Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Araşdırma / ““Şapka Mamed” borclarını almaq üçün qoçu dəstəsi saxlayır” – qalmaqal

““Şapka Mamed” borclarını almaq üçün qoçu dəstəsi saxlayır” – qalmaqal

“Turanbank”ın sahibinin müştərilərdən kreditlərini hədə-qorxu yolu ilə aldığı iddia olunur; girov təminatlı istehlak kreditləri müştərilərdən məhkəmə yolu ilə deyil, reket üsulu ilə geri alınır

 
Bu il fevralın 21-də manatın dollara nisbətən ucuzlaşması iqtisadi sferada ciddi təlatüm yaratdı. Ölkənin həyat ritmi pozuldu. Bu qərar nəinki biznes sahəsinə, bütövlükdə ölkə boyu bütün sektorlara öz mənfi təsirini göstərdi. Bu təsir bu gün də davam edir.
 
 
Təbii ki, devalvasiyadan daha çox ziyan görən sahələr olmamış deyil. Əsasən maliyyə qurumları – banklar məlum olaydan ciddi zərərlə çıxdı. Əslində “çıxdı” feli burda situasiyanı tam ifadə etmir, bəlkə də heç yerinə düşmür. Ölkə, üstündən 8 aya yaxın vaxt keçməsinə rəğmən, 21 fevral qərarının nə şokundan çıxa bilib, nə zərərindən.  
Bu qərardan sonra banklarla vətəndaşlar arasında ciddi gərginlik yaşandı. Dollarla kredit götürən xeyli sayda sahibkar, biznes adamı və sadə vətəndaş bunun altını hələ də çəkir. Dollarla kredit götürüb onu 33 faiz bahasına ödəmək, əlbəttə, ciddi zərərlə müşayiət olunur. Bu, həm vətəndaşın, həm bankın zərərinədir. Onsuz da ölkə insanı neçə illərdir kredit yükünün altındadır. Devalvasiya da bir yandan bu yükü artırmış oldu…
Devalvasiyadan sonra problemli kreditlərin sayı artır. Ona görə də müştərilərlə banklar arasında münasibətlər bəzi hallarda hüquqi müstəvidən çıxır. Krediti qaytara bilməyən, yaxud gecikdirən müştəri ilə bank rəhbərliyi arasında ciddi konfliktlərin olması haqda xəbərlər getdikcə intensivləşir.
Bu cür vəziyyətdən istifadə edən bank sahibləri də var. Yaranmış qarışıqlıqdan yararlanıb daha çox mənfəət əldə etməyə çalışanlar sırasında “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayevin də adına rast gəlinir.
 
Redaksiyamıza çatan bilgilərə görə, “Şapka Mamed” ayaması ilə tanınan Məmməd Musayev sahibi olduğu və rəhbərliyində təmsil olunduğu banklardan götürülən kreditləri özünəməxsus formada qaytarmağa çalışır. Onun bu “yeni” metodları ilə üzləşmiş vətəndaşlar “Yeni Müsavat”a maraqlı məlumat veriblər. Adının çəkilməsini istəməyən mənbə bildirir ki, M.Musayevin banklarından kredit götürən şəxslər təhdid və şantajla üzləşib. Mənbə bildirir ki, Məmməd Musayevin sahibi, oğlu Fuad Musayevin rəhbər olduğu “Turanbank”dan kredit götürən şəxslər ciddi psixoloji basqılara məruz qalır. Bizə çatan bilgiyə görə, M.Musayev dövlət idarələrində çalışan müştərilərə ismarış göndərib ki, krediti vaxtında ödəməsələr, rəhbərlərinə şikayət edəcəklər. Hətta ayrı-ayrı nazirlərə şikayət olunacağı xəbərdarlığı edilib. Bunun üçün M.Musayevin tapşırığı ilə siyahıların tutulduğu bildirilir. Mənbə iddia edir ki, həmin siyahılar üzrə hansı müştərinin hansı nazirliyin və ya başqa dövlət strukturunun nəzdində işlədiyi aydınlaşdırılır, sonra həmin müştəri banka dəvət edilir, M.Musayev o adamla “profilaktik söhbət” aparır. “Nazirinə səndən şikayət edəcəm” şantajı ilə müştəriləri hədələyir. Sonra da adamları onlara cinayət işi açdıracağı ilə qorxudur. Redaksiyamıza müraciət edən vətəndaşlardan birinin sözlərinə görə, o, Məmməd Musayevin diqqətinə bu davranışının qanunsuz olduğunu çatdırıb: “Ona bildirdim ki, girov təminatlı istehlak kreditlərinin qaytarılmasında problem yarandıqda borcverən tərəf (bank) mülki qaydada məhkəməyə müraciət edə bilər. Məmməd müəllim bildirdi ki, bu ölkədə qanun var ki, məhkəməyə mülkü qaydada şikayət verə?!”
Şikayətçilər bildirir ki, M.Musayev sahibi olduğu banklarda problemli kredit məsələsinin bir başqa formasını da sınaqdan keçirməkdədir. Şikayətçilər iddia edirlər ki, o, bu iş üçün qoçu da saxlayır:“Məmməd Musayev kreditlərin faizlərinin vaxtında ödənilməsi, yaxud ana məbləğin qaytarılması üçün fiziki gücdən istifadə edir. Bu məqsədlə yanında Vasif Qasımov ad-soyadlı idmançı saxlayır. Həmin Vasif də özü kimi bir neçə idmançıdan ibarət qrup yaradıb ofislərə, evlərə gedib müştəriləri qorxudur, onları hədələyir.”
Bu iddiaların hansının doğru, hansının yalan olduğunu söyləmək çətindir. Haqqında ciddi ittihamlar səslənən Məmməd Musayevin özü ilə danışıb ondan səsləndirilən şikayətlərə münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. M.Musayev mediada haqqında yazılanlara heç vaxt münasibət bildirməyib. Amma buna baxmayaraq, M.Musayevin özünün, yaxud nümayəndəsinin mövqeyini dərc etməyə hazırıq.
Xatırladaq ki, M.Musayev uzun illərin maliyyəçisidir. O, indiyədək özünə böyük biznes imperatorluğu qura bilib. Onun bu sahədə xüsusi istedadının olduğu haqda məlumatlara rast gəlmək mümkün deyil. Görünür, M.Musayev bir çox məmurlar və iqtidara yaxın şəxslər kimi dövlətin resurslarından yararlanaraq biznesmen olub. 
 
M.Musayev bir neçə vəzifə tutur. O, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti olmaqla yanaşı, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür. Həmçinin “Turanbank”ın sahibidir. Bu banka hazırda onun oğlu rəhbərlik edir. 

Həmçinin oxuyun

UKRAYNADAN ELTON MƏMMƏDOVA BƏD XƏBƏR – Şirkətinin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın