla. Amma bu sənəd heç bir möhür və ya ştampla təsdiqlənməyib. Avtomobilin İlham adlı sahibi Raminin adına etibarnamə verib və Ramin Məlikrzayev də avtomobili götürərək, birbaşa təmirxanaya aparıb. Nəhayət, bu günlərdə avtomobil təmirdən çıxıb və iyunun 15-də cədvəl üzrə ilk ödənişi etmək üçün Ramin Məlikrzayev yenidən banka gəlib. Lakin, burada Emin Qəzənfərov müştəriyə bəyan edib ki, artıq onun aldığı ödəniş cədvəli banka sərf eləmir və ödəniş üçün yeni cədvəl tərtib olunacaq. Eyni zamanda da, Emin Qəzənfərov müştəriyə verilən etibarnaməni notariusda ləğv etdirib və müştəriyə təmir etdirdiyi avtomobili DYP vasitəsilə saxlatdıraraq, yenidən banka gətizdirib. Beləliklə də, “Turanbank” ASC-nin Binəqədi filialının əməkdaşı açıq-aşkar aldatmaq yolu ilə, bankın balansında olan avtomobili müştəriyə təmir etdirib, üstəlik müştərini ona sərf etməyəcək kredit şərtlərini imzalamağa məcbur etmək üçün, ondan ilkin ödəniş də alıb və üstəlik avtomobili də müştəridən geri alıb. Aydındır ki, bütün bu hərəkətlər açıq-aşkar dələduzluq əməlləri kimi qiymətləndirlməlidir.

Məlum olduğu kimi, “Turanbank” ASC Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin biznes imperiyasına daxil olan subyektlərdən biridir. Həm də ASK prezidentinə “Aqrarkredit” SKT, “Başak-İnam” sığorta şirkəti və sairə, və ilaxır maliyyə qurumları, BOKT-lər də məxsusdur. Dərc etdiyimiz yazıda biz xüsusi olaraq qeyd etmişdik ki, “Turanbank” ASC-nin Yeganə xanım Eyyubovanın rəhbərlik etdiyi Binəqədi filialının əməkdaşları tərəfindən vətəndaş Məlikrzayev Ramin Ənvər oğluna qarşı törədilmiş maxinasiya, əslində Məmməd Musayevin fəaliyyətində davamlı olaraq müşahidə olunan neqativ halların növbəti təzahürü kimi qəbul olunmalıdır. Əbəs yerə deyil ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyinə gəldiyi gündən indiyədək, Məmməd Musayev özü də əslində hüquqlarını və maraqlarını müdafiə etməli olduğu iş adamlarına, sahibkarlara dəfələrlə və bundan çox daha böyük zərbələr vurub.

Lakin indilik bizim diqqətimizdə “Turanbank” ASC-nin Binəqədi filialının əməkdaşları tərəfindən həyata keçirilmiş maxinasiyanın nəticələri durur. Bu xüsusda dünən aldığımız növbəti məlumata görə, qəzetimizdə tənqidi materialın dərcindən dərhal sonra, Ramin Məlikrzayev filiala dəvət olunub və ona müəyyən vədlər verilib. İlk növbədə bank əməkdaşları vətəndaşa söz veriblər ki, onun avtomobilin təmirinə xərclədiyi vəsaitləri geri ödəyəcəklər. Sonra isə, kreditin ödəniş cədvəlinə də yenidən baxılacaq. Bunun müqabilində isə, vətəndaşdan artıq heç bir instansiyaya şikayət etməməsi tələb olunub. Lakin bu təklifdən artıq bir neçə gün keçməsinə baxmayaraq, filial rəhbərliyi tərəfindən verilən vədlərin hələ ki, heç birinə əməl olunmayıb…

Qarşı tərəfin də mövqeyini əks etdirə bilərik.

dia.az

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın