Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Sabiq nəqliyyat nazirinin qardaşının «Halal İnşaat»ında haram iş görülür – GİLEY

Sabiq nəqliyyat nazirinin qardaşının «Halal İnşaat»ında haram iş görülür – GİLEY

Ucar rayonu Alpı kənd sakini Əhmədov Novruz Həsənqulu oğlu tərəfindən «Təzadlar» qəzeti redaksiyasına şikayət məktubu daxil olub. Məktub vergilər naziri Mikayıl Cabbarova ünvanlıdır… «Cənab nazir! Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədova məxsus olan Ucar rayonu «dörd yol» ərazisində yerləşən “Halal İnşaat” adlı pərakəndə və topdansatış bazasında saxta tikinti materialları satıb vətəndaşlara ziyanlar vururlar», -deyə şikayətini əsaslandıran rayon sakini daha sonra yazır: «…Burada alış-veriş zamanı ödənilən pula görə təqdim edilən kassa ödəniş qəbzləri də saxtadır. Ancaq bunun qarşısı alınmır, heç bir tədbir görülmür. Ucar rayonunun dörd yol ərazisində Qarabörk kəndində yerləşən “Halal İnşaat” topdan və pərakəndə bazasının əsil sahibi Ziya Məmmədovun qardaşı İldırım Məmmədovdur. Buranı Rafael Məhərrəmov adlı şəxs işlədir. Maqazinin bütün sənədləri Rafaelin atası Maariif Məlik oğlu Məhərrəmovun adınadır. 2017-ci ilin aprel ayı tarixində “Halal İnşaat”dan mən şəxsən 180 ədəd 50 kloqramlıq kisədə «Qaradağ YR-500» markalı sement, 612 metr armatur, 2 maşın qum və 2 maşın doğranmış çınqıl aldım. Həmin materiallarla həyətyanı sahəmdə tikinti özülü hazırlandı, beton töküldü. Ancaq sement tam keyfiyyətsiz olduğu üçün 15 gün keçməsinə baxmayaraq tökülən beton tam yararsız oldu və bərkimədi. Bununla da mənə 3500 manat maddi ziyan dəydi. Bu barədə “Halal İnşaat” bazasına məlumat verdim. Oranı işlədən Rafael Məhərrəmov evimə gəlib tikintiyə baxdı və bildirdi ki, «Belə hallar olur, bu bizlik deyil Qaradağ sement zavodu saxta sement istehsal edirsə buna mən nə etməliyəm?”. Mən bu qanunsuzluq, saxtakarlıq barədə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehsalçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də şikayət ərizəsi ilə müraciət etdim. Lakin nə sirdirsə, onlar da heç bir tədbir görmədilər. Hətta aldığım tikinti materiallarına görə “Halal İnşaat” bazasına ödədiyim pulun kassa qəbzinin saxta olmasını da mənə Ucar rayonunda yerləşən vergi idarəsinin əməkdaşı bildirdi. Bunu isə vergidən gəlirləri yayındırmaq məqsədi ilə edirlər. Bu minvalla “Halal İnşaat”da hər ay vergidən külli miqdarda gəlir gizlətməklə dövlətə ziyanlar vurulur. Bu qədər saxtakarlığın qarşısında əlimdə subutlarımın olmasına baxmayaraq “Halal İnşaat” barəsində heç bir tədbir görülmür. Çünki “Halal İnşaat” sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun himayəsi altında fəaliyyət göstərir. Sonradan mənə dedilər ki, adını halal qoymuş bu bazada haram işlər görülür ki, buna görə tək mən yox çoxlu sayda vətəndaşlara ziyan dəymişdir. Digər Ucar sakinlərinin bu bazadan aldıqları Qaradağ sementləri saxta çıxmışdır, onlara dəymiş ziyanlar ödənilməmişdir. Uzun müddətdir ki. bu saxtakarlıq “Halal İnşaat”da davam etsə də qanuni tədbir görülmür. Belə çıxır ki, “Halal İnşaat” bazası pul qazanmaq üçün Qaradağ sement zavodu ilə əlbir olub saxta sementləri camaata satırlar.
İqtisadiyyat naziri Şahin Mustafayevin işçiləri Ziya Məmmədovdan niyə qorxur?
Mən kasıb adamam bir neçə il boğazımdan kəsib tikinti üçün pul yığmışdım ki, o da Ziya Məmmədovun qardaşının himayəsində saxta fəaliyyət göstərən mağazanın yolunda qurban getdi.
Məni təəccübləndirən odur ki, iqtisadiyyat naziri cənab Şahin Mustafayevin işçiləri də «Halal İnşaat»a yaxın gələ bilmirlər, nəqliyyat naziri Ziya Məmmədovdan qorxurlar… 25 yanvar 2018-ci il tarixdə iqtisadiyyat naziri cənab Şahin Mustafayev Ucar rayonunda vətəndaşların qəbulunu keçirəcək ki, həmin qəbula mən də yazılmışam. Mən mətbuat vasitəsi ilə həm Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edib məlumat verirəm ki, Qaradağ sement zavodunun məhsullarını almayın, ehtiyatlı olun, oranın sementləri saxta və keyfiyyətsiz çıxır. Özüm bunun canlı zərərçəkəniyəm. Həmin sement kisələrinin bükülüləri və kisələri evimdə saxlanılır. Odur ki, iqtisadiyyat naziri cənab Şahin Mustafayevə, vegilər naziri cənab Mikayıl Cabbarova müraciət edib xahiş edirəm, Ucar rayonunda saxta və qanunsuz fəaliyyətlə məşğul olan “Halal İnşaat” tikinti malları bazasında ciddi yoxlama aparılmasına tapşırıq versinlər. Onlar belə saxta və qanunsuz fəaliyyətləri ilə dövlətə, vətəndaşlara külli miqdarda ziyan vururlar. Onların mənə təqdim etdikləri ödəniş qəbzi də saxtadır ki, bu birbaşa cinayət əməlidir. Xahiş edirəm, ciddi tədbirlər görəsiniz”.
Redaksiyadan: şikayətçi Novruz Əhmədovla təkrar əlaqə saxladıq və o, həmin saxta sementin kisələrinin, eləcə də çürüntü kimi bərkiməmiş beton məmulatlarının video görüntüsünü bizə göndərdi. Təəssüflər olsun ki, şikayət ərizəsində adı çəkilən maddi məsul şəxs Rafael Məhərrəmovun bizə təqdim edilmiş mobil telefonuna dəfələrlə zəng etsək də telefon gah söndürülmüş göstərdi, gah da zəngimizə cavab verən olmadı. Onun da problemə dair mövqeyini öyrənməyə çalışırıq…
 \\tezadlar.az\\

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …