Ana səhifə / Araşdırma / Sürücü və qohumlarının döydüyü polislərdən birinin vəziyyəti ağırdır

Sürücü və qohumlarının döydüyü polislərdən birinin vəziyyəti ağırdır

Bakıda sürücü və qohumları tərəfindən döyülən Dövlət Yol Polisi (DYP) əməkdaşlarından birinin vəziyyəti ağırdır.

26 saylı birləşmiş şəhər xəstəxanasından lent.az-a verilən məlumata görə, yol polisi əməkdaşı Vüqar Abbasov qapalı kəllə-beyin travması, beyin silkələnməsi, üz və burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi, burun qanaxması diaqnozu ilə dünən axşam xəstəxanaya daxil olub. Onun vəziyyəti ağır olduğu üçün 3 saylı Şəhər Kliniki Xəstəxanasına göndərilib.

Xatırladaq ki, digər polis əməkdaşı Ceyhun Ağayevə isə başın və sifətin küt travması diaqnozu qoyulub. C.Ağayev öz istəyi ilə evə buraxılıb.

*   *   *15:16

Bakıda sürücü və qohumları Dövlət Yol Polisi (DYP) əməkdaşlarına hücum edərək onlara xəsarət yetirib.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, Mərdəkən qəsəbəsi, Qızıl qum yaşayış massivində yaşayan 30 yaşlı Rakif Abdullayev “VAZ 2107” markalı avtomobili idarə edərkən işıqforun qadağanedici siqnalına (qırmızı işıq) əhəmiyyət verməyərək hərəkətinə davam edib.

Həmin vaxt orada xidmətdə olan Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin əməkdaşları Vüqar Abbasov və Ceyhun Ağayev tərəfindən “VAZ 2107” avtomobilinin sürücüsünə “Saxla” əmri verilib. Lakin buna baxmayaraq R.Abdullayev avtomobilin sürətini artıraraq yoluna davam edib.

O, avtomobili yaxınlıqda – yaşadığı evin arxasında saxlayıb. Bundan sonra sürücü Rakif Abdullayev, onun atası, 51 yaşlı Rafiq Abdullayev və qardaşı, 29 yaşlı Gülbala Abdullayev avtomobildən düşərək onlara bir qədər əvvəl “Saxla!” əmri vermiş polis əməkdaşlarına taxta parçası ilə hücum edərək, polislərə ağır xəsarətlər yetiriblər. Polis serjantları 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. C.Ağayev tibbi yardım aldıqdan sonra evə buraxılıb. V.Abbasov isə müalicəsini davam etdirir.

Xuliqanlıq törədən şəxslər Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb, istintaq aparılır.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın