Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Səhiyyə xərclərinin artması nələri dəyişəcək – ekspertdən maraqlı açıqlama

Səhiyyə xərclərinin artması nələri dəyişəcək – ekspertdən maraqlı açıqlama

Pərviz Heydərov: “Həm dövlət , həm də əhali bərabər şəkildə tibbi xidmətlərə vəsait xərcləməlidir”

“2020-ci ilin dövlət büdcəsi investisiya tutumlu və sosial yönümlü bir büdcədir”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib. M. Quliyev deyib ki, gələn ilin dövlət büdcəsi layihəsində sosial xərclər bu ilə nisbətən 8 faizdən çox artıqdır: “Beləliklə, gələn ilin dövlət büdcəsi layihəsində sosial xərclər 38,6 faiz təşkil edir. Bu, müstəqillik tariximizdə ən yüksək sosial yönümlü büdcədir.

Büdcə xərclərinin böyük bir hissəsi səhiyyə xərclərinə ayrılıb. Səhiyyə xərcləri də bu ilə nisbətən 340 milyon manat, yaxud 31 faiz artaraq 1 milyard 400 milyon manat təşkil edir.

Eyni zamanda nəzərə alsaq ki, gələn ildən icbari tibbi sığortanın tətbiqi başlanacaq, sığorta ödəyənlərin, yəni işəgötürənlərin və işçilərin tibbi sığorta haqlarından da 500 milyon manat vəsaitin büdcəyə daxil olması gözlənilir. Beləliklə, bütövlükdə gələn il səhiyyə xərcləri 2 milyard manatdan çox olacaq. Bu da müstəqillik dövrümüzdə ən yüksək səhiyyə büdcəsidir”.

Komitə sədrinin müavini qeyd edib ki, bu büdcə gələn il əhalinin tibbi xidmətlərə əlçatanlığının daha da yaxşılaşacağını söyləməyə əsas verir: “Tibbi xidmətlərin keyfiyyəti daha da yaxşılaşacaq. Azərbaycan vətəndaşlarının cibdən vəsait ödəməsinə ehtiyac qalmayacaq. Vətəndaşların dövlət, o cümlədən ”Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində bütün müalicə xərclərini büdcədən və İcbari Tibbi Sığorta Fondundan ayrılan vəsait tam təmin edəcək”.

Quliyev nəzərə çatdırıb ki, 2020-ci ilin dövlət büdcəsi layihəsində səhiyyə xərcləri üçün nəzərdə tutulan 1 milyard 400 milyon manat vəsaitin bölüşdürülməsi dövlət tərəfindən aparılacaq: “Təxminən 300 milyon manat səhiyyə sahəsində dövlət, yəni məqsədli proqramlara ayrılacaq. Bura onkoloji xəstəliklər, vərəm, qan xəstəlikləri, talassemiya və digər xəstəliklər daxildir. Xərclərin bir hissəsi tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, bir hissəsi tibb işçilərinin əmək haqqına yönələcək. Büdcədən səhiyyəyə ayrılacaq ümumi xərclərinin təxminən 75-80 faizi icbari tibbi sığortaya yönələcək”.

Bəs görəsən, bu vəsait icbari tibbi sığortanın tətbiqi üçün yetərli olacaqmı? Səhiyyə xərclərinin artması ilə bu sistemdə nələrə nail olmaq mümkün olacaq?

Pərviz Heydərov ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, gələn il səhiyyə sistemində struktur dəyişiklikləri, o cümlədən bir sıra digər dəyişikliklər həyata keçiriləcək: “Eləcə də icbari tibbi sığorta sisteminin işə düşməsi ilə bağlı olaraq idarəetmənin özündə də təkmilləşdirmələr aparılacaq. Onların  maliyyə tərəfinə gəlincə, hələlik ilkin məlum olan odur ki, əhali üzrə fiziki şəxslərdən özəl sektordadırsa, birdəfəlik 120 manat alınacaq, dövlət sektorunda isə hər ay maaşlarından tutulacaq. Həmin vəsaitlərin özünü nə dərəcədə doğruldacağını, ümumiyyətlə, icbari tibbi sığortanın maliyyə tərəfi ilə bağlı hansı çatışmazlıqların, problemlərin üzə çıxacağını indidən söyləyə bilmərik. Bu, gələn il icbari sığorta sisteminin özünün fəaliyyəti nəticəsində ortaya çıxacaq. Bu istiqamətdə nəzərdə tutulan vəsait baxımından hesab etmək olar ki, ilin birinci yarısı ərzində bu məbləğin özünü nə dərəcədə doğruldacağı hiss olunacaq. Ancaq bütövlükdə rəqəmlərlə bağlı ən dəqiq vəziyyəti biz ilin sonunda görəcəyik. İcbari Tibbi Sığorta sisteminin işə düşməsi ilə əlaqədar olaraq öncədən proqnozlaşdırılmayan bir çox mənfi halların ortaya çıxması qaçılmazdır. Bu, çox mürəkkəb bir mexanizmdir. Ölkəmizdə bunun nə dərəcədə həyata keçiriləcəyi, hansı nüansların ortaya çıxacağı sistem fəaliyyətdə olduqca görünəcək”.

Dövlətin nəzdindəki tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə gəlincə, iqtisadçı ekspert bildirdi ki, getdikcə dövlət xəstəxanası ifadəsi aradan çıxacaq: “Bu ilin aprel ayında Nazirlərə Kabinetinin qərarı ilə Səhiyyə Nazirliyinin strukturuna daxil olan 100-dən çox tibb müəssisəsi ”Təbib”  adlı quruma verildi. Bu Təbib isə Tibbi Sığorta Agentliyinin tərkibində fəaliyyət göstərir. Getdikcə, icbari tibbi sığortadan kənarda pulsuz xidmət anlayışı yığışdırılacaq. Ona görə də dövlət xəstəxanası anlayışı tədricən əhəmiyyətini itirəcək. Real olaraq da dövlət xəstəxanası artıq qüvvədən düşmüş bir anlayışdır. İcbari tibbi sığorta sistemi tam oturuşmuş halda fəaliyyət göstərən bir sistem halına gələndə, ümumiyyətlə, dövlət xəstəxanası məfhumu da dilimizdən çıxacaq. İcbari tibbi sığortaya aid  siyahıdan  nəzərdə tutulan xidmətlərdən kənar bütün tibbi xidmətlər hamısı pullu olacaq, olmalıdır da. Bu qaçılmazdır. Xarici təcrübədə də bu belədir və biz də həmin yolla gedirik. Yüksək tibbi xidmətin pulsuz olması mümkün deyil. Ancaq burada bir cəhət də var ki, yüksək səviyyəli xidmət göstərən icbari tibbi sığorta sisteminin olması, uğurlu fəaliyyət göstərməsi üçün əhalinin gəlirləri kifayət qədər olmalıdır. Gəlirlər yüksək olmalıdır. Bu, bilavasitə dövlətin inkişafına bağlı məsələdir. Əhalisinin gəlirləri məhdud olan ölkədə, qeyri-bərabər vəziyyətdə olan ölkədə yüksək tibbi sığortadan və yüksək səhiyyə xidmətindən danışmaq olmaz. Çünki yüksək səhiyyə xidməti pula bağlı məsələdir, bunu ya dövlət, ya da əhali verməlidir. Dünya praktikasına və inkişaf etmiş ölkələrin keçdiyi yola nəzər  salsaq görərik ki, əhalinin özünün cibindən tibbi xidmətlərə xərclədiyi vəsait, dövlətin əhalinin tibbi xidməti üçün xərclədiyi vəsaitdən çox aşağıdır. Bu qarşılıqlı olmalıdır. Həm dövlət, həm də əhali bərabər şəkildə tibbi xidmətlərə vəsait xərcləməlidir”.

Adil Qeybulla ile ilgili görsel sonucu

Tibb elmləri doktoru Adil Qeybulla da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, icbari tibbi sığortaya ayılan vəsait yetərli görünmür: “Ona yenidən baxmaq  məqsədəuyğun olardı. Hər halda, yəqin ki, büdcənin bölünməsi ilə bağlı ilkin sxem var. Ancaq elm sahəsinə ayrılmalar çox azdır, səhiyyə sahəsinə ayrılmalar yetərli deyil. İcbari tibbi sığortaya 228 milyon manat pul ayrılıbsa, bu vəsait yetərli deyil. xəstəxanaların maddi-texniki bazası illərdir yenilənir, yenidən bu məsələyə vəsait ayrılır. İlk növbədə tibbi xidmətin keyfiyyətinə və dərman təchizatına yer ayırmaq lazımdır. Səhiyyənin ümumi büdcəsinin böyük hissəsi maddi-texniki bazanın möhkəmləndirilməsinə gedir. Ancaq əsas xərci icbari tibbi sığorta aparmalıdır”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …