Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Rüşvətə görə tutulan baş həkim və köməkçisi məhkəmədə bir-birinin üzünə durub

Rüşvətə görə tutulan baş həkim və köməkçisi məhkəmədə bir-birinin üzünə durub

Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin sabiq baş həkimi Hüseyn Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alarkən həbs olunan sabiq baş həkimin cinayət işi üzrə məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edib.

Məhkəmədə Mətanət Şamçıyeva ifadə verərək deyib ki, dispanserdə arayış vermək üçün vətəndaşlardsn pulu yığıb baş həkimə verib.

O, bu göstərişi baş həkimdən aldığını deyib:

“Hüseyn müəllim özü demişdi ki, pulları yığıb verim. Dekabrdan pul toplanmağa başladım. Fevralın 1-nə kimi 2800 manat pul yığıldı. Pulun nə vaxt verilməsini baş həkim təyin edirdi. Hüseyn müəllim təkid elədi ki, pulu yığıb ona verim, mən də qorxdum ki, yığıb verməsəm məni işdən qovar. Yığılan pullardan cəmi bir dəfə 40-50 manat mənə verib. Həsən müəllim mədəni adam idi, heç kimi də işdən qovmamışdı, 11 ildir bir yerdə işləyirdik”.

Şamçıyeva arayışa görə müxtəlif məbləğlərdə pul aldıqlarını da etriaf edib.

“Arayışa görə standart pul tələb etmirdik. Bir manat verən də var idi, qəpik qoyub gedən də var idi, 5 manat verən də. Hüseyn müəllim deyirdi ki, pulları mənim otağıma qoyma. Mən də öz otağımda saxlamağa qorxurdum. Ona görə laboratoriyada saxlayırdım, orada 300 manat var idi. Evdə də əlavə 500 manat qalmışdı. Bizim pul yığmağımızla bağlı kiməsə məlumat verdiyimi xatırlamıram. Amma ola bilər ki, vətəndaşlar pul verəndə işçilərdən kimsə görsün”- deyə təqsirləndirilən xanım deyib.

Sabiq baş həkimin vəkili isə deyib ki, M.Şamçiyevanın evindən 62 ədəd 5 manatlıqlar aşkar olunub. Həmin əskinazlar arasında manatlıqlar olmayıb.

Sualları cavabıamdıran M.Şamçiyeva deyib ki, rüşvət alınanda vətəndaşlar pulu jurnalın altına qoyurdu. Onların yanında qaldırıb pulun neçə manat olduğuna baxa bilməzmiş.

Sabiq baş həkim Hüseyn Həsənov isə ifadə verərək özünü təqsirli bilmədiyini deyib.

O, keçmiş işçisinin yalan danışdığını detib.

“Bu qadın yalan danışır. Mən nə ona pul yığmağı tapşırmışam, nə pul yığılmasından xəbərim olub, nə də mənə pul verilib”- deyə o, bildirib.

H.Hüseynov rüşvət əməliyyatı zamanı çəkilən videogörüntüdəki şəxsin özü olmasına inanmır.

O, deyib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi görünən videodakı şəxsin özünün olub-olmadığımı deyə bilməz və bunun üçün ekspertiza keçirmək lazımdır.

Baş həkim şantaj olunduğunu deyib və rüşvət əməliyyatı zamanı çəkilən videoya belə şərh verib:

“Videogörüntülərdə səslənən pul söhbətinin rüşvətlə heç bir əlaqəsi yoxdur. Söhbət ondan gedir ki, fevralın 1-dən bir neçə gün öncə Mətanət xanım mənə müraciət edərək özünə mebel almaq üçün pul borc istəmişdi. Mebellə bağlı konkret qərar vermədiyi üçün təxminən 3 min manat istəmişdi, mən də razılıq verdim. Dedim ki, filan gün gəl, pulunu götür. Amma bir şərt qoydum ki, işçilər bunu bilməsin, sonra hər kəs gəlib pul istəməsin, mən bank deyiləm. Heç vaxt üstümdə o qədər pul gəzdirmirəm. Həmin gün isə özümlə həmin pulu götürüb işə gəldim. Mətanət xanım siyahı göstərib dedi ki, filan qədər şkafdı-filan. Mənə o maraqlı deyildi. Sonra pulu ona verdim, böyük nominantlarla. Xırda pullar özümdə qaldı, Mətanət xanım dedi ki, sizə “kulok” verim? Dedim yox, lazım deyil. Mənə demişdi ki, 4-5 aya borcunu qaytaracaq, amma hələ də qaytarmayıb. İnşallah, qaytarar.

Həm də əməliyyat keçirilən zaman prokurorluq əməkdaşları iki dəfə çəkiliş edib. Əvvəl içəri girən kimi soruşdular ki, bu nə puldu? Mətanət xanım dedi ki, borcdur. Onlar kameranı söndürüb Mətanət xanımı o biri otağa apardılar, yarım saat nəsə söhbət etdilər. Sonra mənim otağıma gəldilər, təzədən kameranı qoşdular. Mətanət xanım dedi ki, pul arayışlardan yığılıb”.

H.Həsənovun ifadəsinə münasibət bildirən M.Şamçiyeva belə bir hal olmadığını deyərək keçmiş müdirinin yalan danışdığını deyib.

Daha sonra şahidlər ifadə verərək arayış üçün M.Şamçiyevaya müxtəlif məbləğlərdə pul verdiklərini deyiblər.

Narkoloji dispanserdə tibb qeydiyyatçısı işləyən İradə Nəsibova deyib ki, vətəndaşlar özləri arayış üçün Mətanət Şamçiyevaya pul verib.

Dispanserin əməkdaşı Fəzail Həsənov ifadə verərək bildirib ki, M.Şamçiyeva pulları yığıb baş həkimə verməsi barədə ona məlumat verib.

Tibb bacısı Hicran Abdullayeva deyib ki, baş həkim H.Həsənovun göstərişi ilə M.Şamçiyevaya arayışların yazılması üçün kömək edib: “Vətəndaş özləri gətirib pul verirdilər”.

Qeyd edək ki, Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında işlədiyi müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı baş həkim rüşvət alarkən həbs edilib.

H.Hüseynov və M.Şamçıyeva barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb. H.Hüseynov hazırda həbsdə, Şamçıyeva isə ev dustaalığındadır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın