Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Araşdırma / “Qarabağ problemi həll olunsa belə, Bakı-Sumqayıt yolunun tıxac problemi çözülməyəcək”

“Qarabağ problemi həll olunsa belə, Bakı-Sumqayıt yolunun tıxac problemi çözülməyəcək”

Azərbaycanın Qarabağ münaqişəsindən sonra hazırda həlli mümkün olmayan bir problemi də var – Bakı-Sumqayıt yolu. Əslində adı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yoludur. Kasıb itinin adını gümüş qoyan kimi, biz də tıxacları kəm olmayan bu yolu belə adlandırmışıq. O yolu ki, kənarında bircə maşının dayanması da “20 Yanvar dairəsi”ndən “Xırdalan qəbiristanlığı”nadək tıxac yaranması üçün bəs edir.

Bu yolun problemləri niyə bitmir? Səbəblər çoxdur, amma mən yalnız əsas səbəbləri qeyd etmək istərdim.

Əvvəla, 
ona görə ki, yolun kənarları torpaq satmaqdan başqa heç nəyə yaramayan bələdiyyələr tərəfindən obyekt və ev tikintisi üçün müxtəlif adamlara satılıb.

İkincisi, məhz bu səbəbdən enli yolun bir neçə yerində qəfil daralmalar var. Ona görə də, məsələn, yerüstü piyada keçidlərinin enli ayaqları yolun kənarlarına yox, içinə düşür. Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun yolboyu ucaltdığı təpələri dağıtsalar da, bu problem hələ də həllini tapmayıb.

Üçüncü səbəb
 odur ki, Bakıdan gələn Sulutəpə, Hökməli və Müşfiqabad sakinlərinin evlərinə getməsi üçün bircə yol var, o da Bakı-Sumqayıt yolu üzərində yerləşən DYP-nin Ekoloji Postu ilə üzbəüzdür. Yəni yolboyu əlavə dönmə yerləri qoyulmayıb.

Tıxacın dördüncü səbəbi elə DYP-nin Ekoloji Postudur. Saatda 80-90 km sürətlə gələn avtomobillər posta çatanda qəfildən sürəti 60-a endirirlər. Halbuki ərazidə sürəti 60-a endirməklə bağlı heç bir işarə yoxdur. Ekoloji Postun əməkdaşları əslində pik saatlarda yolda tıxacı nizamlamaq üçün sürücüləri sürətlə sürməyə dəvət edə bilərlər. Lakin bu baş vermir, üstəlik, DYP əməkdaşları hərəkətin pik saatlarında hansısa avtomobilə “saxla!” əmri verməklə yolda tıxacın artması işinə öz “töhfələrini” verirlər.

Beşinci səbəb dövlət qurumlarının öz addımlarını əlaqələndirməməsidir. Məsələn, dekabrın 13-də əvvəlcədən elan olunduğu kimi, Rəsulzadə qəsəbəsinin “Hollivud” restoranından (bu restoran da az qala yolun ortasında tikilib) Baksol yoluna qədər olan hissəsi yeni asfalt örtüyü vurmaq üçün qapadılıb. Münəccim olmağa ehtiyac yoxdur, Bakıda yaşayan azərbaycanlı olmaq kifayətdir ki, biləsən – bu yol bağlanırsa, Biləcəri, Rəsulzadə və Binəqədi sakinləri evlərinə getmək üçün Bakı-Sumqayıt yolunu seçəcəklər. Abşeron Rayon İcra Hakimiyyəti isə Masazır qəbiristanlığının qarşısındakı yerüstü piyada keçid üzərinə “Yeni iliniz mübarək! sözünü yazmaq üçün məhz həmin günü və pik saatı seçir. Sanki Yeni il yanvarın 1-də yox, dekabrın 14-də gələcək.

Bu səbəblər aradan qaldırılmasa, Qarabağ problemi həll olunsa belə, Bakı-Sumqayıt yolunun problemi çözülməyəcək.

Fürsətdən istifadə edərək, biz də Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanı Yeni il münasibətilə təbrik edirik…

Cavid İSMAYIL

Azinforum.az

 

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …