Ana səhifə / Araşdırma / Sabiq MTN generalı: “Gizli nəsə qalıb ki?”

Sabiq MTN generalı: “Gizli nəsə qalıb ki?”

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Virtualaz.org bu proses barədə oxucularına ən obyektiv və eksklüziv məlumatları çatdırmaqda davam edir. Məhkəmə istintaqı çərçivəsində ötən iclasda baş verənlər barədə ətraflı məlumat vermişik. Bu yazıda isə həmin iclasda qeydə alınmış bir məqama diqqət yetirmək istədik.

 

Qapalı iclas olacaqmı?

Prosesin gedişində dövlət ittihamçısı söz alaraq, MTN tərəfindən telefon dinləmələri faktlarının araşdırılması və bu işin mexanizmi üzrə təfərrüatların açıqlanması üçün qapalı iclasın keçirilməsini zəruri saydığını dedi.

Onun fikrincə, həmin iclasda yalnız məhkəmə kollegiyası, vəkillər, dövlət ittihamçıları və təqsirləndirilənlərin özləri iştirak etməlidir.

Məsələnin müsbət həll edilib-edilməyəcəyi hələlik məlum deyil, halbuki, məhkəmənin hazırlıq iclasının yekununda qəbul edilmiş qərarda bu halı nəzərdə tutan bənd var.

Dövlət ittihamçısının bu təklifinə təqsirləndirilən sabiq MTN generalı Teymur Quliyev sərt reaksiya verdi.

 

“Gizli nə qalıb ki?”

Təqsirləndirilən bildirdi ki, cinayət işində “tam məxfi” qrifi ilə sənədlər xeyli saydadır və bunlarla tanış olmaq adi bir işdir. “Ancaq küçədən keçən uşaq bu gizli sənədləri oxumayıb. Gizli bir şey qalıb ki, qapalı iclas keçirirsiniz?”, – Teymur Quliyev qeyd edib.

Təqsirləndirilən rəhbərlik etdiyi idarənin işində hansı əyintilərin olduğunu anlamadığını vurğulayıb: “Bizi ittiham edirlər ki, təlıimatı pozmuşuq, məhkəmə qərarı olmadan telefonları dinləmişik. Əvvəla, bütün göstərişlər yazılı şəkildə nazirin dərkənarı ilə daxil olurdu. Mənim ixtiyarım çatmır ki, nazırdən bunlara görə məhkəmə qərarının olub olmamasını soruşum. Bu heç təlimatda da göstərilməyib.

Məndən sonra bu göstəriş müavinə, oradan isə şöbə rəisinə, bölmə rəisinə və son nəhayətdə bilavasitə dinləmə ilə məşğul olan əməkdaşa ötürülürdü”.

 

Təqsirləndirilən Fərhad Atayev kimdir?

General Teymur Quliyev sözlərinə belə davam edib:

“Burada bizimlə bir yerdə Fərhad Atayev oturub. Onun bu bölmədə işlədiyini və ümumiyyətlə, mövcudluğunu MTN-in özündə belə çox az adam bilirdi. Anlamıram, onun nə günahı var ki, ittiham edilir”.

Bildirmək yerinə düşər ki, Fərhad Atayevlə bağlı hələlik proses boyunca heç bir zərərçəkmiş ittiham irəli sürməyib və təqsirləndirilən özü də hər hansı bir iclasda çıxış etməyib.

Onun qohumlarının fəal olmasını və demək olar ki, hər iclasda iştirak etmələrini də qeyd etmək olar.

Məhkəmənin növbəti iclası çərşənbə axşamı, aprelin 4-də keçiriləcək.

Virtualaz.org

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın