Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Qoşqar Təhməzlinin xaricdə biznesi var?

Qoşqar Təhməzlinin xaricdə biznesi var?

Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin 4 xarici ölkədə biznes şəbəkəsinin olması ilə bağlı məlumatlar yayılıb. “ Azinforum.az ” ın “Yeni Müsavat”a istinadən xəbərinə görə, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, Qoşqar Təhməzli 2018-ci ilin yanvarından bu ölkədə hamam xalatları, aksesuarları satır: “Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan cənab Təhməzlinin Slovakiyadakı Saffran S.R.O. şirkəti hotel və mehmanxanaları tekstil və hamam aksesuarları ilə təmin edir (şirkətin saytı: http://saffran.sk).

Agentlik rəhbərinin Bratislavada şirkətin məhsullarını təqdim edən satış mərkəzi də fəaliyyət göstərir. Şirkət 5000 avro nizamnamə kapitalı ilə Bakı şəhəri Orucəliyev küçəsi 9/12, mənzil 40-da qeydiyyatda olan Təhməzlinin öz adına rəsmiləşdirilib. 25 dekabr 2017-ci ildə cənab Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edildikdən sonra Slovakiyadakı biznesini yaxın adamı olan Cavidan İmanovun adına keçirmək qərarına gəlir. 2018-ci il iyulun 3-də Saffran S.R.O. Belarus vətəndaşı, Minsk sakini Svitlana Palamarchukun (20%) və Cavidan İmanovun (80%) adına keçirilir”.

O qeyd edib ki, Saffran S.R.O.-nun fəaliyyəti Slovakiya ilə məhdudlaşmır: “Təhməzlinin şirkəti Avropa şirkəti adı ilə Ukrayna bazarına da daxil olub. Nizamnamə kapitalı 21 milyon Ukrayna qrivnisi olmaqla bu ölkədə də qeydiyyata alınan şirkətin Ukraynadakı ofisi Solomensky, Vadim Hetman küçəsi 27 ünvanında yerləşir və Palamarchuk Svetlana Valentinovna tərəfindən idarə olunur. Təhməzlinin Gürcüstanda Universal Medikal Group şirkəti fəaliyyət göstərır. Şirkət 2011-ci il dekabrın 22-də Tiflisin regional Bako Saburtalo vergi müfəttişliyində B11184596 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Şirkətin 50 faizlik hissəsi agentlik rəhbərinə, 50 faizlik hissəsi isə Türkiyə vətəndaşı Oqtay Öztürkə aiddir.

Cənab Təhməzlinin Türkiyədə də biznesi var.

Agentlik rəhbəri “Tosgo group medikal inşaat ve turizm sanayi ticaret limited şirketi”ni hələ 2014-cü il mayın 5-də İstanbulda qeydiyyatdan keçirib. Şirkət tibbi avadanlıqların, kosmetik vasitələrin və tekstil məhsullarının istehsalı və satışı ilə məşğuldur.

Azərbaycanda da Qoşqar Təhməzlinin biznesi var.

Bakı şəhəri Molla Cümə küçəsi 103b -də yerləşən Medeks Ltd 2006-cı ildən fəaliyyətdədir.

Qoşqar Təhməzlinin daha öncəki vəzifələrinə gəlincə isə vikipediya məlumatlarında qeyd edilir ki, o, 1994-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb.  1995-1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997-2004-cü illərdə qidalanma şöbəsinin müdiri, 2004-2005-ci illərdə “Nəbz” Tibb Mərkəzinin baş direktoru, 2008-2016-cı illərdə isə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb.

Müxtəlif tibbi layihələr həyata keçirən Q.Təhməzli ölkə hüdudlarından kənarda da geniş fəaliyyət göstərib. Qeyd edilir ki, 2012-ci ildə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında “Ən yaxşı top-menecer” adına layiq görülüb.

1992-ci ildə Azərbaycanın azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak edib, “Müharibə veteranı” statusuna layiq görülüb.

25 dekabr 2017-ci ildə Prezidentin sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.

Hüquqşünas Əsabəli Mustafayev bildirib ki, məmurların bizneslə məşğul olması qanunla qadağandır:“Biznes bizdə həmişə korrupsiya ilə əlaqələndirilir. Hesab edirlər ki, şəxsin özünün vəsaiti bəs etməz ki, iri kommersiya strukturu qursun. Böyük vəsaiti isə ancaq düşünürlər ki, korrupsiya yolu ilə əldə etmək olar. Şəxsin iş qurmasında nə qədər ki, qanun pozuntusu aşkar edilməyib, onu nədəsə ittiham etmək hüquqi cəhətdən düzgün deyil. Ona görə də hansısa ittihamı irəli sürə bilmərəm. Bunun üçün hüquqi faktlar olmalıdır. İnsanlar var ki, bacarıqlıdır və biznes şəbəkəsi qura bilib, yaxşı pullar qazanıblar. Onların bəziləri ilə fəxr edirik ki, azərbaycanlıdırlar və belə işlər qurublar. Yəqin ki, Qoşqar Təhməzli məsələyə şərh verəcək. Məsələnin müvafiq qurumlar tərəfindən araşdırılmasına gəlincə isə burada da fərqli məqamlar var. Şəxs dövlət məmurudursa, əlbəttə ki, dövlət orqanının marağındadır ki, müəyyən məlumat əldə etsin. Araşdırma üçün gərək hansısa şübhəli məqamlar olsun. Yoxsa kefin istədiyindən nəyisə araşdıra bilməzsən. Bu, düzgün yanaşma deyil.

Əsas, şübhə olmadan araşdırma aparmaq, yoxlama etmək korrupsiyaya yol açan əlamətdir. Ona görə də hesab edirəm ki, əsassız yoxlamaları dayandırmaq lazımdır. Bütün dünyada bir qayda var ki, korrupsiya ilə əlaqədar əsaslı şübhələr olduğu halda araşdırma başlanılır. Şübhə yoxdursa, pulu, şirkəti olanı da yoxlamaq doğru yanaşma deyil. Ona görə də ciddi fakt yoxdursa, Qoşqar Təhməzlidən də izahat tələb etmək doğru deyil. Şübhə varsa, bunun korrupsiya, çirkli pullarla bağlı olmasını təsdiq edən fakt mövcuddursa, o zaman araşdırma başladıla bilər”.
 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …