Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Araşdırma / Ramiz Mirzəyevin ailəsindəki ardıcıl faciələrin pərdəarxası məqamları…

Ramiz Mirzəyevin ailəsindəki ardıcıl faciələrin pərdəarxası məqamları…

Təxminən iki il əvvəl Tovuz rayonunda ərlə arvadın evdə qətlə yetirilmələri uzun müddət media səhifələrində manşetlərdə qaldı. Onlar AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı Pakizə və onun əri Fərman Məmmədovlar idi. Hazırda cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Əli Babayev aparır, lakin iş hələ də bağlı qalıb.

Ailənin oğlu Qoca Məmmədov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 2018-ci il fevralın 23-dən 24-nə keçən gecə anası ilə atasının yatdığı yerdə xüsusi amansızlıqla öldürülməsindən 2 ilə yaxın vaxt keçsə də, istintaq səmərəsiz aparılır, hələ də cinayəti törədən ya da bu işdə şübhəli bilinən kimsə tapılmayıb:

AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyev

“Buna görə 3 dəfə Baş prokuror Zakir Qaralovun, bir dəfə Daxili İşlər naziri Vilayət Eyvazovun, bir dəfə də Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda olmuşam. Bu işlə bağlı rayonda dindirilməyən adam qalmayıb. Hətta bir nəfər bu işlə bağlı dindiriləndə özünü Tovuz polis şöbəsinin binasının üçüncü mərtəbəsindən atmışdı.

Valideynlərim öldürüləndə anamın yatdığı və öldürüldüyü yerdə, başının altında 3800 manat pul olub, sırğaları güzgünün qarşısında olub, seyf də açıq olub, ona da dəyməyiblər, ikinci mərtəbəyə ümumiyyətlə çıxmayıblar. Evə girən şəxslər heç nə götürməyiblər. Amma istintaq valideynlərimin tamah niyyəti ilə öldürüldükləri maddəsi ilə cinayət işi başladıb. Bu qətli törədən və törədənlər bunu əvvəlcədən planlayıblar və məqsəd məhz atamla anamı öldürmək olub”. 

Q.Məmmədov bildirib ki, onlar yaxın qohumlarından şübhələndiklərini bildirsələr də, bu istiqamətdə iş aparılmayıb:

“Bizim şübhələndiyimiz adamlar var, mən hesab edirəm ki, bu qətl ailələr arası münaqişə zəminində baş verib. Şübhələndiyimiz adamlar bizim yaxın qohumlarımızdır, onlarla çoxdan ədavətli olmuşuq. Onların adını istintaqa dəfələrlə versək də, həmin adamlar dindirilmir. Valideynlərim ölmədən əvvəl bir dayımın oğlu Orxan qəzada öldü, ondan bir neçə ay sonra digər dayım Ramiz Mirzəyevin oğlu Anar qəzaya düşüb öldü.

Anarın yeddisi çıxan günün səhəri anamla atam öldürüldü. Ramiz Mirzəyevin ailəsi dayım oğlanlarının ölümündə həmişə anamı günahlandırırdı, deyirdilər ki, guya anam həmişə onlara qarğış edib və anamın onları qarğımasına görə bu hadisələr olub”.

Ramiz Mirzəyevin oğlu Anar 

Qoca Məmmədov hadisədən sonra evə gedərkən gördüklərini də danışıb:

“Mənə zəng edib dedilər ki, evdə yanğın olub. Mən ora gedəndə polis və FHN hələ gəlməmişdi. İçəri girəndə gördüm atam televizora baxdığı yerdə divanda ölüb, anam da yatağında idi. Ev tam yanmamışdı, anamın yatağında biraz yanğın olmuşdu. Amma onun neft, benzin ya kerosinlə yandırıldığı istintaq hələ də müəyyənləşdirə bilməyib. Bu hadisəni törədənlər evə girən kimi atamı divandaca boğub öldürüblər. Sonra anamın əl-ayağını “skoç”la sarıyıb yandırıblar. Sonra da qazı açıq qoyub gediblər, həmin ev çox köhnə olduğu üçün fikirləşiblər ki, yanıb kül olacaq. Amma yanğın böyüməyib. 

Bu işin açılmasını istəməyən vəzifəli şəxslər var ki, buna maneə olurlar. Onlar hüquq-mühafizə sistemində işləyirlər və bizim qohumlarımızdır. Həmin vəzifəlilər şübhələndiyimiz və adlarını istintaqa verdiyimiz şəxslərin yaxınlarıdır. Bu şəxslər əqli problemi olan xalam oğlunu qabağa verib ona dedirtmişdilər ki, guya qətli o törədib. Sonra da mətbuata məlumat ötürmüşdülər ki, qətli törədən tutulub. Amma xalam oğlu psixi müalicəyə göndərildi. Sonra məlum oldu ki, xalam oğlu bunu etiraf etmədən əvvəl həmin qohumlarla telefonla danışıb”.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …