Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Araşdırma / Şuşa necə azad edilib: Əməliyyatın bilmədiyiniz incəlikləri

Şuşa necə azad edilib: Əməliyyatın bilmədiyiniz incəlikləri

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatlarının kulminasiya nöqtəsi Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Füzuli və Cəbrayılın düşməndən təmizlənməsi Azərbaycan tərəfinə yenidən qruplaşma həyata keçirməklə əsas zərbəni Hadrut-Şuşa istiqamətində endirməyə imkan yaratdı.

Ermənistan ordusu Azərbaycanın növbəti hücumunu Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsindən Şuşa istiqmətinə gözlədiyi üçün əsas qüvvələrini bu qəsəbədən keçən maqistral yolun müdafiəsinə cəmləşdirmişdi. Ədalət naminə demək lazımdır ki, bu ərazidə müdafiə olunan erməni qüvvələri kifayət qədər itkiyə məruz qalsalar da, mövqelərindən geri çəkilmirdilər. Belə olan vəziyyətdə daim prosesləri nəzarətdə saxlayan Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev növbəti qeyri-standart qərarı ilə sonradan hər kəsi heyrətləndirəcək bir qərar qəbul etdi.
Bu qərar düşməni daha geniş coğrafiyada müdafiə olunmağa vadar etməkdən ibarət idi. Hadrutun azad olunmasından sonra Azərbaycan qoşunları hücumlarını daha çox rayonların ərazisində həyata keçirməklə buna nail ola bildilər. Nəticədə Zəngilan və Qubadlı şəhərləri işğaldan azad edilməklə Laçın, Hadrutdan isə Sığnaq-Şuşa istiqamətində hücumlarımız üçün münbit şərait yarandı. Meşə və sərt dağlıq relyefdə ermənilərin müdafiəsini yarmaq üçün artilleriya qoşunlarımızın hissə və bölmələri “şahmat” atəş metodundan istifadə etməklə motoatıcıların irəliləməsini təmin etdilər.


Noyabrın 2-dən sonra Şuşanın bir neçə kilometrliyində şiddətli toqquşmaların baş verdiyi məlum oldu. Azərbaycan Ordusunun hissə və bölmələri başqa XTQ olmaqla, Şuşa hücumunu yol infrastrukturunun olmadığı Topxana meşəsinin ərazisindən həyata keçirirdi. Ermənistanın Şuşa yaxınlığında qadağan olunmuş ağ fosfor mərmilərindən istifadə etməsinin məqsədlərindən biri də meşədəki Azərbaycan qüvvələrini yandırmaq və zəhərləmək idi.

Oktyabrın 20-dən sonra Laçın dəhlizinin 10 km-də yerləşən Azərbaycan Ordusu Ermənistanın Qarabağdakı separatçı rejimlə əlaqəsini təmin edən sonuncu maqistral yolu bağlamaqla, düşmənin “arteriya damarını” kəsməyə hazırlaşırdı. Bu yolun bağlanması əslində Müharibənin taleyini əvvəlcədən təyin edə bilən əsas faktor idi. Laçın dəhlizinin bağlanması təhdidini aradan qaldırmaq üçün düşmən çətin keçilən meşə və dağlıq ərazilərdə əks-hücumlara cəhd edirdi. Azərbaycan qoşunlarının əsas təminat yolları boyunca pusqulara rast gəlinirdi.

Bu vaxt Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev sonradan hər kəsi heyrətləndirəcək növbəti qeyri-standart qərarı qəbul etdi. Digər hissə və bölmələrin Şuşaya hücumunu ləngitməmək və qoşunu 5 günlük yolsuzluq şəraitində yormamaq üçün Böyük Tağlar kəndindən Şuşaya sıx Topxana meşələrindən yeni yol çəkildi. Mühəndis texnikasının köməyilə 3 gün ərzində Xocalının Çanaxçı və Sığnax kəndlərinə qədər 42 kilometr uzunluğunda yol açıldı. Bundan sonra isə Artilleriya hissə və bölmələri Çanaxçı ətrafında yerləşdirildi.


Oktyabrın son günlərində, tam 28 il 3 həftə sonra Laçın dəhlizi Ordumuz tərəfindən təkrar azad edildi. Bundan sonra Şuşa ətrafında hərbi təzyiqlərimizi artırmaqla Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin 400 nəfərə qədər şəxsi heyəti Şuşa-Laçın yolundan istifadə etməklə gizli şəkildə Şuşanın yerləşdiyi ərazinin əks tərəfinə keçə bildi. 5 gün ərzində sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyən XTQ bölmələri daha kiçik qruplara bölünərək, Şuşaya sızdılar və şəhərdə yerləşən 3000 nəfərə (erməni mənbələrə görə 2000 nəfərə) qədər işğalçı kontingenti malik olduğu artilleriya və zirehli vasitələrilə birlikdə məhv etdilər.

XTQ-nin uğurlu və gözlənilməz hücumu noyabrın 8-də Şuşanın azad edilməsilə nəticələndi. Hərb tarixində ilk dəfə sıldırım qayalar üzərində yerləşən, ağır artilleriya və tanklarla müdafiə olunan qala-şəhər atıcı fərdi silahlara malik, həm də sayca 7 dəfə az qüvvə ilə azad edildi.


Azərbaycanın Şuşanı azad etməsinə mane ola bilməyəcəyini anlayan Ermənistan rəsmiləri və generalları noyabrın 5-nə qədər şəhəri tərk etmişdilər. Azərbaycan XTQ-si noyabrın 7-də artıq Şuşada idi. Həmin gün səhər 09.00-da Ermənistan tərəfindən Şuşaya “İsgəndər-M” ballistik raketinin atılması bunu sübut edir. Sadəcə şəhərin tam azad edilməsi və müqavimət ocaqlarının ləğvi noyabrın 8-də başa çatdı.
Dumanlı hava qüvvələrimizə həm kəşfiyyat aparmağa imkan vermir, həm də PUA və aviasiya dəstəyini mümkünsüz edirdi. XTQ-nin heyəti şəhərə daxil olduğu ilk saatlarda düşmən qüvvələrini duyuq salmamaq üçün onları əlbəyaxa döyüşlə zərərsizləşdirirdi.

Şuşanın azad edilməsindən sonra noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi düşməndən təmizlədi. Səhərisi gün isə birgə Bəyanat imzalandı və Ermənistan təslim oldu. Bu günlərdə minlərlə erməni hərbçisi geyimini dəyişərək, Şuşa və Xankəndi şəhərlərindən çıxan mülki əhaliyə qoşularaq, Qarabağı tərk etdi. Şuşa-Xankəndi yolunda 3 kilometrlik tıxac yarandı, lakin Azərbaycan tərəfi 32 illlik işğal ərzində soyqırım da daxil, bizi incitmək üçün əllərindən gələni edən ermənilərə maneə yaratmadı. Bu karvanlarla hərəkət edən Erməni hərbçiləri Ordumuz üçün legitim hədəf idilər, lakin biz növbəti dəfə humanistlik göstərdik. Buna görə Azərbaycana təşəkkür etmək isə hələ heç bir erməninin ağlına gəlməyib.


Vətən Müharibəsinin Qələbəmizlə başa çatmasından sonra Ali Baş Komandan İlham Əliyev dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncam imzaladı. Sərəncama əsasən Vətən Müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il Şuşanın azad edildiyi 8 Noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi qərara alındı. Bu, son əsrlərdə Dövlətimizin, Ordumuzun və Xalqımızın qazandığı ən böyük Qələbə, Misilsiz Tarixi Zəfər idi. Bu qələbə bizim Böyük Gələcəyə yolumuzu açırdı…

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün

Həmçinin oxuyun

Yeni ştamın simptomları nədir?

Koronavirusun yeni “Omicron” ştamının peyda olması bir sıra ölkələri pandemiya ilə mübarizə planlarını yenidən nəzərdən …