Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Araşdırma / Saleh Məmmədovun müşaviri milyonluq mülklər, şirkətlər necə əldə edilib? – ARAŞDIRMA

Saleh Məmmədovun müşaviri milyonluq mülklər, şirkətlər necə əldə edilib? – ARAŞDIRMA

Azərbaycanda son illər korrupsiyaya qarşı aparılan mübarizə, hüquq-mühfizə orqanlarının apardığı əməliyyatlar, eləcə də müstəqil araşdırmalar “kölgə iqtisadiyyat”ı ilə bağlı yeni-yeni faktları gün işığına çıxarır. Bəzən proseslər elə sürətlə baş verir ki, bir məmurla bağlı başlayan araşdırmalar başa çatmamış digər məmurun talançılıq və korrupsiya yolu ilə əldə etdiyi milyonlarla dollarlıq sərvəti, biznes obyektləri üzə çıxır. Bax, elə hazırda Naxçıvanın Ali Məclisinin sabiq sədri Vasif Talıbovun biznesinə əl qoyulması ilə bağlı intensiv xəbər axının müşahidə olunduğu bu günlərdə daha bir vəzifəli şəxslə bağlı iddia gündəmə gəlib.

Belə ki, Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun özünün və oğlunun böyük şirkətləri üzə çıxıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı, böyük məmurların “vurulduğu”, həbs olunduğu bir vaxtda hansısa bir qurumun rəhbərliyində çalışan müşavirin bu qədər sərvəti necə əldə etməsi əlbəttə, təəccüb doğurmaya bilmir. Ancaq kiçik araşdırmalardan sonra bu sərvətin necə deyərlər, mənbəyi də, mənsəbi də məlum olur.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, Şahin İbadov bilavasitə AAYDA-nin sədri Saleh Məmmədovun xüsusi himayəsi altında böyük səlahiyyətlər əldə edib. O, bu səlahiyyətlərdən “səmərəli” istifadə edərək, külli miqdarda sərvətə sahiblənib. Uzun illərdir yol infrasturkturu ilə bağlı mühüm dövlət vəzifələrində çalışan Şahin İbadov el dili ilə desək, papağını günə yandırmayıb. Saleh Məmmədovun kölgəsinə sığınan müşavir bu illər ərzində özünə və ailəsinə böyük biznes imkanları yaratmağı bacarıb.

Qeyd edək ki, Şahin İbadov hazırkı AAYDA sədrinin müşaviri vəzifəsinə qədər Şəki və Oğuz yol tikinti istismarı idarəsinin rəisi, Bakı 4 saylı idrənin rəisi, “AzərAvtoyol Təchizat İdarəsi”nin rəisi, “Azəravtoyol” sədrinin məsləhətçisi vəzifəsində çalışıb. və hazırda isə AAYDA sədrinin müşaviridir.

Əldə etdiyimiz məlumata görə, Şahin İbadov həm də Bakı Tikinti Konstruksiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) faktiki sahibidir və şirkətin 98,66 faiz səhmləri ona və ailəsinə məxsusdur. QSC-nin qanuni təmsilçisi isə Məhərrəmov Tofiq Vüqar oğludur.

Ancaq AAYDA sədrinin müşavirinin biznesi təkcə bu QSC ilə məhdudlaşmır. Saleh Məmmədovun “sağ ıli” olan bu şəxsin “TransTikinti” MMC-si də var. Bu şirkətin 100 faizlik səhmləri isə Şahin İbadovun oğlu Namiq İbadzadəyə məxsusdur. Bir müddət əvvəl bu şirkətin də qanuni təmsilçisi Məhərrəmov Tofiq Vüqar oğlu olub.

Qeyd edək ki, Tofiq Məhərrəmov da necə deyərlər, yad adam deyil, AAYDA sədrinin müşavirinin yaxın qohumudur. O, Azərbaycan İqtisad Universitetinin tələbəsi olub və burada da 2019-cu ildə magistr dərəcəsi alıb. O, magistr dissertasiyasını alarkən, elə beləcə də yazıb: “Mən, Məhərrəmov Tofiq Vüqar oğlu and içirəm ki, “Respublikada ticarət firmalarının marketinq strategiyasının formalaşması” mövzusunda magistr dissertasiyasını elmi əxlaq normalarına və istinad qaydalarına tam riayət etməklə və istifadə etdiyim bütün mənbələri ədəbiyyat siyahısında əks etdirməklə yazmışam”.

AAYDA sədrinin müaşviri Şahin İbadovun oğlu isə hazırda “Siracoglu” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Qaynarinfo-nun araşdırmasına görə, 2019-cu ildə MMC yarananda şirkətin qanuni təmsilçisi Əhmədzadə Eyyub Qalib oğlu olub. “Siracoglu” MMC-nin tərkibində Aşıq Molla Cümə küçəsi, 46B ünvanında “BİÇER Luxury İnteriors” mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır. “Siracoglu” MMC-nin tərkibində Şəkidə və bir sıra rayonlarda böyük fermer təsərrüfatları da mövcuddur.

Qarabağdakı maxinasiyalar

Şahin İbadov həmçinin BTK QSC və digər (yaxın qohumarın adına qeydiyyatdan keçmiş) şirkətlər vasitəsi ilə 2 milyon manatdan yuxarı şəxsi avtomobil parkını (15-ə yaxın bahalı avtomobil) iri texnikalar üçün nəzərdə tutulmuş sürtgü yağları ilə barter edib. Sonradan o, vəzifəsindən sui-istifadə edərək, həmin yağları Qarabağda çalışan şirkətlərə və AAYDA-nın digər müəssisələrinə satıb.

Bundan başqa Şahin İbadov 2003-cü ildə yaradılan və sonradan müflis elan edilən tikinti şirkəti “Azərinşaat”a məxsus 100 ədədə yaxın yol tikinti texnikasını qeyri-qanuni yolla əldə edərək, Qarabadağda çalışan yol tikinti şirkətlərinə müqaviləsiz və yuxarı qiymətlə icarəyə verib. O, bu yolla əldə etdiyi vəsait hesabına BTK QSC-nin adına Ağ Şəhərdəki “Knightsbridge” Yaşayış Kompleksində bir mərtəbə (1000 m2 yaşayış sahəsi) alıb. Əmlakın dəyəri 3 000 000 manatdır.

Əlbəttə ki, bu boyda sərvəti halal yolla toplamaq əlbəttə mümkün deyil. Bəs görəsən, müşavirin “halal olmayan yolları” nə vaxt araşdırılacaq. Saleh Məmmədova müşavirinə etdiyi himayənin məsuliyyəti sorğulanacaqmı?

Həmçinin oxuyun

Ziya Məmmədovun oğlunun daha bir şirkəti üzə çıxdı – FOTO

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun daha bir şirkəti üzə çıxıb. Araşdırmaçı jurnalist …