Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “Salyanlı Fantomas”ın qətlinə nə səbəb olub…

“Salyanlı Fantomas”ın qətlinə nə səbəb olub…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda, quldurluqda və qətl hadisəsi törətməkdə ittiham olunan 18 nəfərdən ibarət dəstə üzvlərinin – Rauf Rəhimov, Şahin Niftəliyev, İbrahim Miriyev, Xəzər Əhmədov, Oqtay Zəkiyev, Tacəddin Qafarov, Təvəkkül Seyidov, Rafael Əliyev, Kamil Salayev, Elməddin Quliyev, Pərviz Hüseynov, Tural Cavadzadə, Kənan Qasımlı, Kənan Alıyev, Azad Cəbayılov, Rauf Mahmudov və Rəşad Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eynulla Vəliyev sədrlik edib.

İstintaqla müəyyən edilb ki, Rauf Rəhimov, Rəfael Əliyev, Elməddin Quliyev və digərləri əlbir olaraq mütəşəkkil dəstə yaradaraq özgənin əmlakını ələ keçirmək qərarına gəliblər.

R.Rəhimov dəstə üzvlərini Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ev 41, mənzil 75-də yaşayan Pərvin Darabadinin evində 50 min manat pulu olması barədə məlumatlandırıb. 15 fevral, 2014-cü ildə ev sahibinə hədə-qorxu gələrək qızıl-zinət əşyalarının və pulların yerini demeyi tələb ediblər. Dəstə üzvləri P.Darabadinin 1079 manat dəyərində əmlakını quldurluq yolu ilə ələ keçiriblər.

Bundan başqa Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsinin sakini Çingiz Məmmədovun evində 20 min manat pul olması barədə məlumat alan R.Rəhimov tanışları Tural Əsgərov, Kənan Alıyev, Təvəkkül Seyidov, Tacəddin Qafarov və Rauf Mahmudovla birgə həmin evə basqın etməyi planlaşdırıb.

Dəstə üzvləri 2014-cü il, martın 4-də “Mitsubishi Pajero” markalı avtomobillə Ramana qəsəbəsi, Mərkəz küçəsi, döngə 4 A ünvanına gəliblər. Üzlərinə qara maska keçirərək Ç.Məmmədovun mənzilə basqın ediblər, ev sahibinin həyat yoldaşı Elmira Məmmədovaya və qızı Xədicəyə zor tətbiq etməklə onlara məxsus 16 min manat pulu ələ keçiriblər.

İstintaq yolu ilə o da müəyyən edilib ki, 2014-cü ilin fevral ayının sonunda Şahin Niftiyev qardaşı Azər Niftiyevin 2007-ci ilin iyun ayında Rusiya Federasiyasının Ufa şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi, KXCP-nin Salyan rayon təşkilatının üzvü Aydın Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib.

Bu məqsədlə Şahin Niftiyev qohumu Rauf Rəhimova 10 min manat müqabilində Aydın Xəlilovun öldürülməsini təklif edib və əvvəlcədən 5100 manat ödəyib. R.Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oqtay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovla razılığa gəlib. Bundan sonra isə Yasamal rayonu ərazisindəki mağazaların birindən 3 ədəd bıçaq alıb, nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olan firmadan isə “Mitsubishi-Pajero” markalı avtomobil kirayələyib. Həmin avtomobillə Salyan rayonunun Qaraçala kəndinə gedərək özlərini Aydın Xəlilova polis əməkdaşları kimi təqdim edib və onu avtomobilə əyləşdirərək aparıblar. Təqribən 600-700 metr aralandıqdan sonra üzərlərində olan bıçaqlarla A.Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini isə yolun kənarına atıblar.

Onlar bu barədə Ş.Niftiyevi məlumatlandıraraq pulun qalan hissəsini alaraq bölüşdürüb və cinayətin izini itirmək məqsədilə avtomobilin salonunda olan qan izlərini yuduzduraraq təmizlətdiriblər.

İstintaq hərəkətləri çərçivəsində avtomobilə keçirilmiş baxış zamanı onun salonunda çoxsaylı qan ləkələri, arxa saxlanc yerində iki ədəd maska formasında düzəldilmiş idman papağı, habelə hadisə yerinin yaxınlığında üzərində qan ləkələri olan 3 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayətkar dəstənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Universitet müəlliminin evinə basqın

İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Salyan rayon sakini, 1989-cu il təvəllüdlü Rauf Rəhimov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

R.Rəhimov ifadəsində 2013-cü ilin dekabr ayından etibarən Binəqədi rayonu ərazisindəki “Soltan” çay evini icarəyə götürüb işlədən dövrdə əvvəllər Qobustanda “krıtı”da cəza çəkən Oqtay Zəkiyevlə tanış olduğunu göstərib: “Oqtayla tez-tez telefonla əlaqə saxlayırdıq. Mənə demişdi ki, nə problemin olsa, həll etmək iqtidarındayam. Yevlax rayonundan olan Əflatun və Cahandar adlı şəxsləri də Oqtaya görə tanımışam.

Əflatun söhbət zamanı oğurluqla məşğul olduğunu, yaxşı ev olarsa, ora oğurluğa girə biləcəklərini  dedi. Bu barədə Oqtaya deyəndə həmin şəxslərin etibarlı oğlanlar olduğunu, onlara güvənə biləcəyimi söylədi. “Həzi Aslanov” metrosunun yaxın ərazidə yaşayan Pərvin adlı universitet müəlliminin evini “aparmağın” uyğun olduğunu fikirləşdim.

Tarix müəllimi olan Pərvinin tək yaşadığını və maddi imkanının yaxşı olduğunu bilirdim. Həmin gün Cahandar, Əflatun və Elməddinlə birlikdə Pərvin müəllimin yaşadığı binanın qarşısına gəldik, tək olduğunu öyrəndikdən sonra qapını döydük. Tələbə hazırlamaqla məşğul olan Pərvin müəllim heç nə soruşmadan qapını açdı. Bu vaxt Əflatun əli ilə Pərvinin ağzını qapayaraq içəri itələyib saldı. Onun ardınca isə Cahandarla Elməddin mənzilə keçdilər. Mən mənzilin qapısını açıq saxlayıb evdə və blokda baş verənləri izləyirdim.

Əflatungil müəllimdən pulların və qızıl-zinət əşyalarının yerini soruşdular. O isə cavabında “mənimlə işiniz olmasın, müəllim adamam 500 manatdan artıq pulum yoxdur” dedi. Təxminən iki-üç dəqiqədən sonra Əflatungil mənzildən çıxdılar. Taksiyə əyləşib oradan uzaqlaşdıq. Əflatın 520 manat pul götürdüyünü dedi və həmin puldan mənə 130 manat verdi. Bu basqından sonra nə Əflatun, nə Cahandar, nə də Elməddinlə əlaqə saxlamamışam”.

“Qardaşımı Aydın öldürüb, ona görə də cəzalandırılmalıdır”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2007-ci ildə qətlə yetirilən qohumu Azər Niftiyevin ölümündə Salyan rayon sakini Aydın adlı şəxsin əli olmasını mərhumun qardaşı Şahindən eşidib: “Ötən ilin fevral ayında Şahin mənə zəng vurub dedi ki, Azəri Aydın öldürüb, ona görə onun özü də öldürülməlidir. Bu qətli icra edəcək şəxsə 10 min dollar verəcəyini dedi və Oqtayla əlaqə saxlamağımı xahiş etdi.

Şahin “Aydın ancaq bıçaqla öldürülməlidir, nə qədər çox bıçaq vurularsa, o qədər yaxşıdır, çünki qardaşımı bıçaqla öldürüb” deyirdi.

Oqtaya zəng vurub bu barədə onu məlumatlandırdım. Bu sifarişi yerinə yetirməkdə köməklik göstərməsini xahiş etdim. Oqtay mənə Aydının kimliyini öyrənib özü zəng vuracağını dedi. Bir gündən sonra zəng vurub Aydının kimliyini araşdırdığını, əvvəllər Ufa şəhərində avtoritet olduğunu, hazırda “bareqalıq” etdiyini, evində göyərçin saxladığını, qardaşları ilə danışmadığını dedi.

Oqtay əvvəllər onunla bir kamerada yatan Xəzər Əhmədovla məsləhətləşdi. Aydını öldürməyin problem olmadığını, qətli icra etməkdən ötrü Təvəkkül adlı şəxsin mobil nömrəsini verdi. Təvəkkülə zəng vurub onunla görüşdükdə o, bu cinayəti tək törədə bilməyəcəyini, Oqtayın məsləhəti ilə özünə köməkçi götürəcəyini dedi”.

Qatil “polis əməkdaşları”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Təvəkkül vəTacəddinlə  birlikdə Aydını öldürmək məqsədilə Salyana yola düşüblər. Avtomobili Aydının evinin yanında saxlayıblar və özlərini ona polis əməkdaşı kimi təqdim ediblər.

“Bilirik ki, narkotiklə məşğulsan, bizimlə getməlisən” dedikdə  Aydın “bilirdim ki, bir gün gəlib tutacaqsınız, evin yanında məni tutmaq lazım deyil, oturaq maşına, hara istəyirsiniz, gedək orada danışaq” deyə cavab verib: “Evdən təxminən 600-700 metr uzaqlaşandan sonra Şahinə zəng vurdum ki, Aydınla aramızda olan söhbətə qulaq assın. Tacəddin arxadan Aydının boyun nahiyəsinə bıçaqla zərbə endirdi. Aydın bıçağı onun əlindən almağa çalışanda mən qolundan vurdum. Hər üçümüz bıçaqla Aydının bədəninin müxtəlif nahiyələrindən çoxlu sayda zərbələr endirdik. Zərbənin təsirindən Aydın xırıldayıb hərəkətsiz qaldıqdan sonra Tacəddin onu avtomobildən çıxarıb yolun kənarına atdı. Şahinə zəng vurub Aydının öldürüldüyünü dedim”.

“Qardaşım cinayət aləmində söz sahibi olan şəxslərdən idi”

Təqsirləndirilən şəxs qismində istintaq zamanı dindirilən Şahin Niftiyev ona elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilib.

Ş.Niftiyev ifadəsində 1997-ci ildən etibarən Ufaya köçüb orada yaşayan mərhum qardaşı Azərin “zakon” bazarında “vəziyyətə” baxıb, oğru aləminin üzvü olduğunu, avtoritetlik etdiyini və cinayət aləmində söz sahibi olduğunu deyib: “Anam 2007-ci ildə vəfat edəndə qardaşım rayona gəlmişdi. Bir həftə qalandan sonra yenidən Ufaya qayıtdı. Amma üç gün sonra Azərin yoxa çıxması xəbərini eşitdik. Ufa şəhərində istintaq aparıldı. Təxminən 15 gündən sonra qardaşımın meyiti meşə ərazisindən tapıldı. Meyiti kəndə gətirib dəfn etdik.

Ufa şəhərində olarkən qardaşımın ölümü ilə bağlı iki nəfər – Salyan rayonunun Qaraçala kənd  sakinləri Aydın Xəlilov və Orxan adlı şəxsin həbs olunduqlarını, 2 ay sonra isə hansısa səbəbdən həbsdən azad edildiklərini eşitdim. Ufada və Rusiyanın digər şəhərlərində tanışlarım çox olduğundan qardaşım ölümü ilə bağlı bəzi məlumatlar topladım.

Mənə çatan məlumatlara görə, hadisə olan gün axşam qardaşım bazar ərazisindən Aydınla birlikdə çıxıb. Aydın da qardaşım kimi bazarda “vəziyyətə” baxırdı. Hadisədən bir il əvvəl onların arasında narazılıq olmuşdu. Orxan isə Azərbaycanda bir neçə dəfə cinayət törətdiyinə görə Aydın onu özü ilə Ufaya aparmışdı. Qardaşımın ölümündə Aydının birbaşa əli olmasına tam əminəm. Uzun illər qisas almağı fikirləşirdim. Qardaşımın qətlindən sonra Aydın 2 ay bu hadisəyə görə, 6 ay isə narkotik vasitə istifadə etdiyinə görə həbs olunmuş, bundan sonra yoxa çıxmışdı, Ufa şəhərində görünmürdü.

Son illərdə isə Aydını öldürməyi tam qərara almışdım. Son 3 ayda Salyanın Qaraşala kəndinə gedib Aydının harada olması ilə maraqlananda kənddə yaşadığını, ləqəbinin isə “Fantomas” olduğunu öyrənmişdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Rauf Rəhimovla qohum olsalar da arabir əlaqə saxlayıblar. Qardaşının qətli ilə bağlı Raufla söhbət edərkən sonuncu ona “necə qardaşsınız, qardaşınızın qatili gəzir ortalıqda, onu tapıb öldürə bilmirsiniz, özüm onu tapıb öldürəcəyəm” deyib.

Hətta Raufun “10 min manat ver, yerini də göstər, mən onu öldürərəm” deməsinə əvvəlcə inanmayıb: “Rauf mənə Aydını özü öldürəcəyini dedi. Hər hansı bir şəxslə bunu icra edəcəyini mənə demədi. Raufla razılaşdığım günün səhərisi özüm Aydının yaşadığı kəndə getdim, evini soraqlaşıb tapdım. Özümlə bıçaq da götürmüşdüm, fikirləşirdim ki, özüm öldürsəm yaxşıdır. Qapılarını döyüb Aydını çağırsam da yoldaşı onun evdə olmadığını dedi. Martın 4-də saat 15-16 radələrində Rauf mənə zəng vurub Aydını öldürdüyünü dedi”.

Bu gün keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin bir qismi sərbəst ifadə verib. R.Rəhimov istintaq zamanı etirafedici ifadələr versə də məhkəmədə ifadə etməkdən imtina edib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın