Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Rabitə işi”ndə təqsirləndirilən şəxsin qardaşı vəfat edib

“Rabitə işi”ndə təqsirləndirilən şəxsin qardaşı vəfat edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sabirabad Rayon Telekomunikasiya Qovşağında şöbə rəisi vəzifəsində çalışmış Fərzəli Fərzəliyev ifadə verib.
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Şahid məhkəmədə dindirilərkən bildirib ki, mal materialların alınması zamanı sənədlərə qol çəkib, yalnız onların alınmasında iştirak edib
V Zeynalovun vəkilləri Ceyhun Yusifov və Bəylər Məmişov şahidin ifadəsində ziddiyyət olduğundan istintaqa verdiyi ifadəsinin elan olunmasını tələb ediblər.
Daha sonra F.Fərzəliyevin istintaqa verdiyi ifadəsi elan olunub. Bu zaman şahid özünü pis hiss elədiyini deyib. Onun ürəyi gedib. Məhkəmədə qısa fasilə elan edib.
Təqsirləndirilən M.Məmmədov iclasda bildirib ki, məhkəmədə dindirilən şəxslər fəhlə adamlardır: “Onlar heç vaxt polis prokurorluq görməyiblər”.
Daha sonra şahid qismində Əkbər Əsgərov dindirilərkən Şirvan Rayon Telekomunikasiya Qovşağında baş mühasib olduğunu söyləyib. O vurğulayıb ki, qovşağa ayrılan pulların 90 faizi yenidən “Aztelekom” MMC-yə qaytarılıb. Şahid ümümlikdə qovşağa 5 il ərzində 12 milyon 350 min manat pul köçürüldüyünü bildirib: “Həmin pulun 10 faizi bizə qalırdı. Qalan hissəsini götürüb, şəxsən Oqtay Rüstəmova gətirib vermişəm. Həmişə belə çalışmışıq”.
Təqsirləndirilən şəxs O.Rüstəmov isə Ə.Əsgərovdan heç zaman pul götürmədiyini və şahidin yalan danışdığını söyləyib.
V.Zeynalov şahidin ifadəsinə münasibət bildirib. O, Şirvan şəhərində çox iclasa gəldiyini, ona əslində şahidin dediklərinin adiyyatı olmadığını deyib: “Çox maraqlıdır ki, şahid ifadəsində bildirir ki, 90 faiz pullar geri qaytarılıb. Axı həmin qovşaq Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşirdi. Ora bir neçə dəfə təmir olunub və həmin yerə iclaslara gəlmişik. Regional iclaslarımızı orda olub. Bəs o pullar geri qaytarılıbsa, necə o bina dəfələrlə təmir edilib?”.
Hakimin sözlərinə görə, şahid ifadəsində qeyd edib ki, gələn pulların 10 faizi ilə bu işlər görülüb.
İclasda təqsirləndirilən N.Məmmədovun vəkili vəsatətlə çıxış edib. O, çıxışında müdafiə etdiyi şəxsin qardaşının vəfat etdiyini deyib: “Sabah Namazalı Məmmədovun qardaşının dəfn mərasimi olacaq və məhkəmədən onun həmin mərasimində iştirak etməsini istəyirik”.
Hakim bildirib ki, bu bizim səlahiyyətimizdə deyil: “Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciətn edin”
Şahid qismində Şirvan Telekomunikasıya Qovşağında xəzinadar vəzifəsində çalışmış Əsəd Əsədullayev də ifadəsində qeyd edib ki, “Aztelekom” MMC tərəfindən göndərilən pulların 90 faizin geri qaytarılıb.
Daha sonra şahid qismində “Aztelekom” MMC-nin sabiq sədri M.Məmmədovun bacısı oğlu Sahib Əliyev dindirilib. O, istintaqa verdiyi ifadəni təsdiqlədiyini söyləyib.
Məhkəmənin növbəti prosesi yanvarın 18-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb.
Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 32 min 400 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon, M.Məmmədov 4 milyon 500 min və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər. V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın