Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Sahibkarlardan icra başçısına açıq məktub: “Sənin kimi birinə heç 10 baş qoyunu etibar etməzdilər”

Sahibkarlardan icra başçısına açıq məktub: “Sənin kimi birinə heç 10 baş qoyunu etibar etməzdilər”

Xəbər verdiyimiz kimi, Sumqayıtın icra başçısı Zakir Fərəcovla bir qrup sahibkar arasında maliyyə qalmaqalı davam edir. Sumqayıtda Dənizkənarı Bulvarın tikintisini həyata keçirən və 4 ildir pullarını ala bilməyən iş adamları rəsmi qurumlardan kömək istəyirlər. İndiyə qədər müxtəlif dövlət qurumlarına müraciət edən və müsbət cavab ala bilməyən sahibkarlar geri çəkilmək fikrində deyillər. Onlar bildirirlər ki, öz haqlarını alanadək prosesə davam edəcəklər. JAMAZ.İNFO xəbər verir ki, həmin iş adamları Zakir Fərəcovdan növbəti dəfə açıq məktub ünvanlayıblar. Sahibkarlar yazırlar ki, Sumqayıtın “meri” qanunsuzluq etməklə yanaşı, ölkə başçısının tapşırıqlarını icra etməkdən də boyun qaçırır. Onların sözlərinə görə, dövlət başçısının sahibkarları və vətəndaşları incitməmək barədə verdiyi tapşırıq Sumqayıtda icra olunmur. “Biz bir qrup sahibkar 4 ildir ki, sənin yalanlarının, tamahkarlığının, habelə qanunsuzluqlarının qurbanına çevrilmişik. 2016-cı ildə bizə yalvarıb, “bu işi tez başa çatdırmaq lazımdır” deyəndə səmimiyyətinə inanmışdıq. Elə zənn etmişdik ki, dövlət büdcəsindən ayrılmış pulları şəhərin Bulvarının tikintisinə sərf edəcəksən. Amma işi təhvil verdikdən sonra bizə elə bir üz göstərdin ki, buna nə ad verəcəyimizi hələ də bilmirik. Düz, 4 ildir halal haqqımızı səndən ala bilmirik. İndi isə bu qoca yaşında təkcə, bizim yox, həm də dövlət rəhbərlərinin gözünün içinə yalan danışaraq, həmin pulu ödədiyini deyirsən. Madam dediyin həqiqətdir, o zaman ortaya bircə sənəd qoy ki, həmin pulu bizə vermisən. Varmı belə bir sənəd? Axı, hardan olsun. Olmayan bir şeyi necə üzə çıxara biləcəksən?”. İş adamları yazır ki, Zakir Fərəcov yuxarı instansiyaları aldatmaqla nə etdiyini heç özü də bilmir. “Yuxarı instansiyalara yazıb deyirsən ki, guya, bizə çatacaq pulları ödəmisən. O biri tərəfdən də bizə deyirsən ki, “indi pulum yoxdur”, “koronavirus problemi var, bitsin, hamımızın pulunu qaytaracam”. Bu azmış kimi, gah müavinin, həm də qohumun Adil Xudadatovun Sumqayıtdan pul yığacağını və gətirəcəyini deyirsən. Bir başqa qohumun, “komunxoz”un müdiri olan Hüseyni hazırda pul üçün göndərdiyini, onun da haradansa pul yığıb gətirəcəyini bildirirsən. Hələ onu demirik ki, Nəqliyyat Departamentinin keçmiş rəhbəri, yenə də qohumun olan şəxsin pulları götürüb, aradan çıxdı. Fərəcov, bu yalanlarınla hara getmək istəyirsən? Nə etməyə çalışırsan? Adil, Hüseyn və bir digəri niyə hardansa pul yığmalıdır? Məgər dövlətin büdcəsində pul yoxdur ki, vəzifə başına gətirdiyin qohumlarının şəhər camaatının canına salmısan? Dövlətin ayırdığı pulu neyləmisən ki, bu gün adlarını çəkdiyimiz və çəkmədiyimiz məmurları dilənçiliyə salmısan? Axı, Sumqayıt Bulvarının tikintisi üçün büdcədən pul ayrılıb. Hanı həmin pullar?” Onlar bildirirlər ki, Zakir Fərəcov dövlət büdcəsindən ayrılmış pulların hamısını mənimsəyib. “Biz yaxşı bilirik ki, Bulvarın tikintisi üçün ayrılmış pulları özünün şirkətlərindən birinin hesabına köçürüb, sonrada oradan götürürərək, mənimsəmisən. Və həmin mənimsədiyin pulları “bizə vermisən” kimi yuxarılara sırımağa çalışırsan. Həmin pullarla oğluna bizim inşa etdiyimiz Bulvarda yeni restoran tikdirmisən. Bu azmış kimi, Goradildə, Abşeron rayonunda onlarla mülkə sahiblənmisən. Özünün adına məhəllə belə saldırmısan. Niyə sahibkarların, camaatın pulunu yeyirsən? Qorxmursan ki, bir gün bunun əvəzi səndən çıxar? Niyə qanunsuzluq və ədalətsizlik edirsən? Niyə dövlətin siyasətinə qarşı çıxırsan? Məgər dövlət sənə pislik edib? Vallah, billah, sənə böyük etimad göstəriblər. Qədrini bil. Yoxsa, sənin kimi birinə heç 10 baş qoyunu belə etibar etməzdilər. Kimlərin sayəsində bu yerlərə gəlib çıxmısan, hamıya məlumdur. İndi o zaman deyil ki, Eldar Mahmudov üçün Abşeronda general furajkası formasında villa tikdiriməklə, canını qurtarasan. Və ya bir başqasına Hələb keçiləri alcağını da düşünmə. İndi nə Eldar var, nə də Hələb keçisinə yiyə duran”. İş adamları vurğulayır ki, Zakir Fərəcov hamını aldatmaqla vəziyyətdən çıxa biləcəyini düşünür. “Düşünürsən ki, bu yalanlarınla uzağa gedəcəksən. Amma yanılırsan. Keçmiş həmkarların da sənin kimi düşünürdü. İndi hardadırlar? Onlar da sənin kimi, düşünə-düşünə talançılıqla, sahibkarları incitməklə, əhaliyə divan tutmaqla məşğul oldular. Nəhayət, əməllərinin cavabını verdilər. Ancaq unutma, Dövlət Baba yatmayıb və sənin kimi pul hərisləri onu aldada bilməz. Günün birində həmin qara maskalı oğlanlar sənin də qapını döyəcək. O zaman çəkəcəyin peşmanlıq hisslərin bir işə yaramayacaq. Hətta dilənçilik üçün göndərdiyin məmur qohumların belə köməyinə çatmayacaq”. Sahibkarlar sonda növbəti dəfə dövlət başçısına müraciət ediblər. “Bu vaxta qədər bütün dövlət qurumlarına, o cümlədən Sizə dəfələrlə müraciət etmişik. Əminik ki, müraciətlərimiz Sizə çatmadığndan hər hansı bir tədbir görülməyib. Biz onu da yaxşı bilirik ki, belə azğın, siyasətinizə qarşı gedən, Sumqayıt kimi şəhərdə hakimiyyətiniz haqqında mənfi rəy yaradan, habelə əhali ilə hökumət arasında narazılıq yaratmaqda olan Zakir Fərəcovun öhdəsindən ancaq Siz gələ bilərsiniz. Ümid edirik ki, bu dəfə müraciətimiz Sizə çatacaq və bununla bağlı tədbir görəcək, Zakir Fərəcovdan pullarımızı alıb, geri qaytaracaqsınız”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …