Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Tikinti materialları sürətlə bahalaşır – ARAŞDIRMA

Tikinti materialları sürətlə bahalaşır – ARAŞDIRMA

Ötən ilin sonlarından etibarən Azərbaycanda tikinti materiallarının bahalaşması prosesi start götürüb. İlk olaraq bahalaşma sementdən başlayıb, bu ilin ötən dövründə dam örtükləri, taxta materialları və digər məhsulları əhatə edib. Nəticədə sementin kisəsi 6,3-6,5 manatdan 7,5 manata, taxtanın kubu 340-350 manatdan 410-420 manata, fanerin kvadratmetri 11-12 manatdan 17-18 manata, mişar daşının 1 ədədi 38-39 qəpikdən 42-43 qəpiyə, dam örtüklərinin 1 kvadratmetri 3 manatdan 4-4,2 manata qədər bahalaşıb.

Tikinti bazarı iştirakçıları ilə apardığımız söhbətlərdən aydın olur ki, sifarişlərdə, alış həcmlərində son 6 ayda ciddi artım baş verməyib. Yalnız aprel ayından bəri tikinti işlərinin həcmində artım müşahidə olunur ki, bu da hər il təkrarlanan haldır. Belə ki, adətən tikinti işləri havalar əlverişli olan yaz aylarında həyata keçirilir. Sonrakı müddətdə – isti yay, payız və qışda isə tikinti həcmlərində azalma baş verir. Tikinti materiallarının pərakəndə satıcıları taxta materialının bahalaşmasının mənşə ölkəsində – Rusiyada baş verən proseslərlə bağlı olduğunu deyirlər. Daha doğrusu, idxalçılar Rusiyada materialın bahalaşdığını əsas gətirirlər.

Buna görə də ağac materiallarının çox böyük hissəsini idxal etdiyimiz Rusiyadakı vəziyyəti araşdırdıq. Məlum oldu ki, Rusiyada prezident Vladimir Putinin əmri ilə 2022-ci il yanvarın 1-dən oduncağın emal olunmamış formada ixracı qadağan edilir. Bundan əlavə, aprel ayından ağac materiallarının ixracına bir sıra məhdudiyyətlər tətbiq edilib. Rusiya mənbələrinin məlumatına görə, 2022-ci ilin yanvarına qalan müddətdə ölkənin şərqindən Çinə emal olunmamış ağacların ixracı dəfələrlə artıb. Lakin bu artım rəsmi statistikada əksini tapmır. Belə ki, Rusiya rəsmi statistikasına əsasən 2020-ci il ərzində ölkədən ağac materialının ixracı 1,8 milyon kubmetr və ya 6 faiz azalmaqla 31 milyon kubmetr təşkil edib. Azalma dəyər ifadəsində də 6 faiz təşkil edib. Bu zaman uzaq xaricə ixrac azalıb, yaxın xaricə, xüsusilə də MDB ölkələrinə ixrac isə artıb.

Dövlət qurumu tikinti materialları alır -TENDER

Rusiya ağac materialının ən böyük alıcısı Çin, ondan sonra Özbəkistan, üçüncü isə Azərbaycandır. Çin Rusiyadan ixrac olunan ağac materialının 50 faizini, Özbəkistan və Azərbaycan isə hərəsi 9 faizini alır. Ötən il ərzində ölkəmizin Rusiyadan ağac materialı idxalında 7 faizlik artım qeydə alınıb.

Ötən il Rusiyadan Çinə ağac materiallarının ixracı 12 faiz azalmaqla 9,5 milyon kubmetr təşkil edib. Çin Rusiyadan ağac materialının alışını azaltsa da, Belarusdan idxalı 115 faiz, Braziliyadan 39 faiz, Almaniyadan isə 36 faiz artırıb. Ümumilikdə isə 2020-ci ildə Çin ağac materiallarının idxalını 9 faiz azaldıb. Nəticədə 2021-ci ilin əvvəli üçün ölkədə bu materialların ehtiyatları kəskin azalıb. Bu isə Rusiyadan idxal olunan məhsulların qiymətlərinin yüksəlməsinə gətirib çıxarıb. Məsələn, Rusiyanın şimal-qərbindən alınan şam taxtasının kubmetri 310-315 dollara çatıb. Sibir küknarı üzrə bu qiymət 305-315 dollar təşkil edib.

Rusiyada ağac materiallarının ixracına tətbiq edilən məhdudiyyətləri sahə şirkətləri mənfi qarşılayıblar. “Russkiy les” Assosiasiyasının sədr müavini Andrey Qonçarovun mətbuata verdiyi açıqlamada bu addımın ölkədə meşə materialları istehsalına ağır zərbə vuracağı qeyd olunub. Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında Çinə ağac materiallarının ixracı 21 faiz azalıb. Bunun əsas səbəbi Çin tərəfindən yükün daşınması sahəsində yaradılan problemlərdir. Rusiya hökuməti artıq bu məsələ ilə bağlı Çin tərəfinə müraciət edib.

Dünya bazarına nəzər salsaq, Avropa və ABŞ-da meşə materiallarının qiymətində ötən ilin payızından etibarən kəskin artım gedib. Hazırda Avropada taxtanın 1 kubu 270 avroya satılır. Koronavirus pandemiyasına görə qapanmalar, hərəkət məhdudiyyəti dövründə rekord sayda insan evində dəyişiklik etmək, təmir işləri aparmaq fikrinə düşüb. Nəticədə ABŞ və Avropada tikinti materiallarına, əsasən isə ağac məmulatlarına tələbat kəskin artıb. ABŞ-da pandemiyaya görə tətbiq olunan məhdudiyyətlər nəticəsində bu materialların istehsalı, daşınması sahəsində ciddi geriləmə müşahidə olunduğu bir şəraitdə tələbatın kəskin artması qiymətlərin bahalaşması ilə müşayiət olunub. ABŞ artan tələbatı Avropadan idxalı artırmaq hesabına təmin etməyə çalışır. May ayının ilk ongünlüyündə ABŞ-da ağac materiallarının birja qiymətləri 1 kubmetr üçün 700 dollara çatıb. Beləliklə, ötən ildən bəri ABŞ-da bu məhsulun qiyməti 4,5 dəfə bahalaşmış olub. Tikinti şirkətləri bahalaşmanın böyük fəsadlara səbəb olacağını əsas gətirməklə Co Bayden prezident kürsüsünə oturandan az sonra ABŞ-ın tikinti nəhəngləri oduncağın qiymətindəki artımın dayandırılması üçün təcili addımlar atmasını xahiş ediblər.

“Forest Economic Advisorso” beynəlxalq şirkətinin hesablamalarına görə, 2021- ci il ərzində dünyada ağac materiallarının istehlakı 7 faiz, yaxud 22 milyon kubmetr artacaq. Bu isə bazarda qiymətlərin artmasını şərtləndirən əsas amillərdən biri olaraq qalacaq.

Tikinti materialları alarkən nəyə diqqət yetirməliyik? - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyanın rəsmi statistikasından aydın olur ki, ölkədən ağac materiallarının ixracı dəyər ifadəsində mart ayından etibarən artıb – əsasən Çin istiqamətinə. Bunu Rusiyadan Azərbaycana idxal olunan məhsulun dəyərində də açıq görmək olur. Belə ki, rəsmi statistikaya əsasən 2020-ci ildə ökəyə 953 min 229,92 kub uzununa mişarlanmış və ya yarılmış, təbəqələrə ayrılmış və ya qabığı soyulmuş, yonulmuş və ya yonulmamış, cilalanmış və ya cilalanmamış meşə materialı idxal olunub – 116 milyon 866,89 min dollara(Kubu 122,6 dollara). Bu ilin yanvar-martında isə həmi materialdan 186 min 656,53 kub (22 milyon 235,34 min dollarlıq)  almışıq. Bu zaman bir kubun qiyməti 119,1 dollara düşüb. Göründüyü kimi, martın sonunadək idxal olunan məhsulun qiymətində artım baş verməyib.

Nəzərə alsaq ki, ağac materiallarının çox mühüm hissəsini Rusiyadan alırıq, bu zaman son aylardakı qiymət artımını mənşə ölkəsindəki bahalaşma ilə əsaslandırmaq mümkün olmur. 2021-ci ilin birinci rübü ərzində Azərbaycana 113 min 684,17 kub(13 milyon 789,01 min dollar) şam ağacından uzununa doğranmış meşə materialları(5 min 937,73 kubu Belarusdan(1 milyon 151,23 min dollar), 107 min 167,43 kubu isə Rusiyadan(12 milyon 531,18 min dollar)), 71 min 205,3 kub(8 milyon 128,1 min dollarlıq)  ağ şam ağacından və ya küknardan uzununa doğranmış meşə materialları(70 min 930,66 kubu Rusiyadan – 8 milyon  81,73 dollar) idxal edilib.

Tikinti materialları bazarı həm bahalaşıb, həm “ölüb”...

Maraqlıdır ki, ölkədə istehsal olunan tikinti materiallarının da qiymətində bahalaşma qeydə alınmaqdadır. Bu zaman sement ən çox bahalaşan məhsullar sırasındadır. 2021-ci ilin ötən dövründə Azərbaycanda tikinti materiallarının istehsalında artım qeydə alınıb. Bu ilin birinci rübü ərzində tikinti materiallarının istehsalının ümumi dəyəri 134,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz artıb. Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 50,4 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 43,5 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 34,4 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 26,7 faiz, tikinti əhənginin istehsalı 21,9 faiz, tikinti gipsinin istehsalı 10,3 faiz, tikinti kərpicinin istehsalı 2,7 faiz artıb, sementin istehsalı 8,0 faiz, asfaltın istehsalı isə 83,7 faiz azalıb.

Yanvar-martda ölkədə 629 min ton sement istehsal olunub. Aprelin 1-nə anbarlarda 85,7 min ton məhsul qalıb. Yanvar-apreldə isə tikinti materiallarının istehsalının ümumi dəyəri 219,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,5 faiz artıb. Emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 87,2 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 59,3 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 39,2 faiz, tikinti gipsinin istehsalı 25,5 faiz, tikinti əhənginin istehsalı 18,3 faiz, tikinti kərpicinin istehsalı 5,7 faiz, sementin istehsalı 5,7 faiz artıb, asfaltın istehsalı isə 82,9 faiz azalıb.

Norm - İstehsal

Göründüyü kimi, 3 ayda azalma nümayiş etdirən sement istehsalında aprel ayında kəskin artım baş verib. Belə ki, təkcə aprel ayında 334,2 min ton sement istehsal edilib. Mayın 1-nə anbarlarda 80,6 min ton məhsul olub. Sement istehsalında azalma 2020-ci ildən başlayaraq ilin yekununda 7,5 faiz təşkil etmişdi. İl ərzində 3 milyon 226 min ton sement istehsal olunmuş, 2021-ci ilin 1 yanvarına anbarlarda 99 min ton məhsul qalmışdı.

Azərbaycanda sement tamamilə yerli xammal əsasında istehsal edilir. Yerli istehsalla yanaşı, sement istehsalının baslıca xammalı olan klinkerin xaricə ixracı da sürətlə artmaqdadır. Elə klinkerin ixracında da böyük sıçrayış qeydə alınıb. Belə ki, 2020-ci il ərzində klinker ixracı 13 milyon 40,14 min dollar dəyərində 383 min 256,47 ton təşkil edib. Bu ilin yanvar-fevralında isə ölkədən xaricə 2 milyon 201,66 min dollar dəyərində 65 min 620,95 ton sement klinkeri ixrac olunub. Yanvar-mart aylarında ixracın dəyəri 3 milyon 542,42 min dollar, həcmi 105 min 134,76 tona çatıb.

Tikinti materiallarının, xüsusilə də ağac və sementin qiymətindəki artımın əsas səbəblərindən biri kimi sözsüz ki, işğaldan azad olunan ərazilərimizdəki tikinti-yenidənqurma işləri ilə bağlı gözləntilər çıxış edir. Böyük həcmli tikinti işləri materiallara tələbatı artıracaq əsas amillərdən biridir. Bunu nəzərə alan həm yerli istehsalçılar, həm də idxalçılar qiymətləri əvvəlcədən bahalaşdırmaq yolunu tutublar. Nəzərə alsaq ki, azad olunmuş ərazilərdə tikinti-bərpa işləri əsasən dövlət büdcəsi hesabına həyata keçiriləcək, onda tikinti materiallarının bahalaşmasının dövlət üçün əlavə maliyyə yükü yaradacağını bəribaşdan söyləmək olar.

Digər tərəfdən, dövlət müxtəlif dəstək tədbirlərilə tikinti sektorunu dirçəltməyə çalışır. Belə tədbirlərdən biri sosial ipoteka, həmçinin kirayə yolu ilə mənzil satışının təşkilidir. Tikinti materiallarının süni qiymət artımı dövlətin bu istiqamətlərə ayırdığı vəsaitlərin səmərəliliyini də azaldacaq.

Daha bir məqam tikinti materiallarının bahalaşmasının daşınmaz əmlak bazarında da əksini tapmasıdır. Azərbaycanda, xüsusilə Bakı və Abşeronda daşınmaz əmlakın qiyməti onsuz da yüksəkdir. Tikinti materiallarının bahalaşması bu qiymətləri daha da artırmaqla mənzilə əlçatanlıq səviyyəsini azaldacaq. Hesab edirik ki, müvafiq dövlət qurumları tikinti materialları bazarında qiymətləri nəzarətə götürüb, sui-istifadə hallarının qarşısını vaxtında almalıdır. Musavat.com

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …