Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Araşdırma / Qarabağa köçmüş rus milyonerə açılan cinayət işinin sonu nə olacaq…

Qarabağa köçmüş rus milyonerə açılan cinayət işinin sonu nə olacaq…

Mehman Muradlı: “Sterlikovun barəsində məsuliyyətə cəlb edilməklə bağlı qərar çıxarılandan sonra “İnterpol” xəttilə axtarış elan olunacaq”

“Yəqin ki, o, hadisələrin bu məcrada davam edəcəyini gözləmirdi”

İşğal altında olan Azərbaycan ərazilərinə qanunsuz olaraq keçmiş rusiyalı milyoner German Sterliqov barəsində cinayət işi başlanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və onun ailə üzvləri Ermənistan Silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarını, habelə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 4 iyul 2015-ci il tarixdə işğal olunmuş ərazilərə daxil olub. Bundan başqa, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 13 iyul 2015-ci il tarixdə Şuşa şəhərində mətbuat konfransı keçirib “V Kontakte” sosial şəbəkəsində özünə aid səhifədə məlumatlar yerləşdirərək qondarma rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına, saxta pul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar edib və qanunsuz biznes fəaliyyəti ilə məşğul olub, eyni zamanda ailə üzvlərini bu işə sövq edib.
G.Sterliqovun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq tədbirləri davam etdirilir. Bu cinayət işinin hansı perspektivi ola bilər?
Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın hüquq-mühafizə orqanları tamamilə doğru addım atıb: “Bunu hansısa müğənninin bilərəkdən və ya bilməyərəkdən işğal olunmuş ərazilərə etdiyi səfərlə eyniləşdirmək olmaz. Bilirik ki, belə hallar olanda həmin şəxslər “qara siyahı”ya salınır. Amma Sterliqovun hərəkətləri tamamilə başqa aspektə yönəlib. Yayılan rəsmi bəyanatda həmin məsələ ilə bağlı hüquqi rəy verilib. O, etdiyi hərəkətlərlə Dağlıq Qarabağda olan qondarma rejimin əsl mahiyyətini dünya ictimaiyyətindən gizlətməklə məşğuldur. Sterliqovun hazırda yaşadığı ərazi tamamilə Azərbaycana aid olduğu üçün, etdiyi bütün hərəkətlərə də ölkəmizin hüquq qanunvericiliyi prizmasından qiymət verilməlidir. Təbii ki, Sterliqovun guya işğal altında olan torpaqlarda yaşayacağı inandırıcı deyil.
Çünki orda nə biznes, nə də normal yaşayış üçün şərait var. Cinayət işilə bağlı perspektiv var.
Sterlikovun barəsində məsuliyyətə cəlb edilməklə bağlı qərar çıxarılandan sonra “İnterpol” xəttilə axtarış elan olunacaq.
Bu da, təbiidir ki, bir iş adamı kimi Sterliqov üçün əlavə problem deməkdir. Yəqin ki, o, hadisələrin bu məcrada inkişaf edəcəyini gözləmirdi”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“ŞAH”I ƏLƏ KEÇİRMƏK ÜÇÜN MƏMUR-HAKİM İŞBİRLİYİ

“Azərbaycan məhkəmələrinin qanunsuzluğa yol verməsi, sifarişlə və ya hansısa subyektiv səbəblərdən ədalətsiz qərarlar qəbul etməsi …

Bir cavab yazın