Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / “Solmazı faizə oturtmuşdular”- Sələmə pul verdiyi deyilən müəllimələrin…

“Solmazı faizə oturtmuşdular”- Sələmə pul verdiyi deyilən müəllimələrin…

Bir qrup müəllimənin şikayəti əsasında həbs edilən qadının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Həbs edilən Sədiyeva Solmaz Çölu qızı dələduzluqda təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda olduqda) maddəsi ilə cinayət işi açılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Solmaz Sədiyeva növbəti dəfə hakim qarşısına çıxarılıb. Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində bir nəfər şahid ifadə verib. Zərərçəkmiş müəllimələr vəkil vasitəsi ilə məhkəməyə etiraz məktubu göndəriblər.

Zərərçəkmiş müəllimələr faizə pul verirmiş?

Qeyd edək ki, ittihama görə Solmaz Sədiyeva bir neçə nəfərə qarşı dələduzluq edib. Dələduzluqla üzləşdiklərini deyən və Sədiyeva barəsində hüquq-mühafizə orqanlarına müraciət edən xanımların əksəriyyəti müəllimədir. Müəllimələr şikayətlərində yazırlar ki, Sədiyeva onlardan pulu özlərini və yaxınlarını işə düzəltmək adı ilə alıb. Ancaq Sədiyeva deyilənləri təkzib edir. O, müəllimələrdən pul aldığını etiraf etsə də həmin məbləğləri işə düzəltmək adı ilə yox, borc üçün götürdüyünü və hər ay da faiz ödədiyini qeyd edir.

Məhkəmə prosesində şahid qismində Aytəkin Talıbova dindirilib. AFFA-da inspektor vəzifəsində çalışdığını deyən A.Talıbova iş üzrə təqsirləndirilən Solmaz Sədiyevanı tanıdığını deyib. Talıbova həbs edilən şəxsin faizlə pul götürməsinə kömək etdiyini, vasitəçi olduğunu söyləyib.
Talıbova bildirib ki, bu iş üzrə zərərçəkmiş kimi tanınan müəllimə İradə Əhmədovanı tanıyır və onun hazırda həbsdə olan Sədiyevaya faizlə pul verməsinə kömək edib.

“Solmazı faizə oturtmuşdular”

“Məndə iki pensiya kartı var idi. Həmin pensiya kartları vasitəsi ilə İradə Əhmədovadan Solmaz üçün faizə pul götürdük. Kartlar İradədə qaldı. Birindən ayda 127 manat, digərindən isə 140 manat olmaqla 8-9 ay kartlardan pul çıxarılıb. Bu barədə sorğu verilsə, məlum olar ki, pulları kartdan İradə Əhmədova çıxarıb”.
Şahid bildirib ki, Solmaz Sədiyevanın başqa şəxslərdən də faizə pul götürməsindən xəbəri olub. O, bildirib ki, hətta Sədiyeva gündəlik faiz də ödəyib: “Necə deyərlər Solmazı faizə oturtmuşdular. Gündəlik 20 manat faiz verdiyi də olurdu. Mən onun dəqiq faizə pul götürdüyünü bilirəm. Bir dəfə də mənə 200 dollar vermişdi. Həmin pulun faiz olduğunu və İradəyə çatmalı olduğunu söyləmişdi”.
Məhkəmədə zərərçəkmiş kimi tanınan bir qrup müəllimənin vəkili vəsatətlə çıxış edib. O, bildirib ki, hüquqlarını müdafiə etdikləri şəxslər məhkəməyə sədrlik edən hakimə və tərkibdə olan digər hakimlərə etiraz edirlər.

Müəllimələr hakimdən narazıdır…

Vəkil etiraz məktubunu məhkəmədə elan edib. Zərərçəkmiş müəllimələr etiraz məktublarında qeyd edirlər ki, onlar məhkəmənin ədalətli araşdırılmasından narazıdırlar. Müəllimələr iddia edirlər ki, məhkəməyə sədrlik edən hakim Tamila Nəsrullayeva və digər iki hakim- Novruz Kərimov və Ramella Allahverdiyeva işə qərəzli şəkildə yanaşır. Məhkəmə istintaqının düzgün aparılmadığından narazı olan müəllimələr həmçinin onu da iddia edirlər ki, məhkəməyə sədrlik edən hakim Tamila Nəsrullayeva dələduzluqda təqsirləndirilərək həbs edilən Solmaz Sədiyevanın böyük bacısı Tamilla Əliyeva ilə rəfiqə olublar və bir zamanlar eyni qəsəbədə- Zabratda yaşayıblar. Müəllimələr məktublarında yazırlar ki, hakim bu tanışlığa görə işə qərəzli yanaşır.
Məktubda müəllimələr işin qərəzli aparılmasını başqa bir iddia ilə də əsaslandırmağa çalışırlar. Etiraz məktubunda yazılııb: “Məhkəmə prosesləri günün birinci yarısına təyin olunduğundan biz gələ bilmirik. Məhkəmədən proseslərin günün ikinci yarısına salınmasını istəsək də bu təmin edilmədi”.
Vəkil bildirib ki, müəllimələr bu məktubun bir nüsxəsini Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə, bir nüsxəsini isə Ali Məhkəmənin sədrinə də ünvanlayıblar.
Hakim Tamila Nəsrullayeva müəllimələrin məktubunun qəbul edildiyini, ancaq müzakirəsinin onların iştirakı ilə aparılacağını deyib.
Hakim: “Xanım adaşım olsa da tanımıram”

Hakim bildirib ki, narazı zərərçəkmişlər məhkəməyə gələrək qeyd etdikləri ədalətsizliyi və qərəzi məhkəməyə bildirməlidirlər.
T.Nəsrullayeva məktubda qeyd edilən bəzi məqamlara aydınlıq gətirərək deyib: “Zərərçəkmişlər yazırlar ki, biz məhkəmənin vaxtını düzgün, yəni onlar istəyən vaxta salmamışıq. Bizim məhkəmə proseslərini günün ikinci yarısına təyin etdiyimiz vaxtlar da olub. Amma bura məhkəmədir və hər bir hakimin öz vaxtı var. Onlar da prosesdə gəlib iştirak etməlidirlər.

Digər tərəfdən isə mənim təqsirləndirilən şəxs Solmaz Sədiyevanın böyük bacısı ilə rəfiqə olmağım göstərilir. Mən Tamilla Əliyeva adlı şəxsi tanımıram. Düzdür, mən Zabrat qəsəbəsində yaşamışam. Amma bu onu deməyə əsas vermir ki, mən Tamilla Əliyevanı tanımalıyam. Mən 1970-ci ildə Zabratda 81 nömrəli orta məktəbi bitirmişəm. Sonra da universitetə daxil olmuşam. 1985-ci ildən isə Zabratdan köçərək şəhərdə yaşamağa başlamışam. Adı çəkilən xanım adaşım olsa da heç vaxt görməmişəm və tanımıram”.

Təqsirləndirilən Solmaz Sədiyeva isə qeyd edib ki, böyük bacısı Tamilla Əliyeva 2012-ci ildən İtaliyada yaşayır.
Məhkəmə prosesinin sonunda Solmaz Sədiyeva məhkəmədən söz istəyərək deyib ki, zərərçəkmiş kimi tanınan hər bir müəllimədən borca pul alıb və qarşılığında da faiz ödəyib: “Ancaq həmin şəxslər yazıblar ki, guya mən onlardan işə düzəltmək adı ilə pul almışam”.

Məhkəmənin növbəti iclasında zərərçəkmiş kimi tanınan müəllimələrin iştirak edəcəyi gözlənilir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın