Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / “Texnikabank”ın filial müdirini necə “soydular”? – MTN işi

“Texnikabank”ın filial müdirini necə “soydular”? – MTN işi

“MTN-də mənə dedilər ki, hara gəlib düşdüyünü yaxşı bilirsən, çıxmaq üçün 3 milyon manat pul verməlisən, əks halda, sən də o birilərinin dalınca içəri gedəcəksən”.

Bunu MTN işi üzrə zərərçəkmiş, “Texnikabank”ın (artıq ləğv edilib) Sumqayıt filialının müdiri Müsənnif Salahov istintaqa verdiyi ifadəsində deyib.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin 2-ci şöbə rəisi, polkovnik-leytenant Vüsal Ələkbərov məhkəmə qarşısına çıxarılıb. Polkovnik-leytenant MTN “çete”sinin digər üzvləri kimi öz rəisi Mövlam Şıxəliyev və digərləri ilə birgə sahibkarlara, iş adamlarına hədə-qorxu gəlməkdə, onlardan şantaj yolu ilə pul tələb etməkdə və digər cinayətlərdə ittiham olunur.

V.Əkbərovun qurbanlarının arasında bank müdirləri də olub. Polkovnik-leytenant hədə-qorxu yolu ilə “Texnikabank”ın Sumqayıt filialının müdiri Müsənnif Salahovdan 600 min manat alıb.

“Etibar Əliyev həbs olunduqdan sonra MTN əməkdaşları filiala gəldilər”

Zərərçəkmiş M.Salahov istintaqa verdiyi ifadəsində bildirib ki, 2003-cü ilin may ayından etibarən adı çəkilən bankda işləyir. 2012-ci ilin mart ayında “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyev həbs olunduqdan sonra, martın 27-də səhər saat 11:00 radələrində bir qrup MTN əməkdaşı filiala gəlib və məhkəmə qərarı əsasında 6 aylıq fəaliyyəti yoxlayacaqlarını deyiblər. Həmin gün filialda axtarış aparıblar, maliyyə sənədlərini götürüblər və axşam saatlarında onu da özləri ilə MTN-ə gətiriblər: “Gec olduğu üçün giriş qapısında buraxılış vərəqəsi yazılması mümkün olmadığından məni evə buraxdılar və səhər gəlməyimi tapşırdılar. Ertəsi gün MTN-ə getdim. Nadir adlı müstəntiq məni qəbul etdi. Təxminən günorta saat 14:00 radələrində məni istintaq qrupunun rəhbəri, istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun yanına apardı”.

“Nə qədər ki, səni həbs etməmişik, pulu gətir”

İstintaq şöbəsinin rəisi M.Salahovla bir qədər söhbət edəndən sonra onu İstintaq idarəsinin rəis müavini Təhsin Ağayevin yanına aparıb. T.Ağayev Müsənnif Salahovdan “Etibar Əliyev bankı yeyib talayıb, sən nə qədər pul verirdin Etibara?” deyə soruşub. Ardınca isə “bilirsən də hara düşmüsən, çıxmaq üçün 3 milyon manat verməlisən” deyib. MTN əməkdaşlarının açıqladıqları məbləğ filial müdirində gülüş doğurub. O, “nə özümdə, nə də işlədiyim bank filialında indiyə qədər bu məbləğdə pul görməmişəm” cavabını verib. Xeyli çək-çevirdən sonra Təhsin Ağayev “hara gəlib düşdüyünü yaxşı bilirsən, verməsən onların dalınca sən də içəri gedəcəksən” deməklə hədələyib. Bayaqdan bəri bu “mənzərəni” kənardan seyr edən V.Ələkbərov söhbətə qoşulub. Öz növbəsində “nə qədər səni həbs etməmişəm, sənə sözümüzü dedik, get pulu gətir, yoxsa o birilərin dalınca səni də içəri salacağam” deyib.

Zərərçəkmişin ifadəsinə görə, adıçəkilən idarədə onunla normal davranan Nadir adlı müstəntiq olub. Belə ki, şahid qismində onu dindirib, pul istəməyib, heç nə tələb etməyib.

“Min dənə obyektin var, milyonlar qazanırsınız, get sat, gətir pulu ver”

Şahid qismində dindirilən M.Salahov evə buraxılıb. Evə qayıtdıqdan sonra yarım ay ərzində MTN-in İstintaq İdarəsinin rəis müavini Təhsin Ağayevlə sözügedən idarənin şöbə rəisi Vüsal Ələkbərov ona mütəmadi olaraq zəng vurub pulu gətirməyi tələb ediblər. Ardı-arası zənglərə və psixoloji təzyiqlərə dözməyən M.Salahov günahı olmaya-olmaya həbs ediləcəyindən qorxuya düşüb. Ona görə məcbur olub bacanağı Qəzənfər Hüseynovdan 150 min manat borc alıb. Daha sonra evdəki qızıl-zinət əşyalarını sataraq 50 min manat da düzəldib. Nəhayət, 2012-ci ilin aprel ayının ortalarında sürücüsü Məhəmməd Dəmirovla birlikdə MTN-ə yollanıb.

Mənzil başına çatan filial müdiri zəng vuraraq gəldiyini deyib. Sellofan torbanın içərisində 200 min manat pulla birlikdə Təhsin Ağayevin otağına keçib: “Pulu Vüsalın yanında Təhsinə verdim, başqa pulum olmadığını dedim. Vüsal isə dedi ki, min dənə obyektin var, get sat, gətir pulu ver, milyonlar qazanırsınız. Çox yalvardıqdan sonra Təhsin Ağayev 600 min manat gətirəcəyim halda məni həbs etməyəcəyini, əks təqdirdə üzümə dörd adam durduraraq onlardan notarius əməliyyatlarında rüşvət kimi pul almağımı deyəcəyi ilə hədələdi”.

Dost-tanışdan toplanan 600 min manat

Filial müdirinə bir həftə vaxt verilsə də, tələb olunan məbləği düzəldə bilməyib. Bu müddət ərzində Vüsal Ələkbərovla Təhsin Ağayev mütəmadi olaraq ona zəng vurub pulu çatdırmağı tələb ediblər. Növbəti zəng zamanı “hələ pulu tam hazırlaya bilməmişəm” deyən filial müdirinə təcili MTN-ə gəlmək əmri verilib:

“Təhsin Ağayev ona öncədən verdiyim 200 min manatı mənə qaytardı. Qorxuya düşdüyümdən Ağcabədidə yaşayan xalamoğlu Əlizamin Abbasovdan 100 min, fermer təsərrüfatı ilə məşğul olan Nadir adlı dostumdan 100 min, qardaşlarım Tahir və Səyyafdan – hər birindən 50 min manat borc aldım. Topladığm pulları 2012-ci ilin may ayında nazirliyə aparıb Vüsalın iştirakı ilə Təhsinə verdim. Yerdə qalan 100 min manatı isə Təhsin mənə bir həftə vaxt qoyduğundan yeznəm İlhamdan və dayımoğlu Əyyubdan aldım. Həmin pulu da Təhsin Ağayevə verdim”.

Talançılıqla məşğul olmuş keçmiş MTN-çilər barədə qərarı isə məhkəmə verəcək. (Virtualaz.org)

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın