Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Araşdırma / Tovuzda 10 yaşlı Nərmin müəmması: o yoxa çıxan gün bacısını oğurlamaq istəyənlər kimlər idi?

Tovuzda 10 yaşlı Nərmin müəmması: o yoxa çıxan gün bacısını oğurlamaq istəyənlər kimlər idi?

İki il öncə Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyeva yoxa çıxdığı gün kənddə naməlum bir maşın onun bacısını da aparmaq istəyibmiş. Bunu noyabrın 3-də Gəncədə keçirilən məhkəmədə Nərminin böyük bacısı Şəbnəm Quliyeva deyib.

14-yaşlı Şəbnəm dindirilərkən məlum olub ki, həmin maşın və içindəki iki nəfərlə bağlı məsələ istintaq zamanı da araşdırılıb. Şəbnəmə polis şöbəsində beş nəfər və onların avtomobilləri tanınma üçün təqdim edilib. Lakin heç biri onun kənddə gördüyü olmayıb: “Atam gödəkcədən ötrü Nərmini əmimgilə göndərmişdi, üstündən xeyli keçsə də, gəlib çıxmamışdı. Məni onun arxasınca göndərdi. Dedilər ki, bir saat olar çıxıb. Mən geri qayıdanda bir taksi saxladı, içində iki nəfər vardı. Dedilər ki, gəl səni evinizə aparaq. Mən kəndimizdə o adamları görməmişdim. Tanımadığıma görə minmədim. Bir az sonra qonşumuz ailəsi ilə gedirdi, onlar saxlayıb, məni də mindirib apardılar”.

Bacısının sözlərinə görə, hadisə günü Nərminin əmisigildən çıxıb hansı istiqamətdə getdiyini məktəbdə onunla paralel sinifdə oxuyan iki şagird də görüb. Cinayət işindəki ifadələrdən məlum olur ki, Şəmsiyyə və Sevinc adlı həmin şagirdlər Nərminin əmisigildən çıxanda təqsirləndirilən İlkin Süleymanovgilin evinə tərəf yox, əks istiqamətdə getdiyini görüb.

Şəbnəm Quliyeva ifadəsində bacısının ölümündə suçlanan İlkin Süleymanov haqqında da danışıb: “Atamın sinif yoldaşı olub. Bir-iki dəfə bizə kitablar vermişdi ki, “atanız öyrətsin sizə”. Onlar tərəvəz satırdılar, olurdu ki, gedib nələrsə alırdıq. Anası ilə münasibətimiz yaxşı idi, özü ilə “salam-sağ ol” olurdu. Qaraqabaq adam idi…”.

Şəbnəm onu da deyib ki, 2020-ci il yanvarın 6-da kənddə yandırılmış meyit tapılan gün onlara gələn əmisi Arif Quliyev onun Nərminin meyiti olmadığını deyib: “Fikirləşirəm ki, yəqin onda bizi qorxutmamaq üçün elə demişdi…”.

Bacısının sözlərinə görə, itkin düşdüyü gün axşam Nərmin də atasıyla qonşu kənddəki toy axşamına getməliydi. Amma günorta saatlarında əmisigilə gedən Nərmindən xəbər çıxmadığına görə atası onsuz gedib.

“Nərmin tapılmamışdı, bəs nə əcəb atanız belə bir vəziyyətdə ora getdi?” – vəkillərin bu sualına isə Şəbnəm belə cavab verib: “Fikirləşdik ki, bəlkə əmimgildən çıxıb nənəmgilə gedib…

Şəbnəmin istintaqdakı ifadəsi ilə məhkəmədə söylədikləri arasında ziddiyyət olub. Bu üzdən onun prokurorluqda verdiyi ifadə elan edilib. Orada deyib ki, bacısı sonuncu dəfə əmisigilə gedəndə məktəbdən yeni gəlmişdi deyə, əynində də həmin geyimlər vardı. Məhkəmədə isə bildirib ki, yadında deyil, yalnız yaşıl idman ayaqqabısı və çəhrayı gödəkcədə getdiyini xatırlayır.

Əmisi isə məhkəmədə demişdi ki, hadisə günü qardaşı qızı təxminən bir dəqiqə onlarda dayansa da, onun bütün geyimləri yadındadır. Onun sözlərinə görə, uşağın ayağında ağ idman ayaqqabısı vardı.

Şəbnəm bacısının məktəbli formasında – qara ətək, ağ köynəkdə getdiyini desə də, əmisi Nərminin cins şalvarda olduğunu bildirib.

Bu cinayət işi ilə bağlı məhkəmə araşdırmaları noyabrın 17-də davam edəcək.

Nərmin Quliyevanın atası Şərif Quliyev məhkəmə prosesinin gedişi, ortaya çıxan ziddiyyətlərlə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaqdan imtina edib: “Mən sözümü demişəm…”.

Təqsirləndirilən İlkin Süleymanovun qardaşı Adil Süleymanov isə bildirib ki, cinayət işinin materiallarında qardaşının günahsızlığına dəlalət edən ciddi faktlar var. Müdafiə tərəfi onları növbəti məhkəmə iclaslarındakı dindirmələrdə ortaya qoyacaq: “Cinayət işində Nərminin əmisigildən çıxıb bizə tərəf yox, kəndin mərkəzi istiqamətində getdiyini təsdiqləyən dörd fakt var. Hüquq-mühafizə orqanları kəndə əhliləşdirilmiş xüsusi it gətirmişdilər. İt Nərminin iziylə əmisigilə, onlarla qonşu olan nənəsigilə girib, sonra Nərmingilin yaşadığı ev istiqamətində gedib. Əgər Nərmin bizim evdə olsaydı, o it bizim evə də girərdi. Amma girməyib, keçib gedib”.

Həmçinin oxuyun

Yeni ştamın simptomları nədir?

Koronavirusun yeni “Omicron” ştamının peyda olması bir sıra ölkələri pandemiya ilə mübarizə planlarını yenidən nəzərdən …