Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Araşdırma / Rəsul Quliyevlə Fatma Yolçuyevanı biri-birinə nələr bağlayır?… – Araşdırma

Rəsul Quliyevlə Fatma Yolçuyevanı biri-birinə nələr bağlayır?… – Araşdırma

Xəbər verdiyimiz kimi Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının həmtəsisçilərindən biri olan “FENCİNG” İdman Klubu ictimai birliyi mətbuat konfransı keçirərək onlara məxsus əmlakın bir qrup şəxsin qanunsuz yollarla mənimsəməsinə çalışdıqlarını bildirmişdi.

Mətbuat konfransında vəkilin, “FENCİNG” İdman klubu İctimai birliyinin sədri Asəf Məlikovun açıqlamalarında maraqlı məqamların olması diqqətimizi çəkdi. Bu ətrafda apardığımız araşdırmalar zamanı məlum oldu ki, mübahisəli ərazi vaxtilə eks spiker Rəsul Quliyevə məxsus olub. Rəsul Quliyevsə öz növbəsində digər əmlakları kimi bu əraziləri də yaxın ətrafının adına sənədləşdirib. Rəsmi sənədlərdə adı çəkilən şəxs dünyasını dəyişəndən sonra müəmmalı hadisələr baş verməyə başlayıb.
“Biraz da döz, döz Fatma xanım. Pullarını qaytaracam”…
Özünü Rəsul Quliyevin aşbazı kimi təqdim edən Cahangir Quliyev adlı şəxs Fatma Yolçuyeva ilə birləşərək, əlillərin əmlakını mənimsəməyə cəhd edirlər. Bu həmin Fatmadır ki, Bakı şəhərində böyük məbləğlərdə faizə pul vəsaitləri verdiyi üçün “sələmçi Fatma” titulunu qazanıb. Nə sirrdirsə, Fatma Yolçuyeva hüquq mühafizə orqanlarında araşdırılan bütün işlərdən “qalib” kimi ayrılır. Fatma Yolçuyevanın böyük kapitala malik olması Cahangir Quliyevin diqqətindən yayına bilməzdi. İllərdir uzanan məhkəmə proseslərində saxta yollarla sənədlər əldə etmək üçün Fatma Yolçuyevanın maddi imkanlarından və bu imkanlar hesabına əldə etdiyi “iri çaplı məmur dostlar”ından yetərincə istifadə olunub. İddialara görə ümumi proseslərə xərclənmiş pulların müqabilində mübahisəli ərazinin böyük bir hissəsi Fatma Yolçuyevaya çatacaq. Məhkəmə proseslərinin illərlə uzanması deyəsən Fatma Yolçuyevanın əsəblərini tarıma çəkib. Belə ki, son məhkəmə proseslərində “sələmçi xanım” Cahangir Quliyevdən aşkar şəkildə faizə verdiyi pulları tələb edir. Cahangir Quliyev isə müxtəlif bəhanələr gətirərək, biraz da dözməyi təklif edir.
Rəsul Quliyev, Cahangir Quliyev və Fatma Yolçuyeva. “Bermud üçbucağı”nı birləşdirən şərtlər…
Baş verənləri təhlil edərkən belə nəticəyə gəlmək olur ki, Rəsul Quliyevin ölkədəki dayaqları hələ də sarsılmayıb. Onun Bakı şəhərində qoyub getdiyi əlakların üzərində baş verən qalmaqallar birinci dəfə deyil ki, ictimailəşir. Bu qalmaqallar zamanı hər dəfə “döyüş meydanı”nda müxtəlif simaları müşahidə edirik. Rəsul Quliyevlə sələmçi qadının iş birliyinin ilk dəfədir ki, şahidi oluruq. Görünür F. Yolçuyeva ilə birbaşa təmasdan ehtiyat edən R. Quliyev C. Quliyevi də oyuna qatmağa məcbur olub. Hüquqi prosesləri yemək bişirməklə səhv salan “aşbaz” isə deyəsən mətbəxlə məhkəmələri dəyişik salıb. Sənədlərin saxtalaşdırmasının dozasını o qədər yüksək edib ki, məhkəmələr də ədaləti müəyyən etməkdə çətinlik çəkirlər. Maraqlıdır, eks spiker R. Quliyev məhkəmə sistemindəki dayaqlarından istifadə edərək, əlillərin əmlakını mənimsəməkdə israrlı görünür, yoxsa F.Yolçuyevanın pilları qanunları üstələyir?!… Hər iki halda “bermud üçbucağını”nın gücü göz qabağındadır. Zavallı əlillər isə hər yerdən əllərini üzərək, Allahdan imdad istəyirlər.
Mövzu ətrafında araşdırmalarımız davam edir. Məqalədə adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

GundemXeber.Az

Həmçinin oxuyun

Yollar açıldı, hotellərdə yer yoxdur

Məlum olduğu kimi, yanvarın 25-dən rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunub. Nazirlər Kabineti yanında Operativ …