Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Araşdırma / “Sürücü dedi ki, kartla ödənişdirsə, aparmıram” – Sərnişinlər dərdlərini kimə desinlər? – ARAŞDIRMA

“Sürücü dedi ki, kartla ödənişdirsə, aparmıram” – Sərnişinlər dərdlərini kimə desinlər? – ARAŞDIRMA

Taksi şirkətlərindən şikayəti olanların sayı çoxalır. Ekspertlər deyirlər ki, problemlərimizlə bağlı effektiv tədbir görülməsini istəyiriksə, şikayətimizi aidiyyəti qurumlara bildirməliyik.

Sosial şəbəkələrdə hər gün taksi şirkətlərinin xidmətindən narazı müştərilərin statuslarını görürük. “Sürücü dedi ki, kartla ödənişdirsə, aparmıram”, “Avtomobili çox sürətlə idarə edir, söz deyirəm, aqressiv cavab verir”, “Gəlib çatdı, gediləcək ünvanı biləndə aparmaqdan imtina etdi” və s. mövzuda şikayət çox olur.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin araşdırmasını təqdim edirik. 

Adətən, bu tip paylaşımlarda qeyd olunur ki, taksi sürücüsünün göstərdiyi xidmətdən narazılıqla bağlı şirkətə şikayət edilib. Həmin paylaşımlardan birinə belə rəy yazılmışdı: “Təəssüf ki, heç nəyi oxumayacaqlar, oxusalar belə, nəzərə almayacaqlar”. Yəni kimdən kimə şikayət edirsən?

Düzdür, öz imicini düşünən şirkətlər sosial şəbəkələrdə yazılan, şirkətə birbaşa bildirilən şikayətlər əsasında problemləri həll etməyə çalışmalıdırlar. Əgər onlar buna çalışmırsa, taksi şirkətlərinin xidmətindən istifadə zamanı üzləşdiyimiz problemlərlə bağlı hara müraciət edək?


Şikayət edəcəyimiz ünvanlar

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, sərnişinin şikayəti ilə bağlı yalnız taksi şirkətinə müraciət etməsi problemlərin həlli üçün o qədər də effektiv üsul deyil:

“Azərbaycanın məşhur mahnısının sözləri var: “Sənə yar, səndən yar, şikayətim var”. Əgər sənə səndən şikayət edəcəmsə, təbii ki, ona ciddi reaksiya olmayacaq. Taksi şirkəti uzağı sürücünü çağırıb xəbərdarlıq edəcək, bir töhmət verəcək və s. Çünki şirkətlərdə ciddi şəkildə sürücü çatışmazlığı var. Hər şikayətə görə sürücünü işdən çıxarmırlar. Şirkətə şikayət edirsinizsə, o, subyektiv qərar çıxaracaq. Vətəndaşlar şikayətlərini doğru ünvana etməlidirlər”.


Nəqliyyat üzrə ekspert Eldəniz Cəfər bildirdi ki, vətəndaşlarımız Bakı şəhərində taksi xidmətində qarşılaşdıqları neqativ hallarla bağlı bir neçə quruma müraciət edə bilərlər:

“Əgər hüquqları istehlakçı kimi pozulursa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər. Əgər taksi sürücüsü onlarla kobud rəftar edibsə, nalayiq ifadələr işlədibsə, Daxili İşlər Nazirliyinin 102 “qaynar xətti” ilə əlaqə saxlasınlar. Kartların istifadəsi, nağd ödənişlə bağlı problem varsa, taksi xidmətinin ümumi fəaliyyətindən narazı qalıblarsa, Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər”.

İlqar Hüseynlinin sözlərinə görə, maddi-mənəvi təzminat almaq məqsədilə şirkəti məhkəməyə də vermək, yaxud istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarına müraciət edib məsələni ictimailəşdirmək olar.

Yarım il ərzində 11 müraciət

Bəs insanlarımız taksi xidmətlərindən istifadə zamanı qarşılaşdıqları problemlərlə bağlı aidiyyəti qurumlara müraciət edirlərmi?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirildi ki, 2022-ci ilin ilk 6 ayında taksi xidməti sahəsi ilə əlaqədar quruma cəmi 11 müraciət daxil olub. Müraciətlər, əsasən, hesablaşmanın nağdsız olması səbəbindən sürücülər tərəfindən müvafiq xidmətin göstərilməsindən imtina, müştərilərin kart hesablarından əsassız şəkildə vəsaitin silinməsi, məbləğin ilkin qiymətdən fərqli olması, taksi sürücüsünün sifarişə uyğun olaraq düzgün təyinat məntəqəsinə yaxınlaşmaması və ya yubanması ilə əlaqədar olub.


Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, taksi şirkətləri ilə bağlı şikayətlər tənzimləyici qurum olaraq BNA-ya ünvanlana bilər:

“Vətəndaşlar tərəfindən də bu səpkidə müraciətlər gəlir. Son ayların statistikasına baxsaq, 15-ə yaxın müraciət daxil olub. Şikayətlər, əsasən, sürücülərin davranışları ilə bağlı olur”.

M.Ağayev qeyd etdi ki, hazırda taksi xidməti sahəsində müəyyən nizamsızlıq, xaotik vəziyyət mövcuddur. Bunun aradan qaldırılması üçün agentlik tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir.


Sosial şəbəkələrdəkindən çox şikayət

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyir ki, taksi xidmətində qarşılaşılan problemlərlə bağlı DİN-in 102 zəng mərkəzinə daxil olan şikayət sayı sosial şəbəkələrdə gördüklərimizdən qat-qat çoxdur:

“Təkcə ötən il Bakı şəhərində ayrı-ayrı vətəndaşlarımızdan daxil olan şikayətlər əsasında 100-ə yaxın taksi sürücüsü barəsində araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb. Müraciətlərin hər biri araşdırılır və tədbir görülür. Eyni zamanda, respublika polisinə, yol post-patrul xidmətinə, eləcə də post-patrul xidmətinə, sahə rəislərinə müvafiq tapşırıq və göstərişlər verilib ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyətinə ciddi nəzarət edilsin”.

E.Hacıyev deyir ki, DİN-ə müraciətlər daha çox taksi sürücülərinin qeyri-etik davranışı, ünvana vaxtında çatmaması, qiyməti artırmaq üçün yolu uzatması, avtomobili sürətlə idarə etmələri, pulun qalığını qaytarmaqdan imtina etmələri və s. ilə bağlı olur.


Şikayətlər azalır?

E.Hacıyevin sözlərinə görə, zamanla şikayət sayı azalır:

“Polis əməkdaşları müştəri qismində taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdə əyləşirlər, nəzarət profilaktik tədbirlərini həyata keçirirlər. Aşkarlanan neqativ hallarla bağlı görülən tədbirlər nəticəsində vəziyyət yaxşıya doğru dəyişib. Əvvəllər gün ərzində 50-dən çox belə şikayət daxil olurdusa, indi birrəqəmli həddə düşüb. Bəzən 20-yə qədər olur. Xeyli irəliləyiş var. Məsələn, sürücünün narkotik maddənin təsiri altında olması, sərxoş halda nəqliyyat vasitəsi idarə etməsi ilə bağlı şikayətlər olurdu. Bunlar da azalmaya doğru gedir. Taksi şirkətlərinin də bu işə ciddi yanaşmaları müşahidə olunur”.

Başqa mərkəzə nə ehtiyac?

Eldəniz Cəfər deyir ki, problemlərin həlli üçün aidiyyəti qurumlara müraciət edilməsi daha effektivdir:

“Hansısa qurumun vəziyyəti tam yaxşılaşdıracağını demirəm, amma laqeyd də qalmayaq”.

Göründüyü kimi, hazırda vətəndaşların şikayətlərini bildirə biləcəyi bir neçə ünvan mövcuddur. Bu işin mərkəzləşdirilməsinə ehtiyac varmı?

Eldəniz Cəfər bildirdi ki, yenidən vahid mərkəzin yaradılmasına ehtiyac yoxdur:

“Dünya təcrübəsinə baxsaq, orda da bu iş üçün ayrıca qurum yaradılmayıb. Hər şəhərin nəqliyyata cavabdeh bir dövlət idarəsi var, onlar nəzarət edirlər. Həmin idarə hər şəhərin icra hakimiyyətinin tərkibindədir. Bizdə də Bakı Nəqliyyat Agentliyi var və icra hakimiyyətinin tabeliyinə verilib. Agentliyin  əsasnaməsində taksi xidmətinin təşkili də var. Bu baxımdan başqa bir mərkəzin yaradılmasına ehtiyac yoxdur”.

Həmçinin oxuyun

Ordudakı cinayət halları – Xanlar Vəliyev rəqəmlərlə açıqladı

“2021-ci ilin 8 ayı ilə müqayisədə 2022-ci ilin müva­fiq dövründə qeydə alınmış özünü öldürmə həddinə …