Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Araşdırma / Tarixdə iz qoyanlar: Cümhuriyyətin maarifpərvər xanımı Eynülhəyat Yusifbəyli

Tarixdə iz qoyanlar: Cümhuriyyətin maarifpərvər xanımı Eynülhəyat Yusifbəyli

“Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınır. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Azərbaycan  Xalq  Cümhuriyyəti dövründə məktəb isla­hatlarının aparılması və tədris-tərbiyə işlərinin milli köklər üzərində yenidən qurulması  istiqamətində mühüm  tədbirlərin  həyata keçiilməsinə  başlandı. Həmin tədbirlərin həyata keçirilməsində onlarca digər təcrübəli pedaqoq və təhsil işçiləri kimi Eynülhəyat Yusifbəyli də çox yaxından iştirak etmişdi.


Azərbaycan  Xalq  Cümhuriyyəti dövründə təhsil sisteminin kökündən dəyişdirilərək  milli mənafelərə uyğun yenidən qurulması, məktəb isla­hatlarının aparılması və tədris-tərbiyə işlərinin milli  köklər üzərində yenidən qurulması üzrə tədbirlərin həyata keçirilməsində kişilərlə yanaşı, qadın pedaqoqlarımızın da əhəmiyyətli rolu olmuşdu. Onlardan biri də Xalq  Maarif Nazirliyinin  orta məktəb şöbəsinin müdiri Eynülhəyat Yusifbəyli idi.

Azərbaycan  Respublikasının Dövlət  Arxivi və Dövlət Tarix Arxinin müvafiq  fondlarında  riyaziyyat və fizika müəlliməsi, ev mürəbbiyəsi,  Azərbaycan Respublikası Xalq  Maarif Nazirliyinin  orta məktəb  şöbəsinin  müdiri  Eynülhəyat  Yusifbəyovanın  həyat  və  fəaliyyətinin  bəzi səhifələrini əks etdirən sənədlər qayğı ilə qorunub  saxlanılır. Həmin arxiv sənədlərinə əsaslanaraq  qeyd   edirik ki, Eynülhəyat Yusifbəyova 1887-ci il mayın 30-da Rusiyanın  Penza şəhərində dünyaya gəlib.  Qızlıq  soyadı Baişeva olan  Eynülhəyat  mənşəcə  Kazan tatarlarındandır. 

 Eynülhəyat Baişeva 1916-cı il mayın 21-də həyatının sonrakı illərində görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq  Cümhuriyyətinin ilk  Xalq  Maarif Naziri, IV və V hökumət  kabinetinin  sədri Nəsib bəy Yusifbəyli  ilə ailə qurmuş və onun xanımı olaraq Yusifbəyli soyadını daşımışdır. Yeri gəlmişkən onu da  xatırladaq ki, Nəsib bəyin  ilk həyat yoldaşı görkəmli  ictimai-siyasi xadim, jurnalist, “Tərcuman” qəzetinin redaktoru İsmayıl bəy Qaspiralının  qızı Şəfiqə xanım olmuşdur.

 Filologiya elmləri doktoru N.Qəhrəmanlı və filoloq, tarixçi, publisist Ə.Tahirzadənin N. Yusifbəylinin  həyat və fəaliyyətinə dair əsərlərində qeyd edilir ki, N.Yusifbəyli Şəfiqə xanımla hələ 1903-cü ildə Baxçasarayda “Tərcuman” qəzetinin  20  illik yubileyində tanış olaraq  nişanlanmış, 1906-cı ilin yayında isə ailə həyatı qurmuşdur. Nəsib bəyin bu  evlilikdən  Zöhrə və Niyazi adlı iki övladı dünyaya gəlmişdir. N.b.Yusifbəyli 1906-cı ildən 1912-ci ilədək Baxçasarayda yaşamış, “Tərcuman” qəzetində çalışmışdır. Lakin bir müddət sonra səbəbi indiyə qədər bəlli olmayan bir ailə ixtilafı ucbatından 1916-cı ildə  Nəsib bəylə Şəfiqə xanımın həyat yolları ayrılmış və Şəfiqə xanım uşaqlarını götürərək Krıma  qayıtmışdır.

N.Yusifbəyli 1916-cı il mayın 21-də Eynülhəyat xanımla  nigah  bağlayaraq ailə həyatı qurmuşdu. Şəfiqə xanım Qaspralı isə ömrünün sonunadək  Nəsib bəyə və övladlarına sadiq qalaraq yenidən ailə həyatı qurmamışdır.


Dövlət Tarix Arxivinin  müvafiq fondunda saxlanılan Yelizavetpol Müqəddəs Nina qızlar məktəbinin riyaziyyat müəlliməsi  Eynülhəyat Yusifbəyovanın xidməti haqqında formulyar siyahısında qeyd olunur ki, Eynülhəyat  xanım ümumi təhsilini Penza II qadın gimnaziyasında almış və həmin gimnaziyanı  1905-cı il iyunun 11-də qızıl medalla bitirmişdir. Bundan sonra Balaşov qadın gimnaziyasının əlavə  VIII  sinif  kursunda təhsilini davam etdirmiş  və həmin  kursu  1906-cı  il mayın  29-da  bitirərək  riyaziyyat  üzrə  ev  mürəbbiyəsi vəzifəsinə  hüquq  əldə  etmişdir.

Eynülhəyat  xanım  həyatı  boyu  təhsilə  yüksək qiymət vermiş və daim özünün elmini və  təhsilini  artırmağa  çalışmışdır. Keçdiyi həyat yolu bu fikri bir daha təsdiq edir. 1909 -1910-cu tədris ilində Petroqrad ali qadın kurslarının fizika-riyaziyyat  bölməsinin sırf riyaziyyat və astronomiya üzrə elmi kurslarını müvəffəqiyyətlə bitirən Eynülhəyat  xanıma bu təhsil ocağının professorlar şurası tərəfindən 1910-cu il oktyabrın 5-də şəhadətnamə verilmişdir. Xarkov tədris dairəsi qəyyumunun 15 sentyabr tarixli 20120 №li təklifi ilə Eynülhəyat  xanıma  icazə  verilmişdir  ki,  1910-cu il  sentyabrın 1-dən etibarən  müvəqqəti olaraq Saransk  qadın gimnaziyasının yuxarı siniflərində  riyaziyyat, hesab və fizikanın metodikası üzrə dərsləri tədris etsin.


1911-ci il noyabrın 30-da Xarkov tədris dairəsi  qəyyumu tərəfindən Eynülhəyat Yusifbəyova yariyaziyyat fənni üzrə ev mürəbbiyəsi adının verildiyini təsdiq edən 27160 №li şəhadətnamə təqdim edilmişdir. Qafqaz tədris idarəsi rəisinin 25 oktyabr 1912-ci il tarixli 24398№ li sərəncamlarına uyğun olaraq  Eynulhəyat xanım 1912-ci il oktyabrın 20-dən etibarən Yelizavetpol müqəddəs Nina qadın məktəbinə riyaziyyat və fizika müəlliməsi vəzifəsinə təyin edilərək Yelizavetpol şəhərinə köcməli olmuşdur. Qafqaz tədris dairəsi qəyyumunun  sərəncamı ilə Eynülhəyat  xanımın Saransk  şəhərindən  Yelizavetpol şəhərinə  köçməsi üçün iki atlı çaparxananın icarəsinə yol pulu olaraq  168 rubl 90 qəpik  vəsait ayrılmışdı.


XX əsrin əvvəllərində Rusiya imperiyasının bir  çox ucqarlarında olduğu kimi Azərbaycanda da milli  azadlıq hərəkatı, xalqı cəhalətdən və qəflətdən xilas etmək, geriliyin və savadsızlığın  aradan qaldırılması uğrunda mübarizə genişləndi.  Azərbaycanın mütərərəqqi ziyalıları və ictimai-siyasi xadimlərinin əzmkarlığı sayəsində yaradılmış müxtəlif mədəni-maarif və xeyriyyə cəmiyyətləri, nəşr edilən qəzet və jurnallar öz fəaliyyətlərində xalqın  savadlandırılması və maarifləndirilməsi, eləcə də milli məktəblərin yaradılması məsələlərini ön cərgəyə çəkdilər. Çar Rusiyasının  xalq  təhsili sistemində  azərbaycanlı  şagirdlərin  Azərbaycan  dilində  təhsil  almaq  imkanlarının məhdud  çərçivədə  saxlanılması  xalq arasında savadsızlığın və geriliyin aradan qaldırılması işini olduqca ləngidirdi. Həmin dövrdə ümumtəhsil məsələləri qabaqcıl ictimaiyyətin  təzyiqi ilə müzakirə edilsə də, təhsil idarələrində, dövlət dumasında dəstəklənmir, onun həlli üçün lazımı tədbirlər həyata keçirilmirdi.


1918-ci il aprelin 9 (22)-da Seymin qərarı ilə Zaqafqaziya  Demokratik Federativ Respublika elan edildi.  A.Çxenkelinin başçılığı ilə  yaradılmış  hökumətin tərkibində N.b.Yusifbəyli- maarif naziri vəzifəsinə təyin edilmişdi. 1918-ci il mayın 11-16-da təşkil olunmuş Batum konfransında Gürcüstan Almaniya nümayəndələrinin təzyiqi  altında ZDFR-dən çıxmağı qərara aldı. Gürcüstan Zaqafqaziya  Seyminin 1918-ci il mayın 26-da keçirilmiş  son  iclasında  müstəqilliyini elan  edərək  ZDFR-i  tərk  etdi. Tarixi  mənbələr  təsdiqləyir ki, Zaqafqaziya Federasiyasının  cəmi  bir  ay mövcud  olmasının  əsas səbəblərindən biri də erməni tərəfinin əsassız olaraq həm  Azərbaycana, həm  də  Gürcüstana qarşı ərazi iddialarının irəli sürməsi olmuşdur.

1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası xalqımızın azadlıq hərəkatının yekunu kimi Azərbaycanın Müstəqil Dövlət elan olunması haqqında qərar (İstiqlal Bəyannaməsini) qəbul etdi. Azərbaycan xalqı özünün çoxəsirlik tarixində  müstəqil dövlətini yaratdı. Milli Şuranın 28 may 1918-ci il tarixi iclasında F.X. Xoyskinin təqdim etdiyi I müvəqqəti hökumətin tərkibi təsdiqləndi. Qeyd  edək ki, Cümhuriyyət  dövründə hökumət böhranları ilə əlaqədar olaraq biri-digərini əvəzləmiş 5 hökumət kabineti təşkil edilmişdir. I-III hökumət kabinetləri Azərbaycanın görkəmli şəxsiyyətlərindən F.X.Xoyskinin (28.05.1918-17.03.1919), IV-V hökumət kabineti isə N.b.Yusifbəylinin (14.04.1919-30.03.1920)  sədrliyi ilə qurulmuşdur.

F.X.Xoyskinin sədrlik etdiyi І-ІІІ hökumət kabinetlərinin tərkibində Nəsib bəy  ardıcıl olaraq: I müvəqqəti hökumətin tərkibində-Maliyyə və Xalq maarif naziri (28.05.1918); II müvəqqəti hökumətin tərkibində Maarif və dini etiqadlar naziri (17.06.1918-06.10.1918);1918-ci il oktyabrın 6-da II hökumət kabinetində edilən kabinet daxili dəyişikliklərdən sonra Xalq maarifi və ərzaq naziri (06.10.1918-07.12.1918);  III hökumət kabinetində isə Maarif və dini etiqadlar naziri vəzifələrinə təyin edilmişdir. 

Yarandığı ilk gündən etibarən Azərbaycan Xalq Cümhuriyyəti xalq maarifi və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirmişdi. Çünki, əvvəlki dövrlərdə xalqın oyanmaqda olan milli kimlik  və siyasi şüurunun qarşısını almaqdan ötrü çarizm xalq maarifi işini uzun müddət məhdud çərçivədə saxlamış, həmçinin təhsilin əsasən rus diində aparılması, milli dil və mədəniyyətin inkişafına müxtəlif əngəllərin törədilməsi ilk növbədə müsəlmanların geridə qalmasına və onların arasında savadsızlığın hökm sürməsinə səbəb olmuşdur. Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra  Azərbaycan Hökuməti və Xalq Maarif Nazirliyi tərəfindən təhsil  sisteminin  dağılmasının  qarşısının alınması və onun kö­kün­dən dəyişdirilərək milli mənafələrə uyğun yenidən yaradılması, məktəb isla­hatlarının aparılması və tədris-tərbiyə  işlərinin  milli  köklər  üzərində  yenidən  qurulması istiqamətində   mühüm  tədbirlərin  həyata  keçirilməsinə  başlandı.

Həmin  tədbirlərin həyata  keçirilməsində  onlarca  digər  təcrübəli  pedaqoq  və  təhsil  işçiləri  kimi Eynülhəyat  Yusifbəyli  də yaxından  iştirak  etmişdir.

Məktəblərin milliləşdirilməsi ilə bağlı orta məktəblərdə bir sıra fənlərin mahiyyətinin və həcminin dəyişdirilməsi haqqında 1919-cu il dekabrın 2-də Xalq Maarif Naziri  Rəşid  bəy Qaplanov və  orta  məktəblər üzrə şöbənin müdiri Eynülhəyat  Yusifbəyli  tərəfindən imzalanaraq orta məktəb direktorlarına göndərilmiş məktubda qeyd edilirdi:

“Rus orta məktəblərində tədris proqramlarının və onun ruhunun müasir həyatın tələblərinə cavab vermədiyi hələ inqilabdan əvvəlki illərdə, yəni ümumavropa müharibəsi və rus inqilabı  dövründə aydın surətdə meydana çıxmışdır. Bəzi fənlərin,-tarix və coğrafiya kurslarının tərtib olunduğu  təməllər tamamilə iflasa uğradığı üçün həmin fənlərin əvvəlki qaydada tədris olunmasının qeyri-mümkün olduğu üzə çıxmışdır. Məsələn, milli müstəqillik ideyasının həyata keçirilməsinin mümkün olduğu Azərbaycan ərazisində rus dövlət quruluşunu Azərbaycan dövlət quruluşu əvəz etmişdir və şübhəsiz ki, artıq məktəblərin köhnə, inqilabdan əvvəlki simasının saxlaya bilməsi mümkün deyildir. Orta məktəblərin yeni dövlətimizin  ruhuna uyğun kökündən dəyişdirilməsi zəruridir. Buna məktəblərin milliləşdirilməsini həyata keçirməklə nail olmaq mümkündür. Bu ideyanı həyata keçirərkən biz əsasən iki amillə: tədris dili və məktəbdə şagirdlərin mənimsəməli olduqları materialların dəyişdirilməsi ilə məşğul olurduq. Belə ki, Azərbaycan dövlətçiliyi prinsipindən çıxış edərək məktəblərin dərs kurslarına bir sıra yeni fənlər-türk dili, türk tarixi və coğrafiyası daxil edillməli, köhnə məktəbdən qalmış və  tədris ruhunun azərbaycan məktəbində yolverilməz və əlavə  ağır bir yük kimi sayılan fənlərin – rus tarixi, rus coğrafiyası və ədəbiyyatının həcmini və mahiyyətini dəyişdirməli oluruq. Onu da qeyd etməliyik ki, dövlətlərin qarşılıqlı siyasi və iqtisadi münasibətlərini kökündən dəyişmiş cahan müharibəsindən sonra coğrafiya və tarix fənlərinin mütləqiyyətin ruhunda tədris edilməsi qeyri-mümkündür və onun kökündən dəyişdirilməsinə ehtiyac vardır. Ədəbiyyatın tədrisində mövcud olan nöqsanlar da çoxdandır ki, hiss edilir. Belə ki, nə yeni rus ədəbiyyatı, nədə yalnız öz müxtəlifliyi ilə yeniyetmələrin dünya görüşünün inkişaf etdirilməsində zəngin material verə biləcək  qərb və avropa  ədəbiyyatı orta məktəblərdə indiyə qədər öz yerini tutmamışdır və orada yalnız birtərəfli olaraq qədim və orta rus ədəbiyyatının əsərləri mənimsənilir.

Yuxarıda qeyd olunanlara əsaslanaraq göstərilən istiqamətdə məktəb islahatlarının aparılmasını Nazirlik özünün başlıca vəzifəsi hesab edir. Lakin bu vəzifənin tam şəkildə həll edilməsi məsələnin təfərrüatı ilə müzakirə olunmasını tələb edir ki, bunun da yerinə yetirilməsini Nazirlik gələn  tədris ilinin əvvəlindən tez qeyri-mümkün hesab edərək  hazırki tədris ilində qismən dəyişiklik etməyi planlaşdırır ki, bu da xalq maarif nazirliyinin sonuncu təmimnamələrində öz əksini tapmışdır. Həmin təmimnamələrə uyğun olaraq rus tarixi və coğrafiyası ayrıca fənn kimi ləğv edilir, rus ədəbiyyatı kursu isə qısaldılır”…

Cümhuriyyət hökuməti və Xalq Maarif Na­zir­liyi tərəhindən  Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqelərinin bərpa edil­məsi və onun dövlət dili elan olunması, məktəb-tədris işinin milli  mənafelərə uy­ğun yenidən qurulması, doğma ana dilimizin ölkənin təhsil, təlim-tərbiyə dilinə çev­ril­məsi, ana dilində tədris proqramlarının və dərsliklərin hazırlanması sahəsində mü­hüm tədbirlər həyata keçirildi. Həmin tədbirlər nəticəsində Azərbaycan  dili  müstəmləkəçilik  dövründə  itirilmiş  mövqelərini  bərpa  etmiş, dövlət  dili statusunu qazanmış,ölkənin  tədris, təlim-tərbiyə  dilinə  çevrilmişdir. Ana dilli məktəblər şəbəkəsinin yaradılmasını, maarif  və  mədəniyyət sahəsində  milliləşmə tədbirlərinin həyata keçirilməsini, ümumi, ali, orta  ixtisas və hərbi təhsilin təşkilini, eləcə də azərbaycanlı  müsəlman uşaqların öz doğma dilində, milli  müəllim və pedaqoqlar tərəfindən tərtib edilmiş dərsliklər əsasında təhsil almaq imkanını əldə etməsini, gənclərin təhsil almaq üçün dövlət hesabına xarici ölkələrə göndərilməsini böyük nailiyyət  hesab  etmək mümkündür. Bu  naliyyətlərin  əldə  olunmasında  Azərbaycan Cümhuriyyət Hökuməti və Parlamenti  ilə  yanaşı Xalq  Maarif Nazirliyi və ona rəhbərlik  etmiş şəxslərin- Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həmid  bəy Şahtaxtinski, Rəşid xan Kaplanov, Nurməmməd bəy Şahsuvarov, Şəfiqə xanım Əfəndizadə, Eynülhəyat xanım Yusifbəyli, Rəhilə xanım Hacıbababəyova və başqa tanınmış müəllim və pedaqoqların xidmətləri  danılmazdır.

Hazırkı dövrdə yetişməkdə  olan  nəsil  xalqımızın  çoxəsrlik  zəngin  tarixini, habelə onun  ayrılmaz  tərkib  hissəsi  olan  Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixini,   həmin  dövrün  məktəb  və  pedaqoji  fikir  tarixini dərindən öyrənərək  elmi-pedaqoji biliklərini artırmalıdır. Bütün sıxıntılara, çətin şəraitə rəğmən Cümhuriyyətimizin təhsil tarixi, həqiqətən də, fəxr edə biləcəyimiz nailiyyətlərlə zəngindir.   Ölkəmizdə məktəb-tədris quruculuğunda  rolu və xidməti olmuş bu maarif fədailəri  heç vaxt unudulmamalı, daim böyük  ehtiramla yad edilməlidir. Modern.az 


Rafiq Səfərov

Milli Arxin İdarəsin baş məsləhətçisi

Həmçinin oxuyun

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu …