Cümə , Oktyabr 23 2020
Ana səhifə / Araşdırma / Siyasi texnologiyaların KİV-lərdə tətbiq mexanizmləri

Siyasi texnologiyaların KİV-lərdə tətbiq mexanizmləri

İnternet texnologiyasının Web 1.0-dan Web 2.0-a keçməsiylə internetin həyatımızdakı rolu gedərək artdı. Qısası, Web 1.0 olaraq bəhs edilən texnologiyada, istifadəçilər internet səhifələrində tamaşaçı ikən Web 2.0 texnologiyası ilə istifadəçilər internet səhifələrinin iştirakçısı oldular. Sosial şəbəkələr olaraq bilinən Facebook, YouTube, Twitter, Linkedin kimi internet markaları bu texnologiyanın ən məşhur məhsulları halına gəldilər.
Sosial şəbəkələrin kütləvi istifadə edilməsindən sonra xalqların demokratiya tələbləri artmağa başladı. Çünki qeyri-demokratik ölkələrdə yaşayan insanlar daha inkişaf etmiş ölkələrdəki vəziyyəti müşahidə etmək imkanı tapdılar. Bir-birlərinin şikayətlərini daha asan öyrəndilər və özləriylə eyni fikri paylaşan insanlara daha asan çatıb mütəşəkkil oldular. Bu vəziyyət bəzi ölkələri internet azadlığını məhdudlaşdırmağa yönəltdi. Xüsusilə az inkişaf etmiş ölkələrdə tətbiq olunan məhdudiyyət və maneələrin birinci səbəbi məhz bu vəziyyətdir.
Hər hansı bir ölkədə vətəndaşın hər cür məlumata internet üzərindən çata bilməsi və bu məlumatın faydasını ya da zərərini özünün müstəqil olaraq dəyərləndirməsi lazımdır, lakin çox təəssüf ki, bir çox ölkədə vəziyyət bu şəkildə işləmir. Yüksək inkişaf etməmiş bir çox ölkə internetə müxtəlif səbəblərlə senzura tətbiq edir. Demək olar ki hər müxalif fəaliyyət senzuraya düçar olur.

Azərbaycanda və dünyada internetin istifadəsi sürətlə artmağa davam edir və bu vəziyyət əvvəlki abzaslarda də bəhs edildiyi kimi istifadəçiyə internet üzərindən fikirlərini sərbəst şəkildə paylaşabilmə, asanlıqla təşkil olma, dövləti və hökuməti daha asan sorğulama və s. imkanları təmin edir. Eyni zamanda sosial şəbəkə səhifələri vətəndaşlar arasındakı ünsiyyəti asanlaşdırır. İnsanlar artıq məlumat qaynağı kimi və xəbər almaq məqsədiylə internetdən istifadə edir. Xüsusilə gənclər arasında bu məqsədlə sosial şəbəkə istifadəsi ənənəvi KİV istifadəsini “kölgədə qoyub”. Sosial media ənənəvi mediaya nisbətən siyasi ünsiyyətdə daha neytral bir mühit təqdim edir. Çünki ənənəvi media vasitələrinə asanlıqla senzura tətbiq edilməsi bu vasitələrin iqtidara yumşaq münasibətdə dərc edilməsi problemini ortaya çıxarır. Bundan başqa da siyasi subyektlərin (ələxsus da siyasi partiya və namizədlərin) sosial media vasitəsilə vətəndaşlara daha rahat çata bildiyini və seçicilərinə daha obyektiv bir siyasi seçim şansı verdiyini söyləmək olar.
Keçmişdən bu günə qədər siyasətçilər daha qısa müddətdə daha çox insana çatmaq üçün cəhdlər etmişlər. Texnoloji inkişafa paralel olaraq artıq sosial şəbəkələrdən istifadə edən siyasətçilər bu məqsədə çatmağa ənənəvi media vasitələri ilə ünsiyyət qurmağa çalışanlara nisbətən daha yaxın görünürlər. Artıq siyasətçilər milyonlarla insan ilə bircə saniyənin içində ünsiyyətə keçə bilirlər.
Gücünü insan faktorundan alan bu tip rabitə kanallarının ənənəvi ünsiyyətdən fərqi çox sürətli, və geniş spektrli olmasdır. Bu səbəbdən də internet mediası təsirli nəticələr doğurur. Ənənəvi qəzet, radio və televiziya kimi nəşrlərdə insanlar passiv vəziyyətdə olduqlarından öz fikirlərini, emosiya və reaksiyalarını aydın bir şəkildə ifadə edə bilmirlər. Fərdin şüurlu olaraq fikirlərini paylaşma və başqa insanlara çatdırma istəyi sosial paylaşım saytlarının təsir gücünü artırır. Əvvəllər siyasətçilər danışar, xalq dinləyərdi. Yeni siyasət anlayışında artıq xalq da söz haqqı istəyir, danışır, şərh edir, etiraz edir və müzakirə aparır. Ya dəstəkləyir, ya da nə üçün dəstəkləmədiyini bloqunda, Facebook və ya Twitter səhifəsində bütün cəsarətiylə yazır. Təkcə yazmaqla qalmır, özü kimi düşünənlərin sayını artırmaq üçün müəyyən səylər göstərir. 2008-ci ildə Obamanı dəstəkləyən 400 mindən çox bloq yazısı yazıldı. İnsanlar bu tip aktlarını yalnız əyləncə üçün deyil, gələcəklərini təyin edən siyasətçiləri müzakirə etmək və qiymətləndirmək üçün də istifadə edirlər.
Hal-hazırda bir çox siyasətçi sosial şəbəkələrdəki hesablarını istifadə edərək seçiciləri ilə ünsiyyət qurur. Buna əlavə olaraq sosial medianın siyasətçi və seçici arasındakı ünsiyyəti necə asan və interaktiv hala gətirdiyini izah etmək üçün “Youtube”-un “Worldview” kanalını nümunə götürərək araşdıra bilərik. Bu kanal siyasətçilər ilə vətəndaşlar arasında daha şəffaf bir ünsiyyət yolu açır. Əvvəlcə üzv olan istifadəçilər veb sayta qonaq olacağı açıqlanan şəxsə soruşmaq üçün müxtəlif suallar yazırlar. Ardıyca bu suallar istifadəçilər arasında səsə qoyulur və ən çox səs alan suallar bir jurnalist tərəfindən qonağa yönəldilir.

Seçkilər ərəfəsində sosial şəbəkələr siyasətçilərə özlərini tanıda, fikir və məqsədlərini açıqlaya biləcəkləri və bunun qarşılığında ictimai rəyi öyrənə biləcəkləri bir mühit təmin edir. Yəni siyasətçi seçkilərdən əvvəl seçicilərdən müəyyən bir cavab alır və beləcə qazanacağı səs nisbətini seçki əvvəlində daha tutarlı təxmin etmə şansına sahib olur.
Siyasətçiləri sosial media istifadəsinə yönəldən digər bir faktor da bu vasitələrin gənclər arasında olduqca məşhur olmasıdır. Əlaqədar olaraq Facebook, MySpace, Youtube kimi sosial media saytlarının xüsusilə gənc seçicilər arasında məşhur olaraq istifadə edilməsi siyasətçilərin özlərini olduqca yaxşı bir şəkildə seçiciləri ilə qarşılıqlı təsirə keçə biləcəkləri bir platforma olaraq ünsiyyətdə əvvəlki seçkilərə görə yeni seçki texnologiyalar meydana gətirir.
Müasir demokratiyalarda siyasətçilər üzərindəki ən böyük ictimai güc vətəndaşlardır, bu səbəbdən vətəndaşın siyasətçiyə çata bilməsi əhəmiyyətlidir. Buna görə sosial medianın güclənməsinə düz mütənasib olaraq siyasətçilərin gördükləri işlərdən ötəri hesabat vermə müddətləri qısalır və məsuliyyətləri artır. Əslində vətəndaşa qarşı məsul olma və hesabat vermə zərurəti demokratik ölkələrdə hər zaman mövcud idi, lakin sosial media bu işi həm asanlaşdırdı, həm də səmərəsini artırdı.

Sosial medianın bir digər əhəmiyyətli rolu da müxtəlif qərarlara reaksiya vermək üçün insanların bir yerə toplanmasını asanlaşdırmasıdır. Fərdin tək başına hökumətin və ya hər hansı bir təşkilatın qərarlarına qarşı çıxması olduqca çətindir. Onun etirazının əhəmiyyətli ola bilməsi üçün əvvəlcə özüylə eyni fikrə sahib insanlarla ünsiyyətə keçməsi və bir birlik meydana gətirməsii lazımdır. Bunu etmək sosial media istifadə edilməzdən əvvəl olduqca bahalı və vaxt aparan bir proses idi, lakin sosial media vasitələri bu çətinlikləri böyük bir dərəcədə aradan qaldırdılar. İndi artıq vətəndaşlar hökumətlərin qərarlarıyla əlaqədar düşüncələrini dərhal və interaktiv olaraq paylaşa bilirlər. Sosial şəbəkələrdəki xəbər səhifələrinin şərh hissələrinə baxıldıqda insanların reaksiyaları rahatlıqla görünür.
Sosial şəbəkələr siyasətçiləri daha şəffaf və ardıcıl olmağa istiqamətləndirməklə bərabər onlara etdikləri hər hərəkətin, sərf etdikləri hər sözün seçici tərəfindən necə qəbul edildiyini seçkilərdən əvvəl öyrənmək imkanı verir. Eyni zamanda bu şəbəkələrin interaktiv ünsiyyəti təmin etməsi ən yeni seçki kampaniyalarının ənənəvi seçki kampaniyalarından daha az xərcli və sürətli olmasına kömək edir. Yəni sosial şəbəkələr həm yeni kampaniya texnologiyaları meydana gətirir, həm də ənənəvi texnologiyalara katalizator təsiri edir.
Barak Obama 2012-ci il prezident seçkilərində kampaniyasının startını özünün vizual olaraq iştirak etmədiyi qısa bir video ilə Youtube üzərindən verdi. Bu videoda Birləşmiş Ştatların müxtəlif yerlərindən müxtəlif insanların Obamaya duyduqları simpatiyaya yer verilirdi. Beləcə Obama ilk mərhələdə əleyhdarlarına öz üzünü göstərməyərək, onların sevmədikləri üzü onlardan gizləyərək ilk mesajını verirdi. Bu, videonu sona qədər izləyənlər üçün incə və əhəmiyyətli bir detal olaraq düşünülmüşdü. Statistikalar ABŞ-dakı prezident seçkilərində sosial mediada bir çox rekordun qırıldığını ortaya qoyur. Seçki günü Twitter üzərindən seçki ilə əlaqədar təxminən 32 milyon mesaj göndərildi. Fotoşəkil paylaşım saytı Instagram isə Obamanın prezident seçilməsinin ardından yalnız bir neçə saat içində 250 mindən çox seçki ilə əlaqədar fotoşəkil paylaşılmasına şahid oldu. Obamanın “Four more years” (Dörd il daha) dediyi Twitter mesajı təxminən 1 milyon dəfə paylaşıldı və bu günə qədər ən çox paylaşılan mesaj oldu. Ölkəmizdə tanınan internet saytlarının başqa Çinin özünə xas Twitter bənzəri Weibo saytında isə 6 noyabrın ertəsi günü ABŞ-dakı prezident seçkiləriylə əlaqədar 25 milyondan çox mesaj paylaşıldı. 2008-ci ildə həyata keçirilən kampaniya ilə qırılan sosial media rekordları 2012 seçkilərində də təkrarlandı. 2008-ci ildə yalnız son 4 gündə təxminən 3 milyon seçici Obamanın adını Google-da axtarmışdı. Yenə həmin kampaniya müddətində kampaniya ilə əlaqədar seçicilərə 3 milyondan çox SMS və təxminən 15 milyon e-mail göndərilmişdi.

Çox sayda insana çatmaq müvəffəqiyyətli bir siyasi hərəkatın ən əhəmiyyətli faktorlarından biridir. Sadə bir məntiqlə düşünsək, daha çox insana çatmaq daha çox insanı təşkilatlandırmağa kömək edir. Əlbəttə sosial mediadan istifadə etmək üçün internetə çıxış sahibi olmaq başlıca şərtdir. İnternet infrastrukturu qeyri-kafi olan və aşağı iqtisadi rifaha sahib ölkələrdə sosial medianın siyasətə təsiri azdır. Yaxın Şərqdə (İsrail istisna olmaqla), Afrika və Asiyada olan ölkələrin iqtisadi rifahları Avropa və Şimali Amerikadakı ölkələrin iqtisadi rifahlarıyla müqayisədə olduqca aşağıdır. Bu da həmin ölkələrdəki insanların internetə çıxışını məhdudlaşdıraraq onların sosial şəbəkə aktivliyinin qarşısını alır, beləcə həmin insanların sosial şəbəkələr vasitəsilə dövlət və hökumət orqanlarının işlərinə müdaxilə etməsinə mane olur.
Sosial medianın Ərəb baharı adlandırılan prosesdə də müşahidə olunduğu kimi öz gücünün əksinə hər zaman təsirli ola biləcəyi, ya da müvəffəqiyyətə çatacağı deyilə bilməz. İranda 2009-ci ildə keçirilən prezident seçkilərinin ardından başlayan və “Yaşıl inqilab”, yaxud “Twitter inqilabı” olaraq adlandırılan etirazlar müvəffəqiyyətsizliklə nəticələndi.
Siyasi hərəkatın Facebook səhifəsinə görə Misirdə 89250 adam 6 aprel etirazına qatılacağını bildirmiş amma Stratfor qiymətləndirməsinə görə isə reallıqda çox az sayda etirazçı iştirak etmişdir.
Qısa müddət içərisində bütün Şimali Afrika və Orta şərqə yayılan üsyan silsiləsi Tunis, Misir və Liviyada hökumətləri devirdi. 3 milyondan çox tweet, geqabaytlarla ölçülən Youtube videoları və minlərlə bloq analiz edildikdən sonra yeni siyasi araşdırmalar sosial medianın Ərəb baharı zamanı siyasi intriqaları şəkilləndirməkdə mərkəzi bir rol oynadığını ortaya qoyur.

Misir rəhbəri Hüsnü Mübarəkin istefasını təqdim etməsindən əvvəlki həftə paylaşılan tweetlərin say nisbətləri 100 dəfə artdı: bir gündə 2300-dən 230000-ə çatdı.
Üsyanın Tunisdən Misirə sıçramasından dərhal sonra sosial media üzərindən təşkilatlanmağa başlayan xalqı dayandırmaq üçün Misir hökuməti Twitterə girişə maneə törətmiş, Facebook, Yahoo və Google-a çıxışı əhəmiyyətli ölçüdə azaltmışdır.
28 yanvar 2011-ci ildə Misir hökuməti internet və smartfon şəbəkələrinin bağlanılmasını əmr etmişdi. Hökumətin sosial mediaya qarşı icra etdiyi əməliyyatlar müvəffəqiyyətsizliklə nəticələnmiş və 11 fevral 2011 tarixində Misirin dövlət başçısı Hüsnü Mübarək istefa vermişdir.
Rusiya və Çin kimi KİV-in demək olar ki, tamamilə iqtidarın nəzarətində olduğu, tənqidlərin və müxalif səslərin duyulmadığı ölkələrdə sosial media açar rolu oynamaqdadır. Rusiyada xalqın 60 %-i sosial şəbəkələrdən ən az birindən aktiv olaraq istifadə edir. 2007-ci ildə 64 % olan Birləşmiş Rusiya Partiyasının səsləri 2011-ci ildə 49,5 %-ə qədər gerilədi. 15 faizlik bu böyük enişdə müxalif Kommunist Partiyasının sosial mediadakı təsirli fəaliyyətinin də əhəmiyyətli bir rolu var idi. Ərəb baharı müddətində Təhrir Meydanında toplanan böyük izdiham da, Tunis, Yəmən, Liviya və s. ölkələrdəki etirazçılar da, iqtisadi böhrana səbəb olan maliyyə şirkətlərinə protestlər edən və Wall Streetdə etiraz nümayiş etdirən Amerikalılar da sosial media üzərindən mütəşəkkil olmuşdu.
Mediada hər hansı bir şəkildə var ola bilməyən siyasətçilərin insanların zehnində var olmaları mümkün deyil. Bu səbəbdən mediada var olmaq və zehinlərdə yer edə bilmək adına imic yaratmaq məsələsi də olduqca əhəmiyyətlidir. Siyasi ismarıcların vətəndaşların zehinlərinə və altşüurlarına oturmağı heç də asan olmayan bir prosesdir. Bu səbəbdən seçki kampaniyalarında KİV siyasəti uzun bir müddət davam etmək üzərində qurulur.
Televiziya skandalları “son dəqiqə” başlığı ilə verərək tamaşaçının xəbərə olan iştahını qabardan bir üslubla nəşr edər. İnternet vasitəsilə rabitə “skandal siyasətinin” yüksəlişinə əhəmiyyətli dərəcədə rəvac vermişdir. Bir çox internet (xəbər) saytlarının sosial şəbəkə platformalarından KİV platformalarına birbaşa çata bilmək imkanı (internet linkləri vasitəsilə ilə bağlantı qurmaq) geniş şayiə və sui-qəsd nəzəriyyələri okeanı meydana gətirməkdədir. Artıq hər hansı siyasətçinin qeyri-etik davranışları YouTube kimi şəbəkələrdə nəşr olunaraq hər kəsin evinə yol açır.
Siyasi şayiə bir hadisə haqqında müəyyən bir mənbədən gələn, hələ təsdiq edilməmiş və məlumatın böyük ölçüdə təhrif edilmiş halıdır. Dezinformasiyanın ən güclü vasitəsi olan siyasi şayiə insanları müxtəlif tədbirlər üçün təşkil edir və xəbərdar edər. Cəmiyyətdə çox sayda siyasi şayiənin olması məlumat əskikliyinə dəlildir. Xüsusilə sosial şəbəkələr siyasi şayiələrin yaranması və ötürülməsində güclü bir vasitə rolunu oynayır. Hər hansı bir Facebook səhifəsinin səhifə izləyiciləri arasında ictimai müzakirəyə çıxardığı bir siyasi şayiəni aradan qaldırmaq, onun manipulə etdiyi ictimai rəyi yenidən formalaşdırmaq olduqca çətindir.

İkinci fəslin birinci paraqrafında KİV-in şüur manipulyasiyasından bəhs olunmuşdu. Ənənəvi KİV ilə bərabər kütlələri ölümə aparan bu təhdidin həm də sosial şəbəkələr tərəfindən həyata keçirildiyini qeyd etmək lazımdır. Şüur manipulyasiyasında sosial medianın effektivliyini artıran başlıca metodik üsullar bunlardır: birbaşa yalan, boz və qara təbliğat. Bəzi Qərb ədəbiyyatlarında bu üsulların məcmusuna “Böyük Psixoz” adı verilmişdir.
Son dövrlər artıq KİV-in özü də köhnəlmiş bir termin kimi istifadə olunur. İndi artıq onun yerini FİV tutur. FİV-in mahiyyətinə və nədən ibarət olduğuna qısaca nəzər salaq. FİV (Fərdi İnformasiya Vasitələri) KİV-dən fərqli olaraq xəbəri oxucuya, yaxud tamaşaçıya kütləvi şəkildə vermir, o yalnız oxucunun oxumaq istədiyi xəbəri ona çatdırır. Misal üçün, XX əsrin 60-cı; 70-ci illərini yadımıza salaq. Oxucu qəzet alıb evə gəlir və onu oxumağa başlayır. Bu zaman o iqtisadiyyat xəbərlərini də görür, siyasət xəbərlərini də, idman xəbərlərini də görür, mədəniyyət xəbərlərini də. Ola bilər ki, oxucu heç də bunların hamısını deyil, təkcə idman xəbərlərin oxumaq istəsin. Yaxud televizyada hər hansı bir şəxs “Xəbərlər” proqramına baxırsa, o hər cür xəbərlə rastlaşa bilər. Qəza xəbərləri, siyasət xəbərləri, iqtisadi yeniliklər, elm və texnologiya xəbərləri və s. – bütün növ xəbərlərlə “yüklənə” bilər. Ancaq ola bilər ki, o heç də onların hamısı ilə maraqlanmır. Ona yalnız siyasi icmallar lazımdır. Belə olan halda müasir dünya vətəndaşının vaxtını itirməməsi və özünə lazım olmayan xəbərlər ilə “yüklənməməsi” üçün yeni bir informasiya generasiyası – FİV meydana çıxır. Sosial şəbəkədə istənilən şəxs ancaq onun maraq dairəsini əks etdirən xəbərlər paylaşan səhifələri izləyir. Misal üçün, ateist bir insan dini məzmunlu paylaşım görmək istəmirsə (və ya bunun əksini görmək istəyirsə), onun dünya görüşündə və ideologiyasında olan bloggerlər, müxbirlər və s. tərəfindən açılmış sosial şəbəkə hesablarını (yaxud səhifələrini) izləyir. Ola bilər ki, bir tələbə siyasi icmalı hər hansı bir xəbər kanalından, yaxud o kanaldakı hər hansı bir politoloqdan deyil, öz müəllimindən almaq istəyir. Bu halda həmin tələbə hər hansı sosial şəbəkədə (məsələn, Fesybukda) öz müəlliminin paylaşımlarını izləyərək (və ona rəy bildirərək) istədiyi siyasi icmalı ala bilər. Artıq o müəyyən edilmiş bir vaxtda televiziyanın qarşısına keçib hər hansı bir kanalın xəbər proqramına baxmaq məcburiyyətində deyil. Üstəlik də, onun eşitmək istədiyi siyasi icmal efirə gedənə qədər hələ digər xəbərlərin eifrə getməsi lazımdır. Həmin tələbə gözləməlidir və ona maraqlı olmayan xəbərlərlə tanış olmalıdır ki, bir neçə dəqiqədən sonra ona maraqlı olan siyasi icmal efirə gedəcək. Müasir dünyada artıq buna yer yoxdur. Bu səbəbdən də artıq belə demək mümkündür ki, KİV öz yerini FİV-ə verir.

Aytən Zəka qızı,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik akademiyasının I kurs magistrantı

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …