Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Rabitə işi”ndə tutulan vəzifəli şəxs məhkəməyə xərəkdə gətirildi: “Özümü doğrayım?”

“Rabitə işi”ndə tutulan vəzifəli şəxs məhkəməyə xərəkdə gətirildi: “Özümü doğrayım?”

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesinə təqsirləndirilənlərdən “Təmir Təchizat Servis” MMC-nin direktoru olmuş Bayram Vəliyev xərəkdə gətirilib. Onun belində 18 mm yırtıq əmələ gəldiyi bildirilir. Bu səbəbdən ötən proses də təxirə salınmışdı. B.Vəliyev nə yeriyə, nə də otura bilir. Bayram Vəliyev məhkəmənin gedişini uzanıqlı şəkildə izləyib.

Məhkəmə prosesi cinayət işində olan sənədlərin elan edilməsi ilə davam etdirilib. Hakim ilk olaraq cinayət işinin 401-ci cildində olan ödəniş tapşırıqları ilə bağlı sənədlərin siyahısını açıqlayıb. Sonra digər cildlərdə olan sənədləri elan ediblər. İş materallarında olan sənədlərin elanı başa çatıb.

Məhkəmədə Bayram Vəliyevin vəkili vəsatətlə çıxış edib. Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi B.Vəliyev müayinə olunub və onun bel ağrıları mütamadi olaraq davam edir.

Vəkil B.Vəliyevin həbsxanada əziyyət çəkdiyini söyləyib: “Onun müalicə olunmasına ehtiyac var. Cərrahiyə əməliyyatı olunmalıdır. Qapalı müəssisədə onun cərrahiyə olunması mümkün deyil. Cərrahiyə olunmasına şərait yaradılmasını məhkəmədən xahiş edirik”.

Digər təqsirləndirilən şəxslərin müdafiəçiləri vəsatətin təmin edilməsini istəyib. Dövlət ittihamçısı Fərid Nağıyev Bayram Vəliyevin cərrahiyə əməliyyatı olunmasına etiraz etməyib. Ancaq prokuror bildirib ki, cərrahiyə əməliyyatına icazə verilməsi məhkəmənin səlahiyyətinə aid deyil, penitensiar xidmətdə bununla bağlı tədbir görülməsinə imkanlar var.

Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu məsələ hüquqi məsələ yox tibbi işdir: “Penitensiar xidmət baxa bilər. Rəy verilsə ki, gətirilməsi mümkün deyil, bir tədbir görülər”.

Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov isə Bayram Vəliyevin ev dustaqlığına buraxılmasını istəyib. Vəkil deyib ki, məhkəmə öz təşəbbüsü ilə ev dustaqlığı məsələsinə baxa bilər.

Hakim Əfqan Hacıyev vəkilə etirazını bildirib: “Siz Vidadi Zeynalovun vəkilisiz. Onu da müdafiə edirsiniz. Bu məsələ də müzakirə olundu və qərar qəbul edildi”.

Təqsirləndirilən və səhhətinin ağır olduğunu deyən Bayram Vəliyev bu müzakirələrə etiraz edib: “Mən nə edim? Özümü doğrayım? Həkim deyir ki, bu məsələ məhkəmənin işidir. Mən nə MTN işçisi, nə də rabitəçiyəm. Ev dustaqlığı istəmirəm. Mənə bir günlük icazə verin, əməliyyat olunum. Sonra da yenə də geri qaytarın”.

Hakim isə cavabında bildirib ki, bu məsələ məhkəmənin baxacağı iş deyil: “Penitensiar xidmətdə həkim var, həkimlər bu müalicəni apara bilərlər”.

Növbəti məhkəmə prosesi martın 17-də keçiriləcək.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etməkdə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın