Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Sabiq nazir müşaviri və qızları yenidən dindiriləcək – 800 minlik qızıl işi

Sabiq nazir müşaviri və qızları yenidən dindiriləcək – 800 minlik qızıl işi

Nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxşıyevin yaxın qohumu Rövşən Əhmədov növbəti dəfə hakim qarşısına çıxarılıb. Rövşən Əhmədov uzun illər yanında işlədiyi qohumu Ç.Baxşıyevin 800 minlik qızılını oğurlamaqda təqsirli bilinir. Sabiq nazir müşaviri Ç.Baxşıyev külli miqdarda qızılını, pulunu əmanət etdiyi qohumundan şikayətçi olaraq onu həbs etdirib. 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətkər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rövşən Əhmədovun vəkili Adəm Məmmədov məhkəməyə gəlməyib. Bildirilib ki, Adəm Məmmədov işi ilə bağlı Moskva şəhərinə gedib. Vəkil bununla bağlı məhkəməyə məktub da göndərib.
Hakim vəkilin iştirakı olmadan prosesin keçirilməsinin mümkün olmadığını bildirib. Ə.Hacıyev qeyd edib ki, uzun müddət vəkil prosesdə  iştirak etmədiyi halda, o işdən kənarlaşdırıla, təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin oluna bilər.
Ancaq Rövşən Əhmədov hakimdən vaxt istəyib. O, bildirib ki, vəkili ilə bağlı danışıqlar aparmalıdır: “Mən öz vəkilimin müdafiə etməsini istəyirəm. Onun Azərbaycanda olmadığını bu gün eşitmişəm. Vəkilimin gəlməsini gözləməyinizi xahiş edirəm”.
Hakim bildirib ki, vəkil Azərbaycanda olmadığı üçün proses başqa vaxta keçirilir. Bu zaman zərərçəkmiş Çingiz Baxşıyevin vəkili yeni hakim tərkibində məhkəmə istintaqının hansı qaydada aparılması ilə maraqlanıb.
Hakim bildirib ki, bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclasına əvvəlki tərkibdə baxılıb və həmin iclasın qanuni qüvvəsində olan qərarı var: “Həmin qərar da ləğv edilməyib. Bu səbəbdən yeni tərkibdə cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsinə ehtiyac yoxdur. Amma məhkəmə istintaqı yenidən başlanacaq, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlər dinidiriləcək, məhkəmə yenidən sübutlar toplayacaq”.
Amma Çingiz Baxşıyevin vəkili buna etiraz olaraq deyib ki, bundan əvvəl keçirilən proseslərdə zərərçəkmiş şəxs və onun qızları ifadə verib. Vəkil onların təkrar dindirilməsinə ehtiyac olmadığını bildirib.
Hakim isə söyləyib ki, tərkibdə olan hakimlərdən biri dəyişdirilib. Buna görə də Çingiz Baxşıyev və qızları yenidən dindiriləcək: “Qanunvericlikdə də var ki, hakimlərin tərkibində dəyişiklik olduğu halda dindirilmələr yenidən başlayacaq. Buna görə də zərərçəkmiş şəxs də, onun qızları da yenidən ifadə verəcəklər”.
Proses yanvarın 31-dək təxirə salınıb.
Qeyd edək ki, bu cinayət işi hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov hakimə etiraz edib. Bildirib ki, hakim cinayət işini heç bir səbəb olmadan qapalı keçirib, işə obyektiv baxmayıb. Bu səbəbdən vəkilin hakimə etirazı təmin edilib və iş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib.
Xatırladaq ki, Rövşən Əhmədov 10 ildən artıq Çingiz Baxşıyevin yanında işləyib. Onun milyonlarla manat pulunu, bankalarda qızıllarını saxlayıb. Sonda qohumlar düşmən olub. Buna səbəb Çingiz Baxşıyevin Rövşən Əhmədovu 800 minlik qızıl oğurlamaqda ittiham etməsi olub.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın