Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Ramiz Yediyarov cinayət məsuliyyətinə cəlb oluna bilər?

Ramiz Yediyarov cinayət məsuliyyətinə cəlb oluna bilər?

Tanınmış hüquqşünas Ramiz Yediyarovun cinayət məsuliyyətinə cəlb olunmalı olduğunu deyir
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Gədəbəy rayonundan olan iş adamı Oqtay Əliyevin Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı iddiası ilə bağlı qərarı verməsi haqda məlumat vermişdik. Sahibkar Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona məxsus turizm obyektinin Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülməsinin məhkəmə qaydasında təsdiqlənməsini istəyib.

Məhkəmə işi araşdırıb və xüsusi ekspertizanın rəyini nəzərə alaraq təsdiq edib ki, Əliyev Oqtay İbrahim oğluna məxsus həmin turizm obyekti həqiqətən də Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən əsassız olaraq sökülüb. Bununla bağlı cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətindən 66 min 626 manatın tutulub iddiaçı Əliyev Oqtay İbrahim oğluna ödənilməsi haqda qərar verib. Gəncə Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası qərarı ləğv etsə də, Ali Məhkəmə həmin qərarı ləğv edərək sahibkara dəymiş ziyanın ödənilməsi haqda qərar çıxarıb.

Maraqlı olan 66 min 626 manat vəsaitin sahibkara hansı hesabdan ödənilməsidir. Obyektin sökülməsinə qərar verən şəxs icra başçısıdır. Məhkəmənin qərarına görə isə vurulmuş ziyana görə kompensasiyanı Gədəbəyin icra hakimiyyəti – yəni dövlət ödəməlidir. Belədə ədalət tərəzisinin düzlüyünə nəzarət etməli olan dövlətin özü ədalətsizliyə məruz qalmırmı?
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Müzəffər Baxışov deyir ki, icra başçısı sıravi vətəndaş olsaydı, onun qanunsuz göstərişini kimsə icra etməyəcəkdi: “Gədəbəyin icra hakimiyyətinin başşısı dövləti təmsil etdiyindən onun göstərişi yerinə yetirilib və sahibkarın əmlakı dağıdılıb. Sahibkar inzibati-qitisadi məhkəməyə müraciət edib və məhkəmə əmlakın dağıdılmasını qanunsuz sayaraq əmlakın dəyərini müəyyən edib, vurulmuş ziyanı hesablayıb. Buna görə də həmin ziyanın dövlət hesabından ödənilməsi haqda qərar çıxarılıb”.

M.Baxışov deyir ki, sahibkara vurulmuş ziyanın icra başçısı tərəfindən ödənilməsi vacibdir: “Sivil dövlətlərdə məmurların qanunsuz hərəkətləri nəticəsində vurulan ziyan həmin məmurun özündən tutulur. Əslində Azərbaycanda da bu qayda tətbiq olunmalı, qanunsuz qərara görə vurulan ziyan həmin qərarı qəbul etmiş məmurun özü tərəfindən ödənilməlidir. Bu halda məhkəmənin çıxardığı 66 min manat ziyanı dövlət yox, məhz həmin qanunsuz qərarı qəbul etmiş icra başçısının özü ödəməlidir. Təəssüf ki, bizim dövlətimizdə bunu etmirlər. Ona görə də icra başçıları, məmurlar qanunsuz göstərişlər verməkdən, sahibkarlara qarşı qanunsuz addımlar atmaqdan çəkinmirlər. Məsələn, Avropa Məhkəməsi qanunsuz qərarlar verən hakimlərə görə dövlətimizi dəfələrlə cərimə edib. Buna baxmayaraq, həmin hakimlərə qarşı hər hansı bir tədbir görülməyib. Bu gün həmin hakimlər sifarişləri icra etməkdə davam edirlər”.

M.Baxışov deyir ki, Mülki Məcəllədə olan boşluqdan məmurlar məharətlə istifadə edirlər: “İcra hakimlərinin, məhkəmə hakimlərinin, ümumilikdə isə hakimlərin etdiyi qanunsuzluğa görə vurulan ziyan dövlət hesabına ödənilir. Sivil dövlətlərdə isə qayda qəbul olunub ki, əgər məmur, vəzifəli şəxs qanunsuz qərar, göstəriş, əmr veribsə və buna görə vətəndaşa ziyan dəyibsə, həmin ziyanı onu vuran məmur ödəyir. Söhbət səlahiyyət həddini aşmaqla verilən qanunsuz qərar, göstəriş, əmrdən gedir. Konkret halda məhkəmə qərar verib ki, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının qərarı qanunsuzdur və bunun nəticəsində dövlətə mühüm ziyan dəyib. Bu gün dövlət icra başçısının qanunsuzluğu nəticəsində həmin sahibkara 66 min manat ödəməlidir. Bu, dövlətə vurulan mühüm ziyandır. Həmin vəzifəli şəxs səlahiyyət həddini aşdığına görə Cinayət Məcəlləsinin 309-cu maddəsi ilə məsuliyyət daşıyır və cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Qeyd edək ki, Gədəbəyin Qalakənd kəndində O.Əliyevin inşa etdirdiyi turizm obyekti Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən heç bir əsas göstərilmədən və söküntü ilə bağlı məhkəmənin qərarı olmadan 29.07.2014-cü il tarixdə sökülüb. Halbuki obyektin tikintisi ilə bağlı aidiyyəti qurumlardan, xüsusən də ərazinin balansında olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan rəsmi icazəsi olub. Belə ki, Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qala kənd meşəbəyliyinin 0.20 ha sahəsindən istirahət-turizm məqsədi ilə istifadə etmək üçün həmin müəssisə ilə 16 iyun 2013-cü il tarixdə 5 (beş) illik müqavilə bağlanılıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın