Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Tikinti materialları bahalaşıb – səbəblər…

Tikinti materialları bahalaşıb – səbəblər…

İqtisadçılar sahibkarların qiymət artımı ilə bağlı arqumentlərini əsaslı saymır

Son günlər tikinti materialları bazarında yenidən bahalaşma qeydə alınıb. Sonuncu dəfə manatın ardıcıl iki dəfə devalvasiyasından sonra tikinti materiallarının qiymətində nəzərəçarpacaq səviyyədə qiymət artımı baş vermişdi.

Xüsusilə də manatın məzənnəsində dollara nisbətdə ucuzlaşma olandan sonra taxtanın kubunun qiyməti kəskin şəkildə artaraq 100 manatdan da çox bahalaşmışdı. Bahalaşma armatur və eləcə də xaricdən gətirilən bütün növ tikinti materiallarında müşahidə olunurdu. Lakin bir müddət idi ki, tikinti materiallarının qiyməti sabit qalmışdı. Satıcılar bildirirdilər ki, bu, manatın məzənnəsindəki sabitliklə əlaqədardır. Manat yenə də sabit olaraq qalıb. Bəs nə üçün tikinti materiallarının qiyməti qalxıb?

Suala cavab tapmaq üçün “Yeni Müsavat”ın əməkdaşı olaraq  tikinti materiallarının satıldığı bazara yollandıq. Müşahidə etdik ki, yenə də bahalaşan əsasən taxtanın qiymətidir. Belə ki, hazırda taxtanın 1 kubunun qiyməti 320-340 manatadır ki, bu da bir neçə ay öncə ilə müqayisədə 15 manatdan çox, ötən illə müqayisədə 50 manata qədər bahalaşma deməkdir. Manatın birinci devalvasiyasından öncə isə taxtanın bir kubunun qiyməti 170 manat civarında idi.  Eyni zamanda yenə də armaturun qiymətində artım var. Satıcılar bildirdilər ki, əsasən Rusiyadan gətirilən materialların qiyməti yüksəlib. Digər materialların qiymətində isə elə də bahalaşma olduğunu müşahidə etmədik. Bazardakı ümumi vəziyyətə gəlincə isə müşahidə etdik ki, müştərilərin sayı əvvəlki aylarla müqayisədə artıb. Bunu satıcıların özləri də təsdiqlədilər. Tamet daşlarının satıcısı Asif Əsgərov söylədi ki, bu növ tikinti materiallarının qiyməti qalxmayıb: “Yerli istehsal olduğu üçün bizdə qiymətlər əvvəlki kimidir. Bazarda artıq tələbat artdığı üçün qiymətləri süni şəkildə qaldıranlar da var. Ümumiyyətlə, bu aylarda tikintilər başladığı üçün bazarda qiymətlər az da olsa dəyişir. Hazırda da bazarda müştəri qənaətbəxş səviyyədədir. Devalvasiyadan sonra bazarda ancaq satıcılar olardı. Elə olurdu ki, günlərlə bir nəfər müştəri gəlib materialla maraqlanmırdı. Camaat tikinti işlərini tamamilə dayandırmışdı. Bu il isə qış aylarında da bazarda aktivlik oldu. İndi isə havalar qızır və material alanların da sayı ötən illə müqayisədə xeyli artıb. Yəni ki, bu da qiymətə təsir göstərir”.

Bazarda alçipan, növündən asılı olaraq, 8-10 manat, lambirin 4-6 manat, mərmər 40-60 manat, tamet daşlar 6-8 manat, dəmir örtüklərin kvadratı isə 4-8 manat arasında dəyişən qiymətlərlə satılır. Sementin bir kisəsinin qiyməti, markasından asılı olaraq,  5-6 manat, şebenin kisəsi isə 40 qəpiyə satılır.  Yəni ötən aylarla müqayisədə bu materialların qiymətində, demək olar ki, artım yoxdur.

Yuxarıda qeyd etdiyimiz kimi, armaturun da qiymətində artım var. Hazırda armaturun bir tonu 800 manata satılır. Bu isə təxminən 10 manat bahalaşma deməkdir.  Satıcılar bildirdilər ki, hər il bu aylarda armaturun qiymətində artım olur. Payız ayları yaxınlaşdıqda isə qiymətlər qalxdığı qədər enir.

Bazardakı vəziyyətlə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, əslində hazırkı iqtisadi duruma görə, Rusiyadan gətirilən materialların qiymətində artım yox, enmə olmalıdır:

Natiq Cəfərli ile ilgili görsel sonucu

“Çünki rublun dəyərdən düşməsi Rusiyadan idxalı ucuzlaşdırır və daha sərfəli hala gətirir. Son zamanlar rubl təqribən 12 faiz dəyərdən düşüb. Bahalaşma əgər Rusiyadan gətirilən məhsullarda müşahidə olunursa, bunu iqtisadi məsələ ilə izah etmək çətindir. Yaz ayları gəldikcə, təmir-tikinti işlərinin həcmi artır. Bu, Azərbaycanda hər zaman belə olub. Ötən illə müqayisədə dövlət layihələrinin həcmi çoxalıb. Bu sahədə xeyli irəliləyiş var. Həm sosial evlərin inşasına start verilib, həm də şəhərin müxtəlif yerlərinin sökülməsinə və müxtəlif binaların tikintisinə start verilib. Yəni təmir-tikinti işləri həm fərdi qaydada, həm də dövlət layihələrinin icrası baxımdan xeyli artıb. Bu, tələbin artmasından doğan qiymət yüksəlməsidirsə, bunu anlamaq olar. Ancaq, əslində qeyd etdiyim kimi, Rusiyadan gələn məhsullarda bu, baş verməli deyildi”.

Ekspert hesab edir ki, dövlətin buna birbaşa müdaxilə etməsi əlavə qiymət artımlarına səbəb ola bilər:

“Əslində buna dövlət tərəfindən nəzarətin olması, dövlətin qiymətləri tənzimləməsi və müdaxiləsi doğru deyil. Bu, bir müddət sonra əksinə, daha da böyük qiymət artımına səbəb olur. Dövlətin əlində kifayət qədər alətlər var ki, birbaşa müdaxilə etmədən, qiymətləri tənzimləyə bilsin. Bu, gömrük rüsumları, vergi dərəcələridir. Əgər hər hansı bir qiymət artımı varsa və yerli istehsal yoxdursa,  dediyim məsələlər nəzərə alınmalıdır. Azərbaycanda da taxta istehsalı çox aşağı səviyyədədir. Armatur istehsalı olsa da, bu da tələbatı ödəyəcək səviyyədə deyil. Ona görə də burada gömrük rüsumunu aşağı çəkmək olar və ya rəqabətli mühiti daha da genişləndirmək olar ki, təşviq addımları ilə daha çox fiziki şəxslər ölkəyə tikinti materialları gətirsinlər. Bu təşviq olacaqsa, bazarda bolluq olarsa, qiymət də tənzimlənəcək. Birbaşa müdaxilə isə faydalı deyil”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …