Hələ o zaman STP-dəki əməhhaqqı problemini təkzib edən mətbuat xidmətinin rəhbəri bildirirdi ki, belə bir hal yoxdur: “Məlumat yalandır”. Çox keçmədi ki, yazılanlarda müəyyən doğruluq üzə çıxdı, həqiqətən də STP-də əmək haqqları gecikməsi təsdiqləndi.
Çox keçmədi ki, Sumqayıt Texnologiyalar Parkının rəhbərliyində ciddi dəyişiklik baş verdi. Təsisçinin qərarı ilə Emin Yaşar oğlu Məmmədov “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktor vəzifəsinə təyin olundu. İşçilərin əmək haqqlarını gecikdirən parkın icraçı direktoru Sahib Musayev isə başqa vəzifəyə keçirildi.
Bir neçə gün əvvəl Bizimxeber.az-ın elektron ünvanına daxil olan məlumatda isə bildirlir ki, STP-də yığılıb qalan yanvar, fevral, mart ayının əmək haqqları hələ də verilməyib. Daha doğrusu, sabiq icraçı direktor Sahib Musayevin zamanından qalan əmək haqqı borcları hələ də ödənməyib. Yeni baş direktor Emin Məmmədov işçilərə əmək haqqlarının veriləcəyi ilə bağlı söz versə də, hələlik nəticə yoxdur. Məlumatda həmçinin qeyd olunur ki, STP-də kadr islaharları ilə yanaşı, işçilərin ixtisarı da davam edir.
Məlumatı dəqiqləşdirmək üçün, bu gün STP-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Bizimxeber.az-ın əməkdaşına bildirdi ki, hazırda “Sumqayıt Texnologiyalar Parkı”nda əmək haqqı problemi yoxdur:”Bütün işçilərin əmək haqqları vaxtında ödənilir”.
Məlumat üçün bildirək ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin yeni baş direktoru Emin Məmmədovdur. Baş direktor uzun illər bank sektorunda çalışıb, “Ekspress Bank”da İdarə Heyətinin sədri olub. STP-yə baş direktor təyin olunan gün “Ekspress Bank”da Müşahidə Şurasının rəhbəri təyin olunub. Mətbuatda Emin Məmmədovun adı ikinci devalvasiyadan əvvəl özünün və yaxınlarının adına 2.5 milyon manat kredit götürənlər sırasında hallanırdı. Hələlik bu faktlar öz təsdiqini tapmayıb.