Bugünlərdə, daha dəqiq desək, aprelin 23-də Səfər Mehdiyevin Dövlət
Gömrük Komitəsinin (DGK) sədri vəzifəsinə təyin olunmasının bir ili
tamam olur. Artıq çoxlarına bəllidir ki, Səfər Mehdiyev DGK sədri
postuna əyləşdikdən bir qədər sonra Dövlət Gömrük Komitəsində ciddi
islahatların həyata keçiriləcəyini, bu sahədə mövcud olan neqativ
halların aradan qaldırılacağını bəyan edib. Məsələn, ötən ilin dekabr
ayının 27-də ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş
redaktorları ilə görüşü zamanı o, Azərbaycanda inhisarçılığın olmadığını
bildirmişdi. Lakin əldə etdiyimiz məlumatlar, eləcə də mətbuatda gedən
informasiyalar bunun əksini deməyə əsas verir.
Belə
ki, Səfər Mehdiyevin vədlərinə rəğmən, hələ də xaricdən Azərbaycana
avtomobil gətirən şəxslər süni maneələrə, bürokratik əngəllərə, əlavə
ödənişlərə məruz qalır. Bu barədə verilən məlumatlarda deyilir ki,
vətəndaşlar idxal etdiyi nəqliyyat vasitəsini rəsmiləşdirərkən gömrük
orqanının əməkdaşları tutarlı səbəb göstərmədən, hər hansı qanuna
istinad etmədən kalkulyatorda göstərildiyindən artıq pul tələb edirlər.
Məhz buna görə də vətəndaşlar ölkəyə idxal etdiyi nəqliyyat vasitəsini
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq öz adına
rəsmiləşdirməyə çalışarkən, o cümlədən xarici ölkədə hərrac vasitəsiylə
aldığı nəqliyyat vasitəsini qiymətləndirilmə ilə əldə etdiyi sənədlə
bəyannaməni doldurarkən ciddi problemlərlə üzləşirlər. Qeyd edək ki,
ekspertlərin fikrincə, gömrük sistemində insan faktoru, gömrük
əməkdaşının iradəsinin ortada olması rüşvət və korrupsiyaya yol açır.
Mütəxəssislər hesab edirlər ki, bütün bu problemlərin ortaya çıxmasının
başlıca səbəbi gömrük sistemində şəffaflığın və islahatların həyata
keçirilməməsidir. Əgər belə olmasaydı, o zaman yerli istehsalı olmayan,
yalnız avtomobil yığımı ilə məşğul olan Azərbaycana nəqliyyat vasitəsi
idxal etmək xaricdəki satış qiymətindən bir neçə dəfə baha başa
gəlməzdi.
“Gömrük və vergi sahəsində şəffaflıq olmazsa, Azərbaycanda iqtisadi inkişaf da olmayacaq”
Onu
da nəzərinizə çatdıraq ki, sözügedən mövzu ilə bağlı yenisabah.az-a
danışan iqtisadçı ekspert Natiq Cəfərlinin qənaətincə, avtomobil gömrük
rüsumları ilə bağlı Azərbaycanda ciddi bir məntiqsizlik var. Onun
sözlərinə görə, gömrük rüsumlarının, aksiz vergilərinin yüksək olduğu
yerlər adətən çox böyük avtomobil istehsalçısı olan ölkələr olur: “Yəni
öz daxili bazarlarını qorumaq, daxili istehsalçılarına dəstək olmaq üçün
həmin ölkələr bəlli çərçivədə özlərinə xaricdən avtomobillərin
gətirilməsini qarşısını almaq məqsədilə böyük gömrük rüsumları, vergi,
aksiz dərəcələri müəyyən edirlər. Azərbaycanda isə belə bir ehtiyac
yoxdur. Ölkəmizdə yerli avtomobil istehsalı da mövcud deyil.
Neftçaladakı olan zavod isə istehsal deyil, yığımdır. Orda çox az
miqdarda – təqribən il ərzində 800-1000 arası avtomobil yığılır. Bu da
dövlət ehtiyacları üçündür, demək olar ki, bazara çıxmır. Həmin
avtomomobillər dövlət idarələri tərəfindən alınır və bu layihənin
rentabelliyi sual altındadır. Ona görə də ümumilikdə Azərbaycana
gətirilən avtomobillərlə bağlı yüksək gömrük rüsumlarının, aksiz
dərəcələrinin tətbiqi məntiqsizdir”. Ekspert hesab edir ki, əgər hökumət
bunu ekoloji məsələlərlə bağlamaq istəyirsə, məhz buna görə belə
addımlar atdığını söyləyirsə, yenə də anlaşılmazdır: “Məsələn, dünya
ölkələrində belə taktika var ki, hibrid, elektrik avtomobillərə sıfır
rüsum, sıfır vergi, sıfır aksiz dərəcəsi tətbiq olunur. Bizdə isə burda
da ayrım yoxdur. Hibridlə bağlı ümumiyyətlə heç bir dəyişiklik mövcud
deyil. Elektriklə işləyən avtomobillərdə isə, 15 faizlik vergi tətbiq
olunur. Azərbaycan hökuməti ekoloji məsələni önə çəkib bu addımı atırsa,
heç olmasa ölkədə avtomobil bazarında , parkında yenilənməyə nail
olmalıdır. Hibridlə, elektriklə işləyən avtomobillərə üstünlük
verilməlidir, onlara təşviq siyasəti həyata keçirilməlidir ki, ekoloji
problemlər aradan qalxsın, insanların bu cür avtomobillərə marağı
yaransın. Bu zaman ümumiyyətlə gömrüklə əlaqəli problem olmayacaq –
sıfır vergi dərəcəsi, gömrük rüsumu tətbiq ediləcəksə. İnsanlar sadəcə
həmin növ avtomobilləri xaricdən alıb Azərbaycana gətirib
rəsmiləşdirməyə pul ödəyəcəklər. Yəni nömrənin alınması, texniki
sənədlərin rəsmiləşdirilməsi – bu da çox cüzi bir məbləğdir”. Natiq
Cəfərli qeyd edib ki, məsələni kökündən həll etmək üçün bu yanaşmaya
ehtiyac var: “Əgər gömrük keçid məntəqələrində avtomobillərlə bağlı
yenidən rüşvət faktorları da baş verirsə – çünki bir ara bu məsələlər
doğrudan da yığışdırılmışdı – bu, problemin daha da dərin olduğunu
göstərir. Mütləq bu məsələlər ciddi araşdırılmalı və problemlər aradan
qaldırılmalıdır. Çünki gömrük və vergi sahəsində şəffaflıq olmazsa,
Azərbaycanda iqtisadi inkişaf da olmayacaq”.
Hazırda
gömrük sistemində yaşanan arzuolunmaz mənzərə Səfər Mehdiyevin bir
illik fəaliyyətini müsbət qiymətləndirməyə imkan vermir
Təbii
ki, bütün bunlar Dövlət Gömrük Komitəsinin sədri kimi Səfər Mehdiyevin
bir illik fəaliyyətini müsbət qiymətləndirməyə imkan vermir.
Ümumiyyətlə, bu barədə əldə etdiyimiz məlumatlar da hazırda gömrük
sistemində arzuolunan mənzərənin yaşanmadığını ortaya qoyur. Belə ki,
mövzu ilə əlaqədar redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin
sözlərinə görə, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun
Nehrəm kəndindən olan Səfər Mehdiyev Dövlət Gömrük Komitəsindəki ən
mühüm və gəlirli postları məhz həmyerlilərinə həvalə edib. Məsələn,
hazırda Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsində çalışan
Əsgər Həsən oğlu Abdullayev, Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi
Məsum Eynalı oğlu Rəsulov, eyni zamanda digər bir sıra vəzifə sahibləri
əslən Babək rayonunun Nehrəm kəndindəndirlər. Səfər Mehdiyevin hələ DGK
sədrinin müavini olduğu vaxtlardan Dövlət Gömrük Komitəsində əslən
Nehrəm kəndindən olan şəxsləri yerləşdirdiyini vurğulayan mənbə iddia
edir ki, həmin vaxt onun verdiyi qeyri-rəsmi qərara görə, komitənin
mühafizə xidmətinə işə qəbul zamanı kardların fiziki hazırlığı ilə
yanaşı, Nehrəm kəndindən olmaları da əsas şərt kimi irəli sürülürdü:
“Beləcə, Səfər Mehdiyev hələ komitə sədrinin müavini olarkən
həmyerlilərini ən önəmli postlara yerləşdirilib. Deyilənlərə görə, Səfər
Mehdiyev elə bu səbəbdən də, yəni formalaşdırdığı “Nehrəm klanı”nın
gücünə güvəndiyi üçün keçmiş sədr Aydın Əliyevlə hesablaşmırdı, onun
göstərişlərinə məhəl qoymurdu. Bu gün isə Səfər Mehdiyev artıq Dövlət
Gömrük Komitəsinin sədridir və bir il öncəkindən daha çox imkana,
səlahiyyətə sahibdir. Deyilənlərə görə, onun sədr postuna gəlməsində
“Nehrəm klanı”nın əvəzsiz xidmətləri olub”.
DGK sədri yuxarıların gözündə yaxşı görünmək məqsədiylə nüfuzlu şəxslərin qohumlarını vəzifədə irəli çəkir
Yeri
gəlmişkən, Dövlət Gömrük Komitəsinin sədrinin yuxarıların gözündə yaxşı
görünmək, mövqeyini daha da möhkəmləndirmək məqsədiylə nüfuzlu
şəxslərin qohumlarını vəzifədə irəli çəkdiyini deyən mənbə buna misal
olaraq Həsən Eyyubovun yeni yaradılan quruma rəsi təyin olunmasını
göstərib. Belə ki, ötən ilin avqust ayında Səfər Mehdiyevin qərarına
əsasən Aksiz Baş Gömrük İdarəsi ilə Avtonəqliyyat Baş Gömrük İdarəsinin
birləşdirildiyini bildirən məlumatlı şəxs yeni yaradılan quruma –
Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə rəis postuna Azərbaycan
Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini,
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi,
general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu Həsən Eyyubovun təyin
olunduğunu bildirib: “Buna qədər isə Həsən Eyyubov Bakı Baş Gömrük
İdarəsinin rəis müavini olub. Deyilənlərə görə, Səfər Mehdiyev məhz bu
addımı ilə Dövlət Gömrük Komitəsində mövqeyini daha da möhkəmləndirməyi,
toxunulmazlıq əldə etməyi planlaşdırıb. Elə buna görədir ki, Dövlət
Gömrük Komitəsində mövcud olan neqativ hallara, ciddi islahatların
həyata keçirilməməsinə, xaricdən avtomobil gətirən şəxslərin
üzləşdikləri süni maneələrə, əlavə ödənişlərə və vətəndaşları narahat
edən digər problemlərə görə Səfər Mehdiyevə “gözün üstə qaşın var” deyən
yoxdur”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
“Hürriyyət”in Araşdırma Qrupu
Həmçinin oxuyun
AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ
Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …