Ana səhifə / Araşdırma / Şirkət rəhbəri və anasını öldürənə ömürlük həbs

Şirkət rəhbəri və anasını öldürənə ömürlük həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbəri olan Aleksandr Məhərrəmov və onun anası Janna Məhərrəmovanı qətlə yetirməkdə təqsirləndirilən Ruhin Allahverdiyev cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo“nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Dövlət ittihamçısı çıxış edərək Ruhin Allahverdiyevin ömürlük azadlıqdan məhrum edilməsi istəyib.

R.Allahverdiyev son söz nitqi ilə çıxış edərək deyib ki, saxlanıldığı gündən cinayəti etiraf edib: “Mən onları tamah məqsədi ilə öldürməmişəm”.

Məhkəmə kollegiyasının hökmü ilə Ruhin Allahverdiyev ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, yanvarın 19-da saat 03 radələrində 1949-cu il təvəllüdlü Janna Məhərrəmova və oğlu 1982-ci il təvəllüdlü Aleksandr Məhərrəmovun yaşadıqları mənzildə üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 1977-ci il təvəllüdlü Ruhin Allahverdiyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən edilib ki, yanvarın 17-də R.Allahverdiyev əvvəlcədən aralarında olan razılaşmaya əsasən Janna və Aleksandr Məhərrəmovların mənzilində təmir işlərini davam etdirmək adı ilə gələrək özü ilə gətirdiyi çəkiclə sonuncuların baş nahiyələrinə çoxsaylı zərbələr endirib onları qəsdən öldürüb.

Daha sonra o, J. Məhərrəmovanın çantasından 20 manat, A.Məhərrəmovun portfelindən isə içərisində 200 manat olan pul kisəsini götürüb, mənzilin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb.

İstintaq zamanı R.Allahverdiyev hadisə baş verən mənzilin açarını istintaqa təqdim edib.

Onu da qeyd edək ki, Aleksandr Məhərrəmov “Biznes Dialoq” konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri olub. O həm də business-dialogue.az saytının təsisçisi idi.

 

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın