Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Araşdırma / Sabiq MTN şefi Eldar Mahmudovun əmisi oğlu istintaqa cəlb olunub – İLGİNC

Sabiq MTN şefi Eldar Mahmudovun əmisi oğlu istintaqa cəlb olunub – İLGİNC

Sabiq milli təhlikəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov MTN generalının cinayət işi ilə bağlı istintaqa cəlb edilib.
Gununsesi.info-nun istintaq materiallarından əldə etdiyi məlumata görə, sabiq MTN şefi Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin cinayət işi ilə bağlı istintaqa cəlb olunub.
V. Mahmudov ibtidai istintaq zamanı dindirilib.
V. Mahmudov həmçinin, E. Quliyevin və digər şəxslərin cinayət işi ilə bağlı başlanılan məhkəmə prosesi zamanı qarşıdakı günlərdə dindiriləcək.
Qeyd edək ki, cinayət işinin ibtidai istintaqı başa çataraq, məhkəməyə göndərilib.
E.Quliyev və digər şəxslər 2015-ci ildə həbs edilib.

***

Aprelin 27-də Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin və Antiterror Mərkəzinin şöbə rəisinin müavini Azər Mehtiyevin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb.
Gununsesi.info-nun xəbərinə görə, prosesdə Elçin Quliyev və vəkili Elxan Aslanov məhkəmənin açıq keçirilməsiylə bağlı vəsatət qaldırıb.
Vəsatət təmin edilib.
Daha sonra E.Aslanov vəsatət qaldıraraq bildirib ki, prosesdə çəkilişə icazə verilsin, E.Quliyevin haqqında həbs-qətimkan tədbiri ləğv edilib, zaminə buraxılsın və iş yenidən istintaqa qaytarılsın:
“Çünki şahidlərin çoxuyla üzləşdirmə prosesi aparılmayıb”.
Lakin vəsatətlərin heç biri təmin edilməyib.
Prosesdə hakim heyətinin üzvlərindən birinin zərərçəkmişlərdən biriylə qohumluq əlaqəsi olduğuna görə, o, prosesdən imtina edib.
Onu başqa hakimlə əvəz ediblər.
Prosesdə dövlət ittihamçı Fəhmin Hümbətovdur.
Proses mayın 4-də davam edəcək.
Qeyd edək ki, Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev hədə-qorxu yolu ilə pul tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə yanaşı qanunsuz dinləmə ittihamları ilə də mühakimə olunur.
İttiham aktına görə, Elçin Quliyev Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun göstərişlərini icra edib.
Elçin Quliyev istintaqa verdiyi ifadəsində qeyd edib ki, siqaret qaçaqmalçılığı ilə məşğul olan Sahib Qurbanova məxsus mobil telefon nömrəsinin dinlənilməsinə dair əmr onun tərəfindən imzalanıb. Onun sözlərinə görə, 2015-ci ilin fevralın 7-də Sahib Qurbanovun mobil telefonu dinlənilib.
Həbsdəki general daha sonra deyib ki, siqaret qaçaqmalçılığı ilə məşğul olan Zaur Əzimova məxsus mobil telefon nömrəsinin dinlənilməsinə dair əmri də o imzalayıb: “7 fevral 2015-ci il tarixli tapşırıq vərəqləri ilə bağlı göstəriş verilib. MTN-nin rayon idarələrinin hər hansı şəxsə məxsus telefon danışıqlarının dinlənilməsi ilə bağlı tapşırıq vərəqi yazmaq səlahiyyətim olmayıb. Ona görə də fəaliyyət sahəsindən asılı olaraq həmin tapşırıq vərəqlərini MTN-nin müvafiq rayon idarələrinin təşəbbüsü ilə baş idarələr tərtib edərək icraya yönələndirib. Sahib Qurbanova və Zaur Əzimova məxsus telefon nömrələri üzrə danışıqların dinlənilməsi ilə bağlı qeyd edilən tapşırıq vərəqləri də MTN-nin Binəqədi rayon idarəsinin sabiq rəisi Rafiq Səfərovun təşəbbüsü ilə mənim tərəfimdən imzalanaraq icraya yönəldilib, həmin telefon nömrələri üzrə əldə olunmuş məlumatlar da birbaşa Rafiq Səfərova təqdim edilib”.
Xatırladaq ki, Elçin Quliyev Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilir.

Həmçinin oxuyun

Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması… Və müəmmalı “Maybach”i

Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib,-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş …

Bir cavab yazın