Ana səhifə / Araşdırma / Qida Təhlükəsizliyi Agentliyi Azərbaycanda “leş mafiyası”na qalib gələ biləcəkmi?..

Qida Təhlükəsizliyi Agentliyi Azərbaycanda “leş mafiyası”na qalib gələ biləcəkmi?..

Son bir neçə ay ərzində ölkədə murdar, qida üçün yararsız leş ətləri tez-tez aşkarlanır. “Leş mafiyası” tərəfindən bütün rayonlardan daşınaraq paytaxta gətirilən at-eşşək, ölmüş mal-qara əti əsasən kolbasa və sosiska sexlərinə verilir, ya da sağlam qida kimi bazarlara çıxarılır. Sonuncu belə fakt yanvar ayının 24-də Qusar sakinləri Bakıya 1 tona yaxın xəstə və yaşlı at ətini gətirərkən aşkarlanmışdı.

Aşkar edilən ətdən götürülən nümunələrin laborator müayinəsi zamanı məlum olub ki, bu ətlər isitifadəyə tam yararsız olmaqla bərabər, insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Araşdırma zamanı saxlanılan şəxslərin Qusar, eləcə də ətraf bölgələrdən əldə etdikləri xəstə atları kəsərək, iribuynuzlu mal əti adı altında Bakı şəhərində satışını təşkil etdikləri ortaya çıxıb.

Bundan bir neçə gün əvvəl, yanvar ayının 12-də Xaçmaz rayonunda da oxşar hadisə baş vermişdi. Avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmayan 90 kiloqram at əti Daxili İşlər Nazirliyi və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Bu mənşəyi məlum olmayan leş ətlərinin hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb məhv edilən hissəsidir. Aşkar edilməyən daha böyük hissəsi isə gizli yollarla bazarlara çıxarılır və kafelərdə, restoranlarda, bazar və mağazalarda dönər, kabab, kolbasa, sosiska kimi bizim qarşımıza çıxır. Ölkədə leş əti mafiyasının qarşısını almaq üçün illərlə mübarizə aparılsa da, kökünü kəsmək mümkün olmayıb.

Leş əti uşaq bağçalarına qədər gedib çıxır…

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov virtualaz.org-a açıqlamasında bu ətlərin hətta uşaq bağçalarına, körpələr evinə qədər gedib çıxdığını deyir.

“Düşünürəm ki, ölmüş heyvan ətləri ilə bağlı məsələni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi araşdırmalıdır. Çünki ən uğurlu işi onlar aparırlar. Baytarlıq Nəzarəti Xidməti belə ət gətirənləri 200 manat cərimə edir və buraxır. Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi deyir ki, at, eşşək, hətta it əti də satmaq olar, bir şərtlə ki, üzərində nə əti olduğu yazılsın. Bunlar anormal hallardır, dövlət orqanlarının bu məsələyə birmənalı baxışı yoxdur. Bizim ilkin məlumatımız göstərir ki, bunlar uşaq bağçalarına, restoranlara hər yerə ayaq aça bilir”, – deyə Eyyub Hüseynov qeyd edir.

Ekspert deyir ki, ən acınacaqlı məqam hələ indiyə qədər bu ətlərin Bakıdakı sifarişçilərinin müəyyənləşdirilməməsidir: “Hələ indiyə kimi bu ətlərin sifarişçiləri tapılmayıb. Həmin məsələ məni çox narahat edir. Bu problem ayrıca Daxili İşlər Nazirliyinin və ya Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə DİN-in səlahiyyətinə verilsə yaxşı olar. Əks halda, problem öz həllini tapmayacaq. Çünki Qida Təhlükəsizliyi Agentliyi bu məsələnin öhdəsindən tək gələ bilməz”, – deyə E.Hüseynov bildirir.

Baytarlıq Nəzarəti Xidməti cərimələyir, amma…

Leş ətinin mütəmadi olaraq aşkarlanması Dövlət Baytarlıq Nəzarəti Xidmətini də narahat edir. Xidmətdən virtualaz.org-a verilən rəsmi məlumata görə, təkcə bu ilin yanvar ayı ərzində 2 tondan artıq belə yararsız və təhlükəli ət aşkarlanıb.

“2018-ci ilin yanvar ayı ərzində 2 ton 100 kq-dan artıq belə təhlükəli ət aşkarlanıb. 2017-ci il ərzində Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən bazarlarda, kəsim sexlərində 1 milyon 188 min 589 müayinə aparılıb. 11 min 746 kq mal, qoyun, donuz, 36 min 907 kq iri və xırda buynuzlu heyvanların daxili orqanları, 3593 kq balıq, 5988 litr süd və süd məhsulları, 15 min 108 yumurtanın insan qidalanması üçün təhlükəli olduğu aşkarlanıb. 15 min 568 kq mənşəyi məlum olmayan, yararsız, şübhəli heyvan əti, o cümlədən, 4 min 941 kq at əti və yararlılıq müddəti bitmiş 40 min 135 kq kolbasa və sosiska məhsulları aşkarlanıb. Müvafiq ekpertizanın əsasında bunların insan qidası üçün təhlükəli olduğu müəyyənləşdirilərək zərərsizləşdirilib”, – deyə DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli virtualaz.org-a açıqlamasında bildirib.

Leş ətlərinin sifarişçilərinin müəyyənləşdirilməsinə gəlincə isə, xidmət rəsmisi deyir ki, bu hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir: “Biz belə hallar aşkarlayanda cərimə edirik. Məsələn, İnzibati Xətalar Məcəlləsinə görə, leş əti aşkarlanan şəxslər 200-300 manat cərimə olunur. Baytarlıq sənədlərinin tələblərinə cavab verməyən, yoluxucu xəstəliklər aşkarlanan ətlər aşkar edildikdə, vəzifəli şəxslər 500-600, hüquqi şəxslər 1500-2000 manat cərimə olunurlar. Amma bu ətlərin sifarişçilərinin aşkarlanması və onlara qarşı tədbirlər görülməsi hüquq-mühafizə orqanlarının işidir”.

Qida Təhlükəsizliyi Agentliyi “leş mafiyası”na qalib gələ biləcəkmi?

Problem təkcə leş əti ilə bağlı deyil, həm də ölkədə qida təhlükəsizliyi ilə əlaqədar ciddi təhlükə var. Bununla bağlı Prezident İlham Əliyevin sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bu il yanvar ayının 1-dən fəaliyyətə başlayan agentliyin leş mafiyasının qarşısını alacağına isə böyük ümidlər var. İki gün əvvəl Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında da Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasının ölkə əhalisinin sağlam qida əldə etməsi üçün vacib olduğunu vurğulamışdı: “Qida Təhlükəsizliyi Agentliyinin yaradılması çox ciddi məsələdir. Bu xüsusi qurum həm idxal olunan qida məhsullarına nəzarət edəcək ki, keyfiyyətsiz, yaxud da insan orqanizmi üçün zərərli mallar gətirilməsin, eyni zamanda, Azərbaycanda daxili bazar və həmçinin ixrac üçün kənd təsərrüfatı və emal məhsulları sağlamlığa tam fayda verəcək səviyyədə istehsal olunsun. Çünki biz qeyri-neft ixracımızı artırırıq və məhsul da keyfiyyətli olmalıdır. İndi demək olar ki, ölkələrin əksəriyyətində çox ciddi laboratoriya nəzarəti var. Əgər məhsul standartlara bir balaca uyğun deyilsə, onu heç kim almayacaq. Ona görə qida təhlükəsizliyi qurumu, ilk növbədə, ölkə əhalisinin sağlam qida əldə etməsi və eyni zamanda, ixracımız üçün yaradılır”.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İqtisadiyyat Nazirliyinin balansından iki, Kənd Təsərrüfatı Nazirliyinin balansından səkkiz, Səhiyyə Nazirliyinin balansından bir laboratoriya Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …