Ana səhifə / Araşdırma / Şirvandakı partlayışa görə cinayət işi açıldı – Baş prokurorluq

Şirvandakı partlayışa görə cinayət işi açıldı – Baş prokurorluq

Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri Şirvanda baş verən partlayışla bağlı birgə açıqlama yayıblar.

Baş Prokurorluqdan Mia.az-a daxil olan məlumata görə, bu gün saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində baş verən partlayışdan dərhal hadisə yerinə Fövqəladə Hallar, Müdafiə Sənayesi, Daxili İşlər, Səhiyyə nazirliklərinin və Baş Prokurorluğun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunublar:

“Zəruri birgə tədbirlərin görülməsinə başlanılaraq partlayışın genişlənməsinin qarşısı alınmış, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 24 nəfərə təcili tibbi yardım göstərilməsi üçün Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə çatdırılmış və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir. Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılmış, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və digər zəruri prosesual hərəkətlər aparılıb.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, partlayış zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verib.

Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə kompleks məhkəmə yanğın-texniki, partlayış, fiziki-texniki, materialşünaslıq, ekoloji, tikinti-texniki, əmtəəşünaslıq və məhkəmə tibbi ekspertizaları təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

 

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın