Heç
düşünə bilərsinizmi ki, kiçik bir rayonun xəstəxanası bir il ərzində
təqribən 10 milyon manatlıq dəftərxana ləvəzimatı sərf etsin?
Fantastikadır deyilmi?..
Son
zamanlar Azərbaycanın irili-xırdalı məmurlarının xaricdə və ölkədə
qurduqları bizneslərin, mülklərin siyahısı yayılır. O siyahılara
baxarkən ilk növbədə adamın ağlını bi sual didir: Dövlətin büdcəsini,
ölkənin sərvətlərini mənimsəyib xaricə daşıyanlara niyə “gözün üstə
qaşın var var”, deyən olmur? Və bu qədər pulların mənimsənilməsi hansı
qrafiklə baş verir?
Azərbaycan
qanunvericiliyinə görə dövlət vəsaitlərinin xərclənməsi tender vasitəsi
ilə həyata keçirilir. Ona görə də biz keçirilən tenderlərə nəzər
saldıq. Elə ilk cəhdimizdə anomal və anormal tender alqı-satqıları ilə
rastlaşdıq. Və açıq deyək ki, rastlaşdığımız mənzərə doğrudan şaşırdıcı
idi.
Keçək
faktlara. Səhiyyə Nazirliyi Ucar Rayon Mərkəzi Xəstəxanasına bərk
inventar alınması üçün 13 231 281 AZN (On üç milyon iki yüz otuz bir min
iki yüz səksən bir manat) ayrılıb və tenderi “Köçəkli MK” adlı “20
manatlıq” bir şirkət qazanıb.
Yenə də Ucar Rayon Mərkəzi Xəstəxanasına avadanlıq alınması üçün 11 748 198 AZN (on bir milyon yeddi yüz qırx səkkiz min yüz doxsan səkiz manat) ayrılıb və tenderi yenə “Köçəkli MK” qazanıb.
Ancaq
yuxarıda göstərdiyimiz faktlar hələ anomal və anormal faktlar deyil.
Əsil anomal və anormal faktı indi təqdim edirik. Heç düşünə bilərsinizmi
ki, kiçik bir rayonun xəstəxanası bir il ərzində təqribən 10 milyon
manatlıq dəftərxana ləvəzimatı sərf etsin? Fantastikadır deyilmi?
Biz
əvvəl Ucar Rayon Mərkəzi Xəstəxanasına dəftərxana və təsərrüfat malları
alınması üçün 9 747 213 AZN (doqquz milyon yedi yüzqırx yeddi min iki
yüz on üç manat) ayrılmasına inana bilmədik. Məntiqə uyğun deyildi. Və
ona görə də rəqəmlərin arasında nöqtə, vergül axtardıq, amma təəssüf ki,
tapa bilmədik. Və nə təsadüfdüsə, bu tenderi də “Köçəkli MK” şirkəti
qazanıb.
Məsələ
ilə bağlı çox şaxəli nazirliklərin birinin tender komissyalarında
iştirak edən bir nümayəndəsinin fikirlərini öyrəndik. Müsahibimiz 10
milyon manatlıq dəftərxana ləvəzimatının alınmasını imkansız adlandırdı
və qeyd elədi ki, çalışdığı nazirliyin bütün yerli və mərkəzi
qurumlarının illik dəftərxana ehtiyacı 300 min manatı aşmır.
Bir
daha qeyd edirik, Ucar kimi kiçik bir rayonun Mərkəzi Xəstəxanası üçün
təqribən 10 milyon manat vəsait alınması anomal haldır və bu heç bir
məntiqə sığmır. Amma çox qəribədi bu xərcləmənin nə qədər məntiqsiz və
anomal olduğunu “Tender komissiyası” nə görməyib, nə də hiss etməyib.
Xatırladaq
ki, tenderlər ilk növbədə müvafiq qurumun nümayəndələri, Maliyyə
Nazirliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələrindən təşkil
olunan “Tender komissiyası”nda müzakirə olunduqdan sonra təsdiq üçün
Maliyyə Nazirliyinə yollanılır.
Maliyyə
Nazirliyi tenderi təsdiq etdikdən sonra həmin xərcləmə gələn ilin
büdcəsinə salınır. Tenderlərin elan olunmasından qalib elan olunma
prossesinə qədər olan prosseslərə nəzarəti isə İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti həyata keçirir.
Nəticə
isə gördüyümüz kimi ortadadır. Nə Maliyyə Nazirliyi, nə İqtisadiyyat
Nazirliyi, nə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti Səhiyyə Nazirliyinin bu anomal xərcləməsini
görməyib, ya da görə bilməyib…
Müqayisə
üçün qeyd edək ki, Qazax, Mingəçevir, Gəncə kimi iri şəhər və
rayonlarda dəftərxana ləvəzimatı xərclər siyahısında 50-60 min manat
arasında dəyişir. Başqa rayonların səhiyyə sistemlərinə dəftərxana
ləvəzimatı üçün ayrılan vəsaitlər 50 mindən artıq deyil. Amma nədənsə
Ucar rayonunda bu vəsait 10 milyona qədər yüksəlib.
Başqa
bir müqayisə də apara bilərik. Ölkə prezidentinin sərəncamları ilə
qaçqınlar üçün inşa edilən binaların biri hardasa 12-15 milyon arasında
başa gəlib. Ümumilikdə 342 min qaçqının mənzillə təmin olunması üçün
yaşayış kompleksərinin inşasına prezident Neft Fondundan 200 milyon
vəsait ayırıb.
Jurnalistlər
üçün tikilən 156 mənzilli birinci binaya 22 396 316 AZN (iyirmi iki
milyon üç yüz doxsan altı min üç yüz on altı manat xərclənib.
Jurnalistlər üçün inşa edilən üç bloklu 255 mənzillik binanın inşasına
isə 34 mln manat sərf edilib. İndi düşünün və fərqi görün…
Kiçik
bir rayonun xəstəxanasının bərk inventarla təmin edilməsi üçün 13
milyondan artıq, (halbuki bu vəsaitə 12-13 mərtəbəli bir bina tikmək
olar), avadanlığın satın alınması üçün təqribən 12 milyon manat və
dəftərxana ləvəzimatı almaq üçün isə təqribən 10 milyon manat sərf
olunur. Etiraf etməliyik ki, 30 milyondan artıq olan bu vəsaitə illərdir
dözülməz şəraitdə yaşayan qaçqınlar üçün 3 bina tikmək mümkün idi.
Amma
o vəsaitlərin hara yoxa çıxdığını bu gün heç kim bilmir və qeyd edək
ki, bizim təqdim etdiyimiz faktlar tender maxinasiyaları arasında
dəryada damla misalıdır.
Bir
məsələni də vurğulamaq istərdik. Yuxarıda qeyd etdik ki, bu anomal
milyonluq tenderlərin üçünü də “Köçəkli MK” adlı 20 manatlıq ilkin
sərmayəyə sahib olan bir şirkət qazanıb.
Araşdırmalarımız
nəticəsindı məlum oldu ki, “Köçəkli MK” adlı şirkət Masallı rayonunun
Köçəkli kəndininin sakini Bağırov Əli Hafiz oğlunun adına
qeydiyyatdadır. Həmin şəxsin milyonlarla vəsaitin yyuyulmasından nə
qədər xəbərdar olub olmamsını isə araşdırıq və bu barədə ayrıca
videoreportajımızı təqdim edəcəyik.
Sual
olunur, tender prosseslərinin əvvəlindən axırına qıdır nəzarətçi
funksiyasını həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar
Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hara
baxıb?
Niyə açıq qanunsuzluğa göz yumub? Bunun bir açıqlaması varmı?
Ya
da Maliyyə Nazirliyi?.. Bu qədər anomal və anormal xərcləmələri necə
təsdiq edib? Axı burda talançılıq və böyük korrupsiya özü-özünə
aydındır. Yəni adamın gözünə girir…
Onu
da qeyd edək ki, Ucar rayon Mərkəzi Xəstəxanasının anomal tenderləri
söylədiklərimizlə bitmir. Misal üçün digər maşın və avadanlıqların
alınması üçün bu rayon xəstəxanasına daha əvvəl də 9 401 709 AZN (doqquz
milyon dörd yüz bir min yeddi yüz doqquz manat) vəsait ayrılıb.
Tenderin qalibi yenə “Köçəkli MK”-dır.
Yenə
bərk inventar və avadanlıq alınması üçün müvafiq olaraq 104 940 AZN
(yüz dörd min doqquz yüz qırx manat) və 100 930 AZN (yüz min doqquz yüz
otuz manat) vəsait ayrılıb. Və yenə də dəftərxana ləvəzimatı üçün Ucar
rayonun 78 949.98 manat vəsit sərf etdiyini görürük.
Bir
qədər sonra isə yenidən Ucar rayon Mərkəzi Xəstəxanasının dəftərxana
ləvəzimatı üçün 101 369 AZN (yüz bir min üç yüz altmış doqquz manat)
sərf etdiyinin şahidi oluruq.
Nə gözəl Ucarmış bə… Belə görünür ki, Səhiyyə Nazirliyi bu rayondan pul yuma maşını kimi istifadə edib…
Bizim
üçün maraqlı olan odur ki, bütün bunlardan sonra əlaqədar qurumlar,
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət
Xidməti və Maliyyə Nazirliyi, o cümlədən Səhiyyə Nazirliyi xüsusən bu
anormal xərcləmələrlə bağlı çıxıb hər hansı açıqlama verəcəklərmi? Bizcə
verməyəcəklər. Amma versələr biz onların mövqelərini işıqlandırmağa
hazırıq.
Növbəti araşdırmalarımızı da da anomal və anormal tenderlərlə həsr edəcəyik. Bizi izləməkdə davam edin.