Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Rəşad Məmmədovun həbsinin şok detalları – istintaq işində Əli Əsədovun da adı keçir

Rəşad Məmmədovun həbsinin şok detalları – istintaq işində Əli Əsədovun da adı keçir

Bayraq Meydanı rəisinin qandallanması və 1 il türmədə qalması barədə yeni bilgilər üzə çıxıb; sabiq rəisin saxlanması üçün general Sübahir Qurbanov Eldar Mahmudovdan əmr alıbmış…

 

Ləğv edilmiş Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun həbsi 2015-ci ilin ən səs-küylü hadisələrindən biri idi. Dələduzluqda və vətəndaşa külli miqdarda zərər vurmaqda təqsirləndirilən Rəşad Məmmədov 1 ildən artıq həbsdə qaldı. Onunla birlikdə yaxın adamı İsfəndiyar İsfəndiyarov da həbs edilmişdi. Hər ikisi ötən ilin iyun ayında Bakı Ağır Cinayətlər Məhkəməsindən azadlığa buraxıldı. 


Rəşad Məmmədovdan şikayət

Musavat.com xəbər verir ki, sabiq rəis R.Məmmədov Bakı sakini Zabil Salmanovun şikayəti əsasında həbs edilmişdi. Obyektinin qanunsuz olaraq ələ keçirilməsi ilə bağlı ləğv edilmiş MTN-ə müraciət edən Z.Salmanov Rəşad Məmmədovun həbsinə nail olmuşdu.
R.Məmmədov həbs edildikdən sonra Salmanova dəymiş zərər ödənildi. Ancaq məhkəmə proseslərində Rəşad Məmmədov həbsinin sifarişlə olduğunu dilə gətirmədi. Çünki onu o zaman at oynadan, kiminsə adını dilinə gətirməkdə ehtiyat etdiyi MTN həbs etmişdi. Və həbsdə olduğu müddətdə də MTN-in təcridxanasında saxlanılırdı. Heç yaxınları da onun MTN tərəfindən sifarişlə həbs edildiyini deməyə qorxurdu.
Image result for Rəşad Məmmədov
Ancaq MTN-in ləğvi sabiq rəisin həbsinin gizli detallarını açdı. Eldar Mahmudov və çetesinin vəzifədən uzaqlaşdırılması, bir çox MTN zabitlərinə qarşı açılmış cinayət işinin materiallarından aydın olur ki, Rəşad Məmmədov həqiqətən də sifarişlə həbs edilib. Bu sifariş isə yuxarı dairələrdən gəlib. Elə Rəşad Məmmədov həbs edilən ərəfədə də belə fikirlər dolaşırdı ki, onun həbsi hakimiyyətdə olan dairələrin savaşının nəticəsidir.

Image result for MTN  Zabitləri


MTN zabitləri ilə çay söhbəti

Bütün bu həqiqətləri isə R.Məmmədovdan şikayətçi olan “VİB” MMC-nin təsisçisi və rəhbəri Zabil Salmanov istintaqa danışıb.
Sensasion sayıla biləcək bu etirafda Z.Salmanov bütün gizlinləri etiraf edib. Hətta bu həbsdə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun da adını çəkib.
Z.Salmanov ifadəsində deyib ki, onu R.Məmmədovdan şikayətçi olmağa MTN generalı Sübahir Qurbanov məcbur edib.
Z.Salmanov söyləyib ki, İtaliya, Almaniya və Türkiyədən geyim əşyaları gətirərək “Euromoda”, “Ramsey”, “Faiq Sönməz”, “Enjoyment” mağazaları şəbəkələrinə satıb.
Z.Salamnovun şirkətinin icraçı direktoru Azər Zakirov 2015-ci ildə Türkiyədən qayıdanda MTN-ə aparılıb. Z.Salmanov dostunun axtarışına çıxıb. Amma o, dostunu tapmamış, MTN onu tapıb və çay içməyə dəvət edib.
Digər “qurbanlar” kimi onu da nazirliyin yanındakı “Sultan” kafesinə çağırıblar. Z.Salmanov onu saxlayan MTN generalı Fizuli Əliyevə “qardaşınız Elşənlə dostam” deyərək canını qurtarmaq istəyib. Fizuli Əliyev isə deyib ki, bu dostluğa görə onu maskalıların iştirakı ilə gətirməyiblər.
Image result for 3 milyon manat

3 milyonluq tələb, 2 milyonluq güzəşt

Görüşdə Salmanova deyiblər ki, şirkətinin ofisində axtarış aparılacaq. MTN əməkdaşları axtarış zamanı ofisdən sənədləri, noutbukları və kassadan 248.950 avro, 23.000 ABŞ dollar və 20 min manatı götürüblər.
MTN-də saxlanılan Salmanovdan digər sahibkarlardan tələb olunduğu kimi pul tələb olunub. Fizuli Əliyev ondan 3 milyon manat tələb edib. Bu qədər pulunun olmadığını deyəndə, ona 2 milyon güzəşt ediblər.
Pulu verməyəcəyi təqdirdə həbs ediləcəyi, qadınlarla münasibətdə olması ilə bağlı məlumatlarla onu rüsvay edəcəklərini deyiblər. Z.Salamnov deyir ki, bu təkliflə razılaşmaq məcburiyyətində qalıb.
Image result for Əli Əsədov
Pulun 337 min manatını verən Z.Salamanov qalan məbləği ödəmək üçün vaxt istəyib. Daha sonra 100 min də ödəyən Z.Salmanov general Sübahir Qurbanovun müavini Füzuli Əliyevlə növbəti dəfə görüşüb. Və ona deyib ki, hələ ki, bu qədər pulu verməyə imkanı yoxdur.
“Fizuli Əliyev həbsimi Əli Əsədovun sifariş verdiyini və onun nazir Eldar Mahmudovla dost olduğunu dedi. Sifarişin səbəbi isə mənim Bakı şəhəri Nizami küçəsi 44 saylı ünvanda yerləşən, sahəsi 266 kvadrat metr olan ticarət obyektimi ”Azimport” MMC-yə satmaqdan imtina etməyim imiş. Mən bununla bağlı həmin şirkətin rəhbəri Azər Əsgərovla görüşdüm, o, mənim həbsimdə maraqlı olmadıqlarını dedi”- deyə Z.Salamov ifadəsində göstərib.
Ancaq zərərçəkmişin bu dediklərində aydın olmayan bir məqam var. O qeyd edir ki, “Azimport”a obyektini satmadığı üçün guya Əli Əsədovun şikayəti əsasında həbs ediləcək. Bunu ona MTN əməkdaşları deyib. Amma sonradan MTN-də ondan Rəşad Məmmədovun əleyhinə izahat alıblar. Elə bu izahatla da R.Məmmədovu həbs ediblər. Görünür elə qeyd etdiyimiz kimidir ki, Rəşad Məmmədovun həbsi hakimiyyət daxilindəki dairələrin savaşının bir hissəsidir. Əgər belə deyilsə, niyə Zabil Salmanov MTN-ə çağırılır və ona xəbərdarlıq edilir ki, “obyektini Rəşad Məmmədovun şirkətinə sat”. Amma bir neçə gündə rollar dəyişir və Salmanovun şikayəti ilə Rəşad Məmmədov həbs edilir…


“Bunu podvala salın, ağlı başına gəlsin”

Bu söhbətlərin davamında MTN zabiti Fizuli Əliyev Z.Salmanova deyib ki, “Azimport” şirkətinə qarşı şikayət ərizəsi yazmalıdır. Əks halda özünü tutacaqlar:
“Sübahir Qurbanov məni otaqdan çıxarıb nazir Eldar Mahmudovla danışacağını dedi. Natiq Alıyev məni öz otağına aparıb ”həyatın məhv olacaq” dedi. Həmin gün məni bir neçə dəfə Sübahir Qurbanovun otağına aparsalar da, razılaşmadım. Axırda o, “bunu podvala salın, ağlı başına gəlsin” deyərək kiməsə zəng edib bütün mağazalarımın bağlanması haqqında göstəriş verdi. MTN əməkdaşları məni aparanda general da hədələyirdi. Mən “podval”a çatmamış fikrimi dəyişdim, “Azimport”un əleyhinə yazılmış ərizəyə imza atdım. Bundan sonra Sübahir Qurbanov mənə “artıq sənin bizə heç bir borcun yoxdur. Heç kim səndən pul vəsaiti tələb edə bilməz” dedi. Mən “Azimport” şirkəti tərəfindən mənə 600.000 manat pulun və H.Cavid prospektində yerləşən sahəsi 100 kvadratmetr olan obyektin tikilib verilməli olduğunu qeyd etdim. Şirkət 600.000 manat pulu mənə versə də, obyekti tikib təhvil vermədilər”.
Rəşad Məmmədov zərərçəkmiş olsa da, nədənsə MTN işi ilə bağlı açılan cinayət işinin istintaqında dindirilməyib. Amma onunla birlikdə həbs edilən İsfəndiyar İsfəndiyarov şahid kimi dindirilib.
Image result for Məhkəmə


Rəşad Məmmədovun susqunluğu

2015-ci ilin may ayında MTN tərəfindən saxlanıldığını deyən İ.İsfəndiyarov orada ona Z.Salmanovun şikayət ərizəsinin göstərildiyini deyib. O da Rəşad Məmmədov kimi məhkəmə istintaqı müddətində 1 il 1 ay 8 gün müddətində MTN-in istintaq təcridxanasında saxlanılıb.
Həbsinin səbəbləri və sifarişçilər haqda məhkəmədə danışmaq istəməyən Rəşad Məmmədov məhkəmə zalından azadlığa buraxılarkən də jurnalistlərin suallarını cavablandırmaq istəməmişdi.
Qeyd edək ki, S.Qurbanov Z.Salmanovdan ifadəni 2015-ci il mayın əvvəlində alıb. Dövlət Bayraq Meydanının sabiq rəisi Rəşad Məmmədov isə həmin il mayın 4-də vəzifəsindən çıxarılıb və mayın 14-də həbs edilib. R.Məmmədov 2016-cı il mayın 20-də, MTN ləğv edildikdən sonra məhkəmə zalından azadlığa buraxılıb.
Onu da bildirək ki, Rəşad Məmmədov həbs edildikdən sonra onun rəisi olduğu Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi ləğv edildi. Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək Dənizkənarı Bulvar İdarəsi yaradılıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın