Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “Quduz it” ləqəbli generalın yeni təyinatı Rusiyanı əndişələndirib – FOTOLAR

“Quduz it” ləqəbli generalın yeni təyinatı Rusiyanı əndişələndirib – FOTOLAR

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp yeni müdafiə nazirinin adını açıqlayıb. Bu istefada olan general, hərbçilər arasında “quduz it” ləqəbi ilə məşhur olan Ceyms Mettisdir.
Lakin general Mettisin təyinatı yolunda formal əngəllər də mövcuddur. Qanuna görə, Pentaqon rəhbərliyinə həqiqi hərbi xidməti ən az 7 il öncə başa vuran şəxs təyin oluna bilər. Lakin bu, Tramp üçün ciddi əngəl sayıla bilməz. ABŞ-ın qanunvericilik orqanın hər iki palatasına onun partiyası nəzarət edir.
Donald Tramp general Mattisin təyinatı barədə Sinsinati şəhərində tərəfdarları qarşısında çıxış edərkən xəbər verib. “Biz “Quduz it”i, Mettisi müdafiə naziri təyin edəcəyik,” – deyərək, Tramp hətta generalın ləqəbi ilə zarafat edib.
Siyasi müşahidəçilər Mettisi təyin etməklə Trampın olduqca düşünülmüş addım atdığına diqqət çəkirlər. Çünki Ceyms Mettis Trampı sevməyən və qəbul etməyən respublikaçılar və demokratlar arasında xüsusi nüfuza malikdir.
Картинки по запросу ABŞ generalı Ceyms Mettis
Məsələn, respublikaçı senator Con Makkeyn generalı “öz nəslinin ən yaxşı hərbçilərindən biri” hesab edib. Demokratlar Partiyasından Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsinin sədri Adam Şiff də Mettisin təyinatını əla seçim olduğunu bildirib.
Ceyms Mattis ABŞ dəniz piyadaları korpusunda həyatının 41 ilini keçirib. ABŞ-ın “Military Times” məcmuəsinin yazdığına görə, bütün bu illər ərzində Mettis haqqında pis fikir yürüdən bir hərbçini belə, tapmaq mümkün deyil.
Mettisin ulduzu 2001-ci ildə Əfqanıstanda parlayıb. Həmin vaxt o, ABŞ dəniz piyadalarının 15-ci ekspedisiya korpusuna rəhbərlik edib. Mettisin tətbiq etdiyi taktika sayəsində ABŞ ordusu bir həftə ərzində taliblər tərəfindən nəzarət olunan Qəndəhar şəhərinə desant çıxara bilib.
Mettis əməliyyat başa çatan kimi göndərdiyi raportda “Dəniz piyadaları artıq mövqelərini möhkəmləndrib. İndi bizim Əfqanıstanda torpaq parçamız var” – deyə yazıb. Doğrudur, generalın bu sözləri dövrün müdafiə naziri Donald Ramsfeldin heç xoşuna gəlməyib. Çünki Ramsfeld buna görə KİV qarşısında “ABŞ-ın torpaq işğal etməyə deyil, Əfqanıstanı talibanın tiranlığından azad etməyə gəldiyini” söyləməyə məcbur olmuşdu.
Картинки по запросу general Mettis
Lakin bu, general Mettisin sonuncu sayıqlaması olmayıb. 2005-ci ildə CNN-in efirində onun əfqanlar haqqında danışarkən sərf etdiyi “son beş ildə qadınları çadra ilə gəzməmək üstündə döyən adamları güllələmək çox əyləncəlidir” sözləri böyük hay-küy yaratmışdı.
İş yoldaşları general Mettisin hərbi əməlyyatlardan olduqca zövq aldığını qeyd edirlər. Əfqan kampaniyasının iştirakçısı leytenant Nataniel Fink xatirələrində generalın taliblərin gecə hücumları zamanı əsgərləri ilə birlikdə səngərdə olduğunu yazır. Elə ona görə general burada Xaos, Quduz it və Döyüşçü-monax ləqəblərini alıb. Sonuncu ləqəb generala onun ömürboyu evlənmədiyinə və övladları olmadığına görə verilib.
Bundan başqa Mettis mütailəyə əsl vurğunluğu ilə də seçilib. Generalın hərbi-siyasi ədəbiyyatla bağlı kitabxanasında 7 min kitab var. “Məhz çox oxumaq sayəsində məni heç vaxt qəfildən yaxalaya bilməyiblər. Tarixi anlamağın əsl həqiqəti ondan ibarətdir ki, Günəşin altında ümumiyyətlə, heç bir yeni bir şey baş vermir”, – deyə general qeyd edir.
Ceym Mettisin siyasi baxışları o qədər də bəlli deyil. ABŞ generalı danışmaqdan daha çox döyüşməyə üstünlük verib.
Maraqlıdır ki, onun xarici siyasətdə bəzi söyləmləri Trampın fikirləri ilə ziddiyyət təşkil edir. Mettis Yaxın Şərqdə ən böyük təhdidin İran olduğunu söyləsə də, 2015-ci ildə imzalanan “nüvə sazişi”nin ləğv olunmasının əleyhinədir.
Картинки по запросу general Mettis
General Mettis Donald Trampın NATO-nun heç bir işə yaramadığı barədə söylədiyi fikirləri də dəlilik adlandırıb. Bundan başqa ABŞ-ın yeni müdafiə naziri Rusiyanı Ukraynanın şərqində törətdiyi əməllərə görə sərt tənqid etməsi ilə tanınır.
Mettis prezident Barak Obamanı Moskvaya qarşı qətiyyətsiz davranmaqda ittiham edən hərbçilərdən biridir. Mettis Vaşinqtonun Yaxın Şərq üzrə bütöv bir strategiyasının olmadığını, bu səbəbdən də burada baş verən problemləri səmərəsiz şəkildə həll etməkdə ittiham edib.
Siyasi ekspertlərin fikrincə, Mettisin təyinatından Rusiya üçün xeyirli heç nə gözləmək olmaz. Trampın ABŞ Müdafiə Nazirliyinə mülki deyil, məhz döyüşkən səhra komandirini təyin etməsi bir çox mətləblərdən xəbər verir.
Картинки по запросу kreml
Mettisin təyinatına Rusiyadan müxtəlif reaksiyalar gəlib. Rusiyanın “Hərbi proqnozlaşdırma mərkəzi”nin rəhbəri, Hərbi Elmlər Akademiyasının müxbir-üzvü Anatoli Tsıqanokun fikincə, Kremlin ABŞ-ın yeni müdafiə nazirindən ehtiyatlanması üçün kifayət qədər əsas var. Tsıqanok bu mənada “yaxşı və pis polis” nümunəsini gətirir.
“Yaxşı polis İŞİD-lə mübarizənin Rusiya ilə birlikdə aparılmasını təklif edən Mərkəzi Kəşfiyyat İdarəsinin gələcək direktoru Maykl Pompeodur. Pis polis isə Rusiyaya qarşı sərt mövqeyi ilə seçilən Ceyms Mettisdir.
Politoloq Aleksandr Xramçixinin fikrincə, Mettisin təyinatından Rusiyanın qorxması əbəsdir: “Sadəcə ona görə ki, siyasi qərarları müdafiə nazirləri deyil, prezidentlər qəbul edir”.
“Əgər Klinton hakimiyyətə gəlsə idi, bu, məni həyəcanlandıra bilərdi”, – deyə Xramçixin BBC-nin Rusiya xidmətinə verdiyi müsahibəsində qeyd edib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın