Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Tələf olan 70-dən çox qurbanlıq heyvanın aqibəti necə oldu?

Tələf olan 70-dən çox qurbanlıq heyvanın aqibəti necə oldu?

Avqustun 21-də Nizami rayonu ərazisində təşkil olunan qurbanlıq heyvanların satışı yarmarkasında Siyəzən rayonundan gətirilən heyvanların tələf olması ilə bağlı xəbər vermişdik. Qapalı yerdə istidən və havasızlıqdan 70-dən artıq heyvan tələf olmuşdu.

Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, satıcılar külli miqdarda ziyana düşməmək üçün məcburən yerdə can verən heyvanları tələsik kəsirmişlər. Lakin onların bu səyinə baxamayaraq, heyvanların çoxu murdar olub. Hətta həmin ətrafda olan qəssablar da kəsilən heyvanların əvvəldən murdar olduğunu bildirmişdilər. Hadisə zamanı çəkilən videodan da aydın olurdu ki, heyvanların çoxu ölüb. Bu isə o deməkdir ki, həmin heyvanların ətinin satışı olduqca təhlükəlidir.

Buna rəğmən qəssabların tələsik şəkildə kəsdikləri heyvanların bir neçəsini soyub, satışa hazırladığının da şahidi olduq. Bu ətlərin “leş mafiyası”nın əlinə keçməsi ehtimalı da hər kəsi narahat edən məsələdir.

Musavat.com olaraq tələf olan heyvanların aqibəti ilə bağlı aidiyyatı qurumlarla əlaqə saxladıq.

Məsələ ilə bağlı Qida Təhlükəziliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev tələf olan heyvanları dərhal həmin ərazidən uzaqlaşdırıraq, utilizasiya edildiyini bildirdi:

“Həmin heyvanların yenidən qida zəncirinə daxil olmaması üçün Nizami Rayon İcra Hakimiyyəti, Nizami Rayon Polis İdarəsinin əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri tədbirlər həyata keçirilib. Həmin hadisə baş verəndən yarım saat sonra tələf olan heyvanlar ərazidən uzaqlaşdırılaraq, utilizasiya olundu”.

Qurbanlıq heyvanların satışı yarmarkasındakı heyvanların tələf olduğu anın görüntüsünü təqdim edirik.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …